AZ

Deputat: Gələn ilin dövlət büdcəsində makroiqtisadi göstəricilərdə artım müşahidə olunur

Bakı, 14 noyabr, AZƏRTAC

Gələn ilin dövlət büdcəsində makroiqtisadi göstəricilərdə artım müşahidə olunması sevindiricidir.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin deputatı Elnur Allahverdiyev parlamentin 2024-cü ilin dövlət büdcəsi ilə bağlı noyabrın 14-də keçirilən plenar iclasında səsləndirib.

Büdcənin sosialyönümlü olmasına xüsusi diqqət yetirildiyini diqqətə çatdıran deputat bildirib ki, büdcədə sosial yönümlü xərclər 43 faiz təşkil edir. Onun sözlərinə görə, gələn il sosialyönümlü xərclərin cari ilə nisbətən 1 milyard 35 milyon manat və ya 7 faiz çox olması nəzərdə tutulur.

Büdcəyə qeyri-neft sektoru üzrə vergi daxilolmalarının artmasını müsbət hal kimi dəyərləndirən E.Allahverdiyev qanun layihəsinin şəffaf olduğunu, burada real artım, məqbul inflyasiya və digər vacib amillərin qorunduğunu qeyd edib.

Deputat vurğulayıb ki, cari ildə Milli Məclisin qəbul etdiyi qanunların yeni ildən qüvvəyə minməsi öz müsbət təsirini göstərəcək. Sahibkarlıq, əmlak və torpaq vergisi üzrə güzəştlərlə bağlı danışan deputat kənd təsərrüfatı məhsullarının istehsalının 8-10 faiz artacağını müsbət hal kimi qeyd edib.

“Müharibə, hərbi əməliyyatlar başa çatsa da, müdafiə, təhlükəsizlik vacib amil olaraq qalır. Biz bütün istiqamətlərdə səylərimizi davam etdirməliyik”, - deyə Elnur Allahverdiyev vurğulayıb.

Seçilən
727
50
azertag.az

10Mənbələr