Azərbaycan Milli Hökumətində nazir işləyən şəxsin nəvəsi Zaqatalada vəfat edib.
Əslən Zaqataladan olan Aslan bəy Qardaşov N.Yusifbəylinin 1919-cu ilin martın 14-də təşkil etdiyi 4-cü Hökumət kabinetində Əkinçilik və Dövlət Əmlakı naziri vəzifəsini icra edib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Azərbaycan Xalq Cünhuriyyətinin qurucularından olan Aslan bəy Qardaşovun nəslinin sonuncu nümayəndəsi - nəvəsi Süleyman Qardaşov Zaqatalada, baba yurdunda, sadə bir həyat yaşayıb.
Aslan Əliağa oğlu Qardaşov haqda nə bilirik?
Məlumatlara görə o, 1866-cı ildə Zaqatala dairəsinin Çökək kəndində anadan olub. Zaqatala qəza məktəbində oxuyub. Sonra Müəllimlər Seminariyasını bitirib. İstanbul Universitetində təhsilini davam etdirib.
Hüquq, maarif sahəsində çalışıb. Dağıstandan II Dumaya üzv seçilib. 1917-ci ildən Müsavat partiyasının üzvü olub. Aslan bəy Qardaşov 1918-ci il dekabrın 25-də Parlamentin siyasi dustaqların amnistiyası üzrə yaratdığı komissiyanın üzvü olub. Aslan bəy N.Yusifbəylinin 1919-cu ilin martın 14-də təşkil etdiyi 4-cü Hökumət kabinetində Əkinçilik və Dövlət Əmlakı naziri vəzifəsini icra edib.
1920-ci il aprelin 15-də Aslan bəy Qardaşov “Əhrar” fraksiyası adından koalisiyadan çıxdığını və öz nümayəndələrini Hökumətdən geri çağırdığını bəyan edib. 1920-ci il aprelin 27-də hakimiyyətin kommunistlərə təhvil verilməsi haqqında ultimatumu müzakirə etmək üçün Palamentdə yaradılmış komissiyaya daxil olub və müzakirə zamanı hakimiyyətin bolşeviklərə təhvil vermək təklifini müdafiə edib.
A.Qardaşov bolşevik istilasından sonra istiqlal ideyalarına sadiq qalıb və Zaqataladakı üsyana rəhbərlik edib. Aslan bəyin 21 iyul 1920-ci ildə güllələndiyi söylənilsə də, dəqiq məlumat yoxdur.
Zaqatalada yaşayan qohumlarının məlumatına görə, üsyan yatırıldıqdan sonra o, əvvəl Gürcüstana, oradan da Türkiyəyə mühacirətə gedib.
Bundan başqa M.Ə.Rəsulzadənin 1937-ci ilin iyulun 22-də Varşavada Polşa Məxfi İdarəsi üçün hazırladığı Azərbaycanın mühacirətdəki tanınmış xadimləri siyahısında A.Qardaşovun da 14-cü sırada adı yazılıb.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta