Hər il minlərlə abituriyent böyük ümidlərlə universitetlərə daxil olur. Amma bir neçə il sonra onların bir hissəsi təhsili başa vurmadan müxtəlif səbəblər üzündən universitetlərdən uzaqlaşdırılır. Məsələn, təkcə 2024-ci ildə 10 min 746 tələbə ali təhsil ocaqlarından kənarlaşdırılıb.
Son bir ildə universitetlərdən bu qədər tələbənin xaric edilməsi, minlərlə gəncin təhsil və gələcək planlarından uzaqlaşması ölkənin insan kapitalına ciddi təsir göstərən narahatedici göstəricidir. Eyni zamanda, bu qədər tələbənin sistemdən kənarda qalması ali təhsil müəssisələrinin idarəetmə modelləri və tədris keyfiyyəti ilə bağlı ciddi suallar doğurur.
Maraqlıdır, bir ildə 10 min 746 nəfərin universitetdən xaric edilməsi Azərbaycan təhsil sisteminin keyfiyyəti ilə bağlıdır, yoxsa buna səbəb olan hansısa başqa məqamlar var? Bu say əvvəlki illərlə müqayisədə artıb, yoxsa azalıb? Xaricolma səbəbləri arasında ən çox rast gəlinən faktor hansıdır: akademik borc, maliyyə problemləri, yoxsa intizamsızlıq? Problemin qarşısını almaq üçün nə etmək lazımdır? Xaric olunan tələbələrin təhsilə qayıtması üçün ikinci şans mexanizmləri varmı?
Bu və bu qəbildən olan digər suallara cavab tapmaq üçün təhsil eksperti Kamran Əsədovun fikirlərini öyrəndik.
Beləliklə, mövzu ilə bağlı Publika.az-a danışanekspert bildirdi ki, 2023-2024-cü tədris ilində universitetlərdən 10 746 tələbənin xaric olunması ali təhsil sistemində davamlılıq, idarəetmə və keyfiyyət məsələlərinin ciddi şəkildə təhlilini zəruri edən statistik göstəricidir:
“Bu rəqəm təkcə fərdi uğursuzluqların deyil, sistemin bütövlükdə tələbəni ali təhsildə saxlamaq və ona uyğun dəstək vermək bacarığının məhdudluğunu ortaya qoyur. Məlumata əsasən, 2021-2022-ci illə müqayisədə (təxminən 9 200 nəfər) bu rəqəm 15%-dən çox artıb və son 5 ildə bu göstərici üzrə davamlı artım tendensiyası müşahidə edilir. Bu isə artıq epizodik deyil, sistemli struktur probleminin formalaşdığını göstərir”.

K.Əsədov ali təhsil müəssisələrindən xaricetmələrin əsas səbəbləri arasında ilk yeri akademik borc olduğunu qeyd etdi:
“Təhsil Nazirliyinin 2023-cü il hesabatında bildirilir ki, xaric olunanların 62%-i dərsə davamiyyətin az olması, imtahanlardan keçməmək və akademik ortalamanın aşağı olması səbəbindən universitetlə vidalaşıb. İkinci əsas səbəb maliyyə öhdəliklərinin yerinə yetirilməməsidir. Bu, əsasən ödənişli əsaslarla təhsil alan tələbələr arasında yayılıb. Xüsusilə regionlardan olan və sosial rifahı zəif tələbələr üçün təhsil haqqını ödəmək getdikcə daha da çətinləşir. İntizam qaydalarının pozulması, saxta sənəd təqdim olunması, qanunsuz fəaliyyətlərdə iştirak kimi hallar isə ümumi göstəricinin təxminən 7%-ni təşkil edir.

“Təhsil haqqında” Qanunun 19.2-ci maddəsinə görə, ali təhsil müəssisələri tələbənin təhsil hüququnu müdafiə etməli, ona təhsil müddətində müvafiq metodiki, psixoloji və maddi dəstək verməlidirlər. Ancaq praktiki müstəvidə bu prinsip sistemli şəkildə tətbiq olunmur. Universitetlərin çoxunda tələbələrin təhsildən kənarda qalmasına səbəb olan risklər erkən aşkar edilmir, mentorluq və akademik məsləhət sistemləri zəif inkişaf edib və psixoloji dəstək infrastrukturu demək olar ki, yoxdur. Təhsil prosesi əsasən formal dərs, imtahanla məhdudlaşır və tələbənin sosial, psixoloji və maliyyə çətinlikləri çox zaman nəzərə alınmır. Bu isə tələbənin ali təhsildə qalmasını şərtləndirən mühüm faktorların diqqətdən kənarda qalmasına səbəb olur.
Müsbət tərəf ondan ibarətdir ki, ali məktəblərin çoxunda akademik performansa ciddi yanaşılır və zəif nəticə göstərən tələbənin növbəti mərhələyə keçməsinə formal münasibət göstərilmir. Bu, təhsilin keyfiyyətini qorumaq baxımından vacibdir. Lakin bu sistemin bərabər və davamlı imkanlar yaratmadan tətbiqi sosial ədalətsizlik yaradır. Bilik və bacarıqlar zəif olan tələbəyə dəstək verilmədiyi halda onu sistemdən çıxarmaq, həm onun fərdi gələcəyini məhdudlaşdırır, həm də cəmiyyət üçün itki deməkdir".
Ekspertin sözlərinə görə, dünya təcrübəsində ali təhsildə tələbənin sistemdə qalması üçün bir sıra institusional mexanizmlər tətbiq olunur: