AZ

Azərbaycan dayanıqlı və ekoloji cəhətdən təmiz gələcək qurmaq üçün digər ölkələrə nümunədir-ŞƏRH

Azərbaycan

Bakı, 1 dekabr, AZƏRTAC

Son illər Azərbaycan yaşıl və daha dayanıqlı enerji landşaftına keçiddə nəzərəçarpacaq irəliləyişlər əldə edib. Ölkə beynəlxalq sərmayə və əməkdaşlıq üçün mərkəzə çevrilməklə yanaşı, təmiz enerji layihələrində də əsas oyunçu kimi mövqeyini möhkəmləndirib. Qlobal miqyasda ekoloji cəhətdən təmiz enerji istiqamətində Azərbaycanın uzaqgörən addımları onun enerji portfelinin şaxələndirilməsi, karbon emissiyalarının azaldılması və ekoloji cəhətdən təmiz texnologiyaların istifadəsi yönündə şüurlu səyinin təzahürüdür.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Vrotslav Elm və Texnologiya Universitetinin əməkdaşı Fərhad Zeynallı söyləyib.

Onun sözlərinə görə, enerji sahəsində atılan mühüm addımlardan biri də “ACWA Power” kimi aparıcı beynəlxalq şirkətlərlə əməkdaşlığın dərinləşdirilməsidir. Səudiyyə Ərəbistanında aparıcı enerji istehsalı investoru olan “ACWA Power” Azərbaycanda bir neçə bərpa olunan enerji layihələrinə təşkilatçılıq edir. Xüsusilə 240 meqavat gücündə əhəmiyyətli külək enerjisi layihəsinə dair razılaşma, həmçinin quruda və dənizdə müvafiq olaraq 1 QVt və 1,5 QVt-lıq icra müqavilələri də diqqəti cəlb edir. Bundan əlavə, regionda və MDB məkanında ən böyük olan “Qaradağ” Günəş Elektrik Stansiyasının rəsmi açılışından sonra “Masdar”ın Azərbaycan ilə 1 QVt təmiz enerji sazişi imzalaması ölkəmizin bərpa olunan enerji potensialının genişləndirilməsinə sadiqliyinin nümayişidir.

“Azərbaycanın ətraf mühitlə bağlı öhdəliklərinin ən mühüm elementlərindən biri iqlim dəyişikliyi ilə bağlı qlobal platformalarda iştirakıdır. Belə ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 28-ci Tərəflər Konfransında iştirak (COP28) Azərbaycanın davamlılıq və iqlim fəaliyyətinə dair beynəlxalq müzakirələrdə fəal rolunu daha da gücləndirir. Qeyd etmək lazımdır ki, Azərbaycan 1995-ci ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasını ratifikasiya edərək, iqlim dəyişikliyinin təsirlərini azaltmaq üçün beynəlxalq səylərə qoşulub. Azərbaycanın bu addımları göstərir ki, ölkə iqlim dəyişikliyinin mənfi təsirlərini yumşaltmaq üçün üzərinə düşən məsuliyyəti dərk edir. Külək və günəş enerjisi kimi bərpa olunan enerji mənbələrini istifadə etməklə, həmçinin ətraf mühitin mühafizəsi istiqamətində addımlar atmaqla, ölkənin davamlı enerji sahəsində regional lider mövqeyi möhkəmləndirilir”,- deyə Fərhad Zeynallı vurğulayıb.

O əlavə edib ki, Azərbaycanın enerji sahəsindəki davamlı qətiyyəti və strateji tərəfdaşlığı təqdirəlayiqdir. Ölkəmizin fəal addımları və iddialı təşəbbüsləri təkcə qlobal davamlılıq məqsədlərinə uyğun deyil, həm də daha dayanıqlı və ekoloji cəhətdən təmiz gələcək qurmaq üçün digər ölkələrə nümunədir.

Seçilən
264
34
azertag.az

10Mənbələr