Külli miqdarda dələduzluqda ittiham olunan Binəqədi qəsəbə bələdiyyəsinin sabiq sədri Aytac Əliyeva və bacısı İlknur Turkutun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
News24.az Lent.az-a istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən iclasda prokuror çıxış edib.
Prokuror çıxışında A.Əliyevanın 9 il, İ.Turkutun 8 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib. Eyni zamanda, İ.Turkut barəsində seçilmiş ev dustaqlığı ləğv edilərək, zalda həbs edilməlidir.
Xatırladaq ki, bacılar 2021-ci ildə saxlanılaraq istintaqa cəlb olunublar. Aytac Əliyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) və 320-ci (saxta sənəd hazırlama) maddələri, İlknur Turkut isə 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunur.
A.Əliyeva həbsdə, İ.Turkut isə ev dustaqlığındadır.
İttihama görə, bacılar aldatma yolu ilə bir neçə nəfərin əmlakını ələ keçirib. Onlar özlərini qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olan geniş əlaqələrə sahib şəxslər kimi təqdim edib zərərçəkmişləri qızıl alverindən yaxşı gəlir götürəcəklərinə inandırıblar. İttihamda qeyd edilir ki, bacılar 9 nəfərə qarşı 1 milyon manata yaxın dələduzluq ediblər. Amma özlərini təqsirli bilmədiklərini deyirlər.