Bakı, 10 iyun, AZƏRTAC
ÇXR-in Sədri Si Cinpin 2023-cü ildə Qlobal Sivilizasiya Təşəbbüsünü irəli sürüb və bununla da ümumbəşəri dəyərləri təşviq etməyə, sivilizasiya irsinin qorunmasına, onun innovativ inkişafına, humanitar mübadilənin və beynəlxalq əməkdaşlığın dərinləşdirilməsinə çağırıb. Bu, Çinin sivilizasiyalararası dialoqun genişləndirilməsi işinə mühüm töhfəsidir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Çinin Azərbaycandakı səfiri Lu Mey ilk dəfə qeyd olunan Beynəlxalq Sivilizasiyalararası Dialoq Gününə həsr olunmuş brifinqdə ifadə edib.
Diplomat qeyd edib: “Sivilizasiyalararası dialoq təşəbbüsü müxtəlif mədəniyyətlər və dinlər arasında qarşılıqlı anlaşma və əməkdaşlığın gücləndirilməsinə yönəlmiş prosesdir. Bu, insanların mədəniyyətlər arasındakı fərqləri tanımasına və onlara hörmət etməsinə imkan yaratmaq, bununla da planetdə sülhü və əməkdaşlığı təşviq etmək məqsədi daşıyan Birləşmiş Millətlər Təşkilatının (BMT) təşəbbüsüdür.
Digər 83 ölkə kimi, Azərbaycan da bu prosesə dəstək ifadə edən sənədi imzalayıb. Sivilizasiyalararası dialoq müxtəlif mədəniyyətlər və dinlər arasında əməkdaşlığın təşviqinə yönəlib”.
“Bu ilin aprelində Sədr Si Cinpin və Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”ı imzaladılar. Bu sənəddə açıq şəkildə bildirilir ki, Azərbaycan Çin tərəfindən təklif olunan Qlobal Sivilizasiya Təşəbbüsünü fəal surətdə dəstəkləyir. Azərbaycan Çinin BMT-də irəli sürdüyü “Beynəlxalq Sivilizasiyalararası Dialoq Günü”nün elan edilməsinə dair qətnaməni yüksək qiymətləndirir və sivilizasiyaların müxtəlifliyinə hörməti birgə dəstəkləməyə, insanlar arasında mübadilə və əməkdaşlığı fəal şəkildə təşviq etməyə hazırdır. Çin, öz növbəsində, Azərbaycanın “Bakı Prosesi” adlı təşəbbüsünü və mədəniyyətlərarası dialoqun təşviqi üçün qlobal platforma kimi onun çərçivəsində çağırdığı qlobal forumlarla bağlı səylərini dəstəkləyir. Bu, iki ölkənin qlobal sivilizasiyalar mübadiləsinin gücləndirilməsinə yönəlmiş bir-birinin təşəbbüslərini qarşılıqlı surətdə dəstəklədiyini, Qlobal Sivilizasiya Təşəbbüsünü birgə həyata keçirdiyini tam şəkildə nümayiş etdirir. Onların birgə fəaliyyətində sivilizasiyalararası mübadilə bütün maneələri dəf edir, qarşılıqlı zənginləşmə münaqişələrə, birgəyaşayış isə hər hansı üstünlüyə qalib gəlir”, -deyə səfir Lu Mey vurğulayıb.