AZ

Azərbaycanın 700 bal toplayanları -116 nəfər indi harada işləyir və necə yaşayır? - ARAŞDIRMA

Hər il ali məktəblərə qəbul imtahanında nə qədər abituriyentin 700 bal toplayacağı, onların hansı universiteti və ixtisasları seçəcəyi, həmin şəxslərin kimlər olacağı diqqət mərkəzində olur. Bu böyük uğura imza atanlar arasında liseylərdə, rayon və kənd orta məktəblərində təhsil alan şagirdlər var.

Onların bu uğuru necə əldə etdikləri müzakirə olunduğu kimi sonrakı fəaliyyətləri də maraqlıdır.

Bəs görəsən 700 bal toplayanların tam siyahısı mövcuddurmu? Bununla hansısa qurum məşğul olurmu? Həmin şəxslər hazırda hardadırlar və hansı sahədə fəaliyyət göstərirlər? İmtahanda topladıqları bu yüksək göstərici onların həyat yoluna necə və hansı formada təsir göstərib

Bizim.Media xəbər verir ki, "Teleqraf.az" sözügedən mövzuda araşdırma aparıb.

Suallarımızı ilk olaraq Dövlət İmtahan Mərkəzinə (DİM) ünvanladıq. Mərkəzdən bizə 2007-ci ildən bu günə qədər ölkə üzrə 700 bal toplayan 116 nəfərin siyahısı təqdim olundu. Məlumatda yalnız illər üzrə bu balı toplayanların sayı var idi.

Məlum oldu ki, ən çox 700 bal toplayanlar 2018-ci ildə qeydə alınıb.

2007 - 3

2008 - 6

2009 - 2

2010 - 7

2011 - 4

2012 - 5

2013 - 6

2014 - 9

2015 - 15

2016 - 10

2017 - 15

2018 - 29

2019 - 0

2020 - 0

2021 - 0

2022 - 1

2023 - 0

2024 - 2


Göründüyü kimi, 2018-ci ildə 29 nəfər 700 bal toplasa da, növbəti üç il ard-arda heç kim bu nəticəni əldə edə bilməyib. Ekspertlər bunun səbəbini bir neçə faktorla izah edirlər: o dönəmdə pandemiya, təhsilin distant formada keçirilməsi və məhz 2019-cu ildən qəbul imtahanlarının kurikulum sistemi əsasında həyata keçirilməsidir.

Daha sonra müraciət etdiyimiz Elm və Təhsil Nazirliyindən isə bildirildi ki, 700 bal toplayan şəxslərlə bağlı ünvanlanan suallar yalnız Dövlət İmtahan Mərkəzi tərəfindən cavablandırıla bilər.

Beləliklə iş başa düşdü: 700 bal toplayan məzunların əksəriyyətinin seçimi olan - ADA Universiteti, Dövlət İdarəçilik Akademiyası, Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Tibb Universiteti, Bakı Ali Neft Akademiyası, İqtisad Universitetinə müraciət etdikTəəssüf ki, nəticə o qədər də ürəkaçan olmadı, universitetlər onlarda belə siyahıların olmadığını bildirdilər. Tək-tük ali təhsil ocağı bu məsələdə seçilməyi bacardı.


Kimi direktor, kimi hələ də tələbə...

Bakı Mühəndislik Universiteti Teleqraf-ın sorğusuna cavab olaraq 2007-ci ildən bu yana 700 bal toplayan 116 abituriyentdən 5 şəxsin sözügedən universitetin məzunu olduğunu bildirdi. Onların adlarını və hazırda harda, nə işlə məşğul olduğuna dair məlumat isə bu formadadır:

Orxan Səfərov - Mühəndislik fakültəsi “Sənayenin təşkili və idarə edilməsi” ixtisası - “Avromed Company” QSC-nin Daxili audit departamentinin direktoru

Flora Həsənova - Pedaqoji fakültə “Tərcümə” ixtisası - Özəl təhsil kursunda çalışır

Məmməd Hacılı - Mühəndislik fakültəsi “Kompüter mühəndisliyi” ixtisası - "SOCAR Downstream"-da Proses üzrə böyük mühəndis

Fatima Zəhra Nəbizadə - Mühəndislik fakültəsi “Kimya mühəndisliyi” ixtisası - "London Imperial College"də “advanced chemical engineering” üzrə magistraturaya qəbul olub

Əli Allahverdiyev - Mühəndislik fakültəsi “Maşınqayırma” ixtisası - Rusiyada magistratura səviyyəsində təhsil alır.

Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) isə bildirildi ki, indiyə kimi 700 bal toplayan 4 məzunu olub. 2016-cı tədris ilində Şahbaba Məmmədov, 2017-ci ildə Cavad Əliyev, Arzu Məmmədzadə, 2018-ci ildə Rəmzi Abıyev UNEC-ə qəbul olub. Hər biri UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində (ingilisdilli) Maliyyə ixtisası üzrə təhsil alıb.



1 milyondan çox təqaüd qazanan azərbaycanlı

"Arzu Məmmədzadə isə hazırda ABŞ-də işləyir", - məlumatda qeyd olunub.

Arzu ilə bağlı sosial şəbəkədə paylaşımlara tez-tez rast gəlmək mümkündür. Məlumata görə, Arzu UNEC-in III kursunda ABŞ səfirliyinin tam təqaüdü ilə 1 semestrlik ABŞ-də təhsil alıb. Bakalavr təhsilindən sonra 3 il "Paşa Bank"da Maliyyə mütəxəssisi kimi çalışıb. GMAT imtahanından 740 bal toplayaraq dünya üzrə yüksək nəticə göstərib və Amerikanın 9 universitetinə MBA pilləsi üzrə qəbul alıb. Bu universitetlərdən 8-dən full təqaüd qazanıb. ABŞ universitetlərindən toplam qazandığı təqaüd 1 milyon dollardan çoxdur. O, bu il "Emory Universiteti" - Goizueta Biznes Məktəbindəki təhsilini başa vurub.

Son illər 700 bala həsrət qalan bir çox universitetlər var ki, onlardan biri də Azərbaycan Tibb Universitetidir.

Təhsil ocağından sorğumuza cavab olaraq bildirildi ki, 2019-cu ildən 2024-cü ilə qədər 700 bal toplayan məzunları olmayıb.

Universitetlərdən ala bildiyimiz məlumatlar burada bitdi. Növbəti etapda ad-ad axtarışlara başladıqÖncə 2007-ci ildə qəbul imtahanında maksimum – 700 balı toplayan ilk üç nəfərdən başlayaq: Emil Abbasov, Cavid Mustafayev, Nərgiz İsmayılbəyli.

Emil Abbasov 2007-ci ildə ilk dəfə olaraq I qrup üzrə 700 bal toplayaraq Bakı Dövlət Universitetinin tətbiqi-riyaziyyat və kibernetika fakültəsinin informatika ixtisasına qəbul olub. BDU-da 1 semestr oxuduqdan sonra "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 2008-2012-ci illərdə Koreya Respublikasının Seul və Suvon şəhərlərində yerləşən Kyung Hee Universitetində (KHU) kompüter mühəndisliyi ixtisası üzrə bakalavr pilləsində təhsil alıb. 2013-cü ildə bu universiteti müvəffəqiyyətlə bitirdikdən sonra Dövlət Proqramı çərçivəsində ABŞ-nin Nyu-York Universitetində (NYU) kompüter elmləri ixtisası üzrə magistratura bölməsinə qəbul olunub. Daha sonra Azərbaycana gəlib, son məlumatlara görə ADA universitetində çalışır.

Cavid Mustafayev Bakı Dövlət Universitetinin "İqtisadi kibernetika" ixtisasında oxuyub. Onun barəsində qısa məlumatı vaxtilə təhsil aldığı 247 nömrəli məktəbin saytından əldə edə bildik.

Məktəbin fərqlənən məzunlarından olan Cavid "Ernst&Young şirkəti"ində auditor kimi çalışır.



Nərgiz İsmayılbəyli isə Azərbaycan Tibb Universitetinin Müalicə işi ixtisasını fərqlənmə diplomu ilə bitirib. 2013-2014-cü illərdə İtaliyada La Sapienza Universitetində, 2014-2015-ci ildə Bolonya Universitetində təhsil alıb. 2013-2020 -ci ildə Respublika Diaqnostika Mərkəzində mama-ginekologiya ixtisası üzrə həkim-rezident kimi işləyib. Hazırda Yeni Klinikada həkim mama-ginekoloq vəzifəsində çalışır.

Görünən odur ki, 700 bal toplayanların bəziləri ölkəmizdə, əksəriyyəti isə xaricdə təhsillərinə davam etməyə üstünlük veriblər. Onlar həm 700 bal toplamaqla, həm də maraqlı həyat hekayələri ilə tarix yazmağı bacarıblar.



700 ballı ailə

Ucal Ağammədovla Nərmin Məmmədli kimi...Ucal Ağammədov 2009-cu ildə 700 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə, Nərmin Məmmədli isə 2013-cü ildə qəbul imtahanından 700 bal toplayaraq Dövlət İdarəçilik Akademiyasının Hüquq fakültəsinə qəbul olub. Hər iki gənc bakalavr təhsilindən sonra xaricdə təhsil alıb. Ucal İspaniyada, Nərmin isə İsveçdə təhsillərini davam etdiriblər. Onlar 2021-ci ildə ailə quraraq Belçikada yaşamağa üstünlük veriblər.

Bir-birinə dəstək olan bacı-qardaş

İbrahim Əhmədov 2015-ci ildə 700 bal toplayaraq ADA Universitetində Beynəlxalq münasibətlər fakültəsinə qəbul olub. Onun bacısı Leyli Əhmədova isə 2018-ci ildə bu göstəricini təkrarlayaraq Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub. Leyli qardaşının 700 bal toplamasının onun üçün çox böyük motivasiya olduğunu vurğulayıb və onu imtahana qardaşının hazırlaşdırdığını da etiraf edib.

192 nömrəli tam orta məktəbin şagirdi Anar Kərimxanov 2018-ci ildə ən yüksək nəticə göstərərək Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsinə qəbul olub. O, hazırda Yeni Klinika nəzdində fəaliyyət göstərən TƏBİB Akademiyasında kardioloq-rezident kimi təhsil alır.



Jalə Rəcəbova 2018-ci ildə ADA Universitetinə qəbul olub. O, İngiltərənin paytaxtı London şəhərində yaşayır. Hazırda UCL - London Universitet Kollecində təhsil alır.



Axtarış zamanı sosial mediadan özlərinə yazsaq da, geri dönüşlər çox az oldu. ABŞ-də yaşayan Kolumbiya Universitetinin kompüter elmləri üzrə doktorantı 2017-ci ildə qəbul imtahanında 700 bal toplayan Vahab Cəbrayılov isə Teleqraf-ın suallarını ətraflı cavablandırdı.

Çətinliyi ilə ad qazanmış bir universitetdə hər şeyi yenidən başladım

“2017-ci ildə Bakı Ali Neft Məktəbinə (BANM) qəbul olundum. BANM ölkəmizin ən qabaqcıl mühəndislik məktəbidir. Təbii ki, bunun qərar qəbul etməyimdə önəmli rolu var idi. 2 ilə yaxın orada təhsil aldım və indi də davam edən yaxşı dostluqlar qazandım. Həmçinin bu müddət ölkəmizin ali təhsil sferası haqqında təcrübə qazanmağıma da kömək etdi. 2019-cu ildə kompüter mühəndisliyi üzrə təhsil almaq istədiyim üçün universitetdən ayrıldım və təhsilimi Türkiyənin ən qabaqcıl universiteti olan ODTÜ - Orta Doğu Tekniki Üniversitesində davam etdim. O zaman BANM-da sadəcə 3 ixtisas var idi.

Ətrafımda hər kəs bunun böyük risk olduğunu düşünürdü. Ölkənin ən yaxşı universitetində parlaq bir tələbə, qrup birincisi idim, Prezident təqaüdü alırdım, birdən- birə geridə dostlarımı, sevdiklərimi və ailəmi qoyub heç tanımadığım Ankara kimi boz, soyuq bir şəhərdə, çətinliyi ilə ad qazanmış bir universitetdə hər şeyi yenidən başladım.

Orada illər həm çox yorucu, həm də adrenalin və motivasiyalı keçdi. Geriyə baxdıqda rahatlıqla deyə bilərəm ki, zaman- zaman Amerika və Avropa standartlarının üstündə təhsil aldıq. Türkiyənin ən yaxşıları ilə yarışırdıq. Universitet beşincisi olaraq məzun oldum. Son kursda Amerikanın bir neçə universitətindən doktoranturaya qəbul aldım və Kolumbiya universitetini seçdim. Dünyanın ən nüfuzlu universitetlərindən biri, eyni zamanda Nyu-Yorkun Manhattan bölgəsində yerləşməsi qərarımda tərəddüdə yer buraxmadı. Çox bilinməsə də, Lütfi-Zadə doktorluğunu burada qazanıb. ABŞ-yə yerləşməzdən öncə İsveçrənin Lozan şəhərində yerləşən EPFL universitetində tədqiqatçı kimi təcrübə qazandım.

Artıq 2 ildir Amerikadayam. Burada zamanım dolu və yorucu keçir. "Google Microsoft" kimi şirkətlərlə problem üzərində əməkdaşlıq edirik. Dəvət üzərinə "Google Microsoft" şirkətində tədqiqatçı olaraq çalışdım. Həmçinin təhsil prosesində də professor köməkçisi kimi iştirak edirəm”.



 

700 bal toplayanlar izlənilməlidir

Təhsil eksperti bu sahədə dünya təcrübəsinin necə işlədiyindən də danışıb:

“ABŞ-də SAT və ACT imtahanlarında yüksək nəticə göstərən abituriyentlər avtomatik olaraq “Honors College” sistemlərinə yönləndirilir, burada onlara fərqli tədris proqramı, akademik azadlıq, layihə əsaslı öyrənmə və liderlik imkanları yaradılır. Almaniyada yüksək nəticə göstərən tələbələr “Deutschlandstipendium” ilə dəstəklənir, onlar üçün dövlət və özəl sektor tərəfindən maliyyələşən mentorluq və təlim proqramları mövcuddur. Cənubi Koreyada “Brain Korea 21” layihəsi çərçivəsində akademik üstünlükləri ilə seçilən tələbələr dövlətin tədqiqat prioritetlərinə uyğun istiqamətləndirilir və bu şəxslərin sonrakı fəaliyyəti konkret hədəflərlə izlənilir. Bu yanaşmalar göstərir ki, istedadlı tələbələr ölkənin strateji inkişaf planlarında insan resursu olaraq nəzərdə tutulur və bu resurs planlı şəkildə idarə olunur.

 

Əgər Azərbaycanda bu sahədə ciddi bir dəyişiklik baş verərsə və istedadlı tələbələrin sonrakı fəaliyyəti izlənərsə, bir neçə mühüm dəyişiklik baş verəcək. Əvvəla, ali təhsil müəssisələrinin fəaliyyətinə dair obyektiv və ölçülə bilən keyfiyyət göstəriciləri formalaşacaq. İkincisi, qəbul imtahanlarında yüksək nəticə göstərmiş gənclərin itməsi, ölkədən köçməsi və ya sistemdən uzaqlaşması hallarının qarşısı alınacaq. Üçüncüsü, təhsil siyasəti yalnız formal nəticələr üzərində deyil, real nəticə və məhsuldarlıq üzərində qurulacaq. Bu isə təhsilin daha funksional və cəmiyyətə faydalı modelə çevrilməsinə səbəb olacaq.

 

Bu istiqamətdə dəyişiklik üçün ilk addım olaraq Elm və Təhsil Nazirliyi, Dövlət İmtahan Mərkəzi və ali təhsil müəssisələri arasında inteqrasiya olunmuş “İstedadlı tələbələrin izlənməsi və inkişafı platforması” yaradılmalıdır. Bu platforma 700 bal və ya digər yüksək nəticə göstərmiş abituriyentləri qeydə almalı, onların seçdikləri ixtisasları, təhsil göstəricilərini, işlə təmin olunma statusunu, xaricdə təhsil imkanlarını və ölkəyə qayıdıb-qayıtmadıqlarını izləməlidir. Bu mexanizm həm də dövlətin insan kapitalına yönəlik strateji planlaşdırma funksiyasını yerinə yetirə bilər. Əks halda, ali təhsil sistemi ən istedadlı fərdləri belə dəyərləndirə bilməyən və nəticə yönümlü olmayan bir struktura çevriləcək”.

Bizim.Media

Seçilən
135
50
bizim.media

10Mənbələr