AZ

Azərbaycan Kinosunun Daşbulaq RENESS/ANS-ı

Azərbaycan kinosu XXI-ci əsrin əvvəllərində klassik qaydaların reviziyası və yeni tam şəraitsizlik vəziyyətində yenidənqurma dövrünə qədəm basıb. Artıq Azərbaycan kinosunun qoca Afina və ya Hermes bütlərini ümumiyyətlə tanımayan yeni kino fidanları hökumət piyində hazırlanmış ittifaq qovurmalarından dadmayan yeni nəsil olduğundan tam sərbəst və azaddır və bu səbəbdən yaradıcılıqla məşğul olmaq istəyir və bunu müvəffəqiyyətlə edir.Ümumiyyətlə, Azərbaycanfilm və Azərbaycan kinosu 1990-cı illərdə vəfat etdi desək, yanılmarıq, düşünürəm. O zamanlar artıq filmlər Azərbaycanın bədii irsi deyil, Azərbaycanfilm mühasibatlığında həm ziyarət, həm ticarət üçün “rasimləşdirilməyə” başladı. Bundan sonra, rəhmətə getmiş Azərbaycan kino korifeylərinin qəbiristanlığında biri-birindən ölü filmlər peyda olaraq Rza Təhmasib, Həsən Seyidbəyli, Tofiq Tağızadənin son fatihəsini oxudular. Belə ki, artıq “perestroyka”ya uğramış Azərbaycanfilmin həyətində qocalar evi yaranmağa başladı. Buna etiraz edən, hələ də nəfəs alan kino vurğunları domino daşları ilə vuruldu və pürrəngi xoruz pipiyi çay stəkanında batdılar. Necə deyərlər, Atları qırmağa başladılar ki, Kinoloqların bayramı olsun!Amma 1898-ci ildən inkişafda olan Azərbaycan kinosunu bu minvalla öldürmək mümkün olmadı. Azərbaycanfilmdən kənarda kino istehsalı başlandı və sahədə yeni tumurcuqlar əmələ gəldi. Məzəli mənzərə yarandı – çürüyən köklərin üzərində yeni fidanlar püxtələşdi. Hökümət, Azərbaycanfilmi, yəni kinomuzun “köklər”ini suvarmaq yerinə, hər il 1 milyon manata yaxın vəsaiti cüt-cüt lüzumsuz kino ittifaqlarına xərcləməkdə davam etdi. Onlar isə öz növbələrində şəxsi məsrəfləri və Azərbaycan kinosunun 3-ü, 7-si, cümə axşamları, 40-ı və ondan sonra rəhmətliyin il mərasimlərinin palatka məclislərini maliyyələşdirməsi ilə məşğul oldular. Nəhayət, illər keçdikdən sonra və Dövlət büdcəsi kino inkişafı adı ilə millionlarla azn məbləğındə talan olunandan sonra Hökumət “Keçmişdən salam” adlanan bu tammetrajlı qocalar evlərinə xərclənən maliyyəni azaltmaq üçün bu ilin sentyabrın 6-da aktrisa Şəfiqə Məmmədovanın rəhbərlik etdiyi Şuranı ləğv etdi və aktyor Rasim Balayevin “Məndə sığar iki cahan” ifadəsinə inanaraq onun rəhbərlik etdiyi İttifaqı saxladı. Rus burada deyərdi: “Pomenyali Şilo na Mılo”. Ümumiyyətlə, “Mılo”nun qələbə çalması yalnız bu sahədə deyil, son vaxtlar ölkə miqyasında təəssüf ki bir çox sürüşkən ssenarilərdə yer alır.Lakin gəlin bədxassəli məqamlardan keçid alaq xoşxassəli törəmələrə. Sizə kimdən danışım – Şəkidə tanış olduğum Urfansoy Talehdən. Bu maraqlı gənc təzəlikcə 2-ci Qarabağ müharibəsindən qayıdaraq dərhal uşaqlıqdan sevdiyi kino incəsənətinə atıldı. Özüdə tək yox – ön və arxa cəbhədə Azərbaycan uğrunda vuruşan dostları ilə. Tanışlığımızın ilk anlarından Talehin taleyini digər bir azərbaycanlının həyat yoluna oxşatdım… :) Lakin Stalinin dediyi “Tarixdə paralellər təhlükəlidir” ifadəni rəhbər tutaraq Talehlə daha yaxından tanış olmağa qərar verdim və onun dəvəti ilə hətta çəkiliş meydanına da getdim. Düşünürəm mənim həyatımda olduğu kimi bu gənclərin də Vətən qarşısında göstərdikləri şücaət müharibədə deyil, məhz ölkəmizin kino cəbhəsində, yerli məmurlarla savaşda baş verir və hələ baş verəcək. Müharibədə vuruşmaq olduqca asan bir təşkilatdır – maksimum sənin iki düşmənin ola bilər – biri qarşında dayanan düşmən, biri arxada olan satqın və ya ibnə. Amma XXI-ci əsrin Azərbaycan kinosu və əlaqəli məmurların arasında ilk baxışdan düşmən yoxdur və ola bilməz, hamısı el oğulları və qızlarıdır. Amma nəticə etibarı ilə 99% düşmən kəsilir və 1% şübhəli çıxır. Müharibədə sən ya Qəhrəmansan, ya Şəhid (mənim üçün şəxsən hər ikisi eyni Qalibiyyətdir), Azərbaycan kinosunda isə sən daim işgəncələr yaşayan Əsir.Bu “ximiya” kursunu da yekunlaşdıraq və keçək Talehin yaradıcılığına. Onunla Milli Qəhrəman Çingiz Mustafayev Fondu və VMF Holdinqinin birgə hazırladığı Anım günü tədbirində, Şəkidə “VMF Kafe”də Şəhid və Qazilərimizə həsr olunmuş görüşdə, həm də çəkiliş meydançasında, Daşbulaq kəndinin təpələrində döyüş səhnələrini çəkərkən tanış oldum. Şəxsən mənim üçün bu iki məkan onun portretini canlandırmaq üçün kifayət oldu. Mənim fikrimcə, Talehin yaradıcılığına aid müəyyən bir stilistik ştrix və ya məhz ona xas olan bir texnikanı müəyyən etmək mümkün deyil. Sözsüz ki, Taleh bizim “bəzi” rejissorlarımızdan fərqli olaraq müharibənin nə olduğundan agahdır və onu canlandırmaqda məharəti var. Buna sübut onun dostları Fidan Lətifova, Tuncay İslamlı, Elgin Salamlı, Murad Həmidov, Ramin Ələkbərli və digərləri ilə birlikdə reallıqdan heç də fərqlənməyən döyüş meydançasının mezanını yaratmaqdır. İlk baxışdan mənə elə gəldi ki, mən Əfqanistan, Bosniya, Livan, Liviya və ya Qarabağın hansısa döyüş mövqeyindəyəm. Mənzərə elə realistik idi ki, məni bir anlıq qeyri-ixtiyarı olaraq təhlükə refleksi bürüdü, lakin sağ çiynimin arxasından mənə soyuq limonad təklif olunanda dərhal “kəndimə”, Daşbulağa qayıtdım. Talehin yaradıcılığında mən stilizasiya cəhdi görmədim, yalnız estetikaya yaxınlıq var idi. Bu, döyüş səhnələrin incə vizuallaşmasında, kamera işində və həddindən artıq poetik rejissor texnikasında özünü birüzə verirdi. Nəticə olaraq bu minimalizm aşiqlərinin 2-ci Qarabağ müharibəsi haqqında bədii-sənədli filmi gözəl bir əsər ola bilər, lakin bunun qarşısını alan bir sıra ciddi problem və əngəllərlə rastlaşdım.

İlk öncə düşünürəm Talehin bütün kino vurğunları komandasına hətta “minimalizm” janrında işləmək üçün minimal da olsa çəkiliş üçün şərait yaradılmalıdır. Səhnədə nə peşəkar partladıcı, nə kaskadyor, nə script, nə kostyumçu, nə də qrim ustası gördüm. Bütün bu vəzifələri Taleh və onun dostları edirdi. Bundan əlavə, bu kino fədailərinin lazımi çəkiliş texnikası yox idi. Bir kamera və bir linza. Bununla döyüş səhnələrini çəkmək mümkün deyil! Amma Talehin komandası çəkir, əziyyət çəkir, istirab çəkir və dayanmadan əsəbləri tənzimləyəcək siqaret çəkir,

Azərbaycan Qəhrəmanları haqqında film çəkir... Bu məqaləmə qoşduğum çəkiliş meydanında telefonuma çəkdiyim qısa videoda aydın görmək olar ki, Elgin  döyüşdəki personajın həlak olmasını yaxından çəkmək üçün linzanı dəyişərək mezanı yaxınlaşdırmaq yerinə özü maksimal olaraq əsgərə tərəf yaxınlaşır… Bu zaman operator çəkdiyi kadrlarla birlikdə yanan maşın təkərlərinin çox zərərli, kimyəvi-zəhərli tərkibli tüstüsünü udur. Yox, Elginin üzü çöllərdə günəşdən yanmayıb – bu fədainin udduğu zəhərli tüstünün boyasıdır. Hələ mən orada olarkən onun burun və ağız nahiyəsini qara dəsmalla bağlamağa nail oldum, yoxsa heç ondan da istifadə etmirdilər…

Axı niyə biz belə vətənpərvər fədailəri Daşbulaq çöllərində məhv edirik? Niyə burda Daxili İşlər nazirliyinin dəstəyi görünür, amma Mədəniyyət nazirliyinin dəstəyi görünmürdü? Bəlkəona gğrə ki, polislər 1-ci və 2-ci Qarabağ müharibələrində minlərlə Şəhid veriblər, amma Mədəniyyət nazirliyi yox. Oğlunun nişanlısı ilə sevişən kişi haqqında mərmər soyuqluğu kimi milli mənəviyətimizə xas olmayan filmin çəkilişinə Mədəniyyət nazirliyi 600 min manat büdcə ayırır, lakin Qəhrəmanlarımızı əbədiləşdirən filmin çəkilişini belə çöllərdə biganə qoyur… Bəs kino İttifaqları? İsti kabinetlərdə milyonlarla dövlət büdcəsini illərlə havaya sovuran, həyatlarını lazımı hörmət və diqqətlə artıq yaşamış artistlər bir-birilə savaşanda, Daşbulaq çöllərində hələ həyatını yeni başlayan, lakin artıq Vətən uğrunda misli görünməmiş fədakarlıqlara imza atanlar məhv olaraq Qarabağ savaşının kadrlarını lentə alırlar. Soruşdum Talehdən:

Qardaş, filmin büdcəsi nə qədərdir?

5 min manat veriblər, amma o, sadəcə Bakıdan bura çatmağa bəs etdi (gülür). Burada gördüyün bütün aktyor və texniki personal təmənnasız işləyir. Hər şeyi dost-tanış köməyi ilə edirik. Evdən imkanımız olan hər şeyi satıb kamera almışıq. Amma narahat olma, hər şey əla olacaq…

Anlamadım!?Bəyəm, Azərbaycana Qəhrəmanlar haqqında film cəmi 5 min manata çəkilməlidir? Bəyəm, qəhrəmanlar Vətən uğrunda canlarını veriblər ki, onlar haqqında 5 min manata film çəkilsin? Səhv etmirəmsə, bu məbləğ bir deputatın aylıq maaşından belə azdır. Bunun hələ işığı, kostyumları, montajı, aktyor və çəkiliş qrupunun və s. məsrəfləri var... Misal üçün xatırladım ki, çəkiliş üçün ən ucuz kamera dəstəsi 30 min manat https://www.bhphotovideo.com/c/product/1581335-REG/sony_remoteprodz280_vtk_z280_video_transport_kit.html) və dünyada son çəkilən və mərdliyi təbliğ edən film “Atlas”ın büdcəsi 200 milion azndir. Çox acınacaqlı mənzərə idi bu. Ən əsası nə bu fədailərə, nə də haqlarında çəkilən bu film qəhrəmanları olan cəngavərlərimizə layiq olan mənzərə deyildi.

Taleh və onun komandası kimi fədailər hər bir ölkədə azlıq təşkil edir. Bunları daim qorumaq və dəstəkləmək lazımdır. Mütləq şəkildə, Azərbaycan kinosunun gələcəyi naminə, dövlət bu gəncləri xaricdə fəaliyyət göstərən adlı-sanlı kino universitetlərinə yollamalıdır ki, onlar fundamental təhsil alsınlar. Təhsil alsınlar ki, Xalqına, Vətəninə səlnamələr, gələcək nəsilləri döyüşə qaldıra biləcək sənədli filmlər, Azərbaycanımızın şanlı tarixi köklərinin sağlam olmasını gənclərə nümayiş etdirən bədii filmlər və daim milli özünüdərketmə sistemini qidalandıran verilişlər versinlər.

Unutmayaq ki, artıq ANS də yoxdur. Düşünün, görəsən ANS-sizlik şəraitində Vətənimizin ideoloji dəliyini kimlər bağlayacaq… və ya bəlkə kapatacaq?

Seçilən
147
1
anspress.com

2Mənbələr