AZ

Özbəkistan və İordaniya tarixində ilk dəfə DÇ-də oynayacaq!

Dünən DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Asiya zonasında bəzi oyunlar keçirildi.

A qrupunda bütün diqqətlər Əbu Dəbidə yerləşən ''Əl Nahyan'' stadionuna yönəlmişdi.

Burda Birləşmiş Ərəb Əmirlikləri Özbəkistanı qəbul etdi. Özbəkistan tarixi bir uğurun astanasında idi. Bu komandaya DÇ-yə vəsiqə qazanmaq üçün uduzmamaq kifayət idi. Timur Kapadzenin komandası bu vəzifənin öhdəsindən gəlməyi bacardı. Görüş qolsuz bərabərliklə yekunlaşdı.

Beləliklə, Özbəkistan sona 1 tur qalmış BƏƏ ilə aradakı 4 xallıq fərqi qorudu və İran ilə birlikdə qrupu ilk iki pillədə tamamlamağı rəsmiləşdirdi. Bu da o deməkdi ki, Özbəkistan tarixində ilk dəfə mundiala vəsiqə qazandı.

Eyni uğuru İordaniya yığması da əldə etdi. Səfərdə Omanı 3:0 məğlub edən bu komanda da tarixində ilk dəfə dünya çempionatına vəsiqə qazandı.

Bundan başqa Cənubi Koreya da tarixində 11-ci dəfə mundiala vəsiqəni rəsmiləşdirdi. Bununla da DÇ-2026-ya vəsiqə qazanan komandaların sayı 10-a yüksəldi. Meydan sahibi ABŞ, Kanada, Meksika və dünən istəyinə çatan Özbəkistan, İordaniya, Cənubi Koreyadan başqa Argentina, İran, Yaponiya və Yeni Zelandiya daha öncə vəsiqəni rəsmiləşdirmişdi.

Xatırladaq ki, gələn il iyunun 11-dən iyulun 19-na qədər davam edəcək DÇ-2026 tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə keçiriləcək.

Seçilən
331
7
football-plus.az

10Mənbələr