Mətin Məmmədli: “Baş verənləri ABŞ daxilində siyasi böhranın əlamətləri kimi dəyərləndirmək olar”
Donald Tramp ikinci dəfə ABŞ prezidenti seçildikdən sonra Amerikanın daxilində ölkə vətəndaşlarını qane etməyən siyasət yürütməyə başladı. Trampın daxildəki iğtişaşları, etirazları güc yolu ilə yatırmaq planları isə əhalinin daha da narazılığına səbəb olub.
Xalqın etiraz səsinə ABŞ-ın 22 ştatının qubernatorları da dəstək verib. Belə ki, ABŞ-ın 22 ştatının demokrat qubernatorları ABŞ prezidenti Donald Trampın Los-Ancelesdəki etirazları yatırtmaq üçün Kaliforniya milli qvardiyasını göndərmək qərarını tənqid ediblər.
Onlar prezidentin ehtiyac olmadığı halda etirazçılara qarşı aşırı güc tətbiqini yolverilməz hesab edirlər.
Qubernatorların birgə bəyanatında deyilir: "Prezident Trampın Kaliforniyaya milli qvardiyanın yerləşdirilməsinə dair qərarı səlahiyyətdən həyəcanverici sui-istifadədir. Qubernatorlar öz milli qvardiyalarının baş komandirləridir. Federal hökumətin ştat qubernatorunun icazəsi olmadan milli qvardiyanın yerləşdirilməsi üzrə hərəkəti səmərəsiz və təhlükəlidir".
Onların fikrincə, Tramp iğtişaşlarla mübarizə üçün dəniz piyadaları korpusunu göndərməklə hədələməklə” “yerli hüquq-mühafizə orqanlarına inamsızlıq” nümayiş etdirir: “Biz zorakılığa yol verilməyəcəyini və yerli hakimiyyət orqanlarının xaotik federal müdaxilə və hədə-qorxu olmadan öz işlərini görə biləcəyini açıq şəkildə bildirən Kaliforniya qubernatoru Qevin Nyusomun yanındayıq”. Onların arasında Viskonsin, Kanzas, Kentukki, Minnesota, Miçiqan, Nyu-York, Oreqon, Pensilvaniya və Şimali Karolina qubernatorları da var.
Qeyd edilir ki, Los-Ancelesdə qanunsuz mühacirlərin kütləvi saxlanmasına qarşı etirazlar bir neçə gündür davam edir. Ağ Ev rəhbərinin müavini Stiven Miller bu nümayişləri və iğtişaşları üsyan adlandırıb və rəhbəri miqrantların kütləvi deportasiyasında iştirak etməyəcəyini bildirən Los Anceles polisinin mövqeyini tənqid edib. Tramp ştatın qubernatorundan yan keçərək iğtişaşlarla mübarizə aparmaq üçün 2000 qvardiya hərbçisinin Los-Ancelesə yeridilməsinə göstəriş verib. Onlar iyunun 8-i səhər saatlarında şəhərə gəlməyə başlayıblar və hazırda Amerika mediasının məlumatına görə, orada 300-ə yaxın döyüşçü var.
Kaliforniya qubernatoru Qevin Nyusom Los-Ancelesdə proseslərin nəzarət altında olduğunu, yerli hüquq-mühafizə orqanlarının etirazları yatırmaq üçün yetərincə gücünün olduğunu elan edərək, şəhərə milli qvardiyanın yeridilməsinə qarşı çıxış edib.
Qeyd edək ki, Kaliforniya quberantoru Trampın rüsum qərarlarına açıq etiraz edən ilk hakimiyyət təmsilçisidir. Məhz onun açıq etirazlarına görə Tramp ştatı bir sıra vergi gəlirlərindən məhrum etməklə hədələmişdi. Bunların fonunda Los-Ancelesə federal milli qvardiya kontingentinin yeridilməsi qubernatorun hakimiyyətinə qarşı yönəlmiş akt kimi qiymətləndirilir.
ABŞ-da nə baş verir ki, sadə insanlar Trampa qarşı qiyam qaldırıb, hətta elita da bu qiyama dəstək çıxıb? Yəni 22 ştatın qubernatoru bəyanat verib ki Tramp camaatın üstünə ordu göndərməklə səhv edir. ABŞ-da nə baş verir? Bütün bunlar niyə yaşanır?
“Son illərdə ABŞ-da daxili siyasətdə gedən qütbləşmə prosesləri xeyli dərinləşib...”
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti, siyasi elmlər üzrə fəlsəfə doktoru Mətin Məmmədli "Bakı-Xəbər"ə bildirdi ki, ABŞ-da baş verən proseslərə qeyri-adi bir hadisə kimi baxmaq doğru olmazdı. “Baş verməli olanlar bu gün Birləşmiş Ştatlarda baş verir. Son illərdə ABŞ-da daxili siyasətdə gedən qütbləşmə prosesləri xeyli dərinləşib, qarşıdurma meylləri xeyli artıb. Belə bir cəmiyyətdə də bu kimi halların baş verməsini təbii qəbul etmək lazımdır. Konkret olaraq Kaliforniyada baş verənlərlə bağlı qeyd etmək istərdim ki, ümumiyyətlə Donald Tramp prezident seçildikdən sonra daxili siyasətinin əsas istiqamətlərindən biri də miqrantlara qarşı mübarizə olub. Bununla bağlı müəyyən qanunvericilik təşəbbüsləri ilə çıxış edib və bu yöndə praktiki addımlar atılıb, xeyli sayda miqrant kütləvi olaraq ölkədən deportasiya olunub. Kaliforniyada da Trampın miqrant siyasətinə qarşı etiraz aksiyaları keçirilir. Görünən odur ki, etirazçılarla hüquq-mühafizə orqanları, güc struktirları arasında ciddi qarşıdurma baş verir. Onu da müşahidə edirik ki, Trampla Kaliforniya ştatının qubernatoru arasında ciddi qarşıdurma, fikir ayrılıqları var. Buna da belə yanaşmaq olar ki, Kaliforniya ştatının qubernatoru demokratdır, əvvəllər də onun Trampla münasibətləri yaxşı olmayıb. O, DemokratlarınTrampa qarşı çıxış edən liderlərindən biridir və baş verənlər bu ziddiyyətləri daha da artırıb”.
M.Məmmədli qeyd etdi ki, Kaliforniya ştatının qubernatoru Trampı konstitutsiyanı pozmaqda ittiham edir: “Yəni o bildirir ki, hər bir ştatın özünün müəyyən suverenliyi var. Əgər ölkənin suverenliyinə, konstitusiya quruluşuna qarşı ciddi təhlükə varsa, bu barədə ştatın qubernatorunun prezidentə müraciətindən sonra ora milli qvardiya göndərilə bilərdi. Kalforniya ştatının qubernatoru bəyan edir ki, ancaq onların müraciəti olmadan milli qvardiya Kaliforniyaya göndərib ki, bu da qanunun aliliyinin Tramp tərəfindən pozulmasıdır. Ətraf da onu Kaliforniya ştatında baş verənlərə görə sərt şəkildə ittiham edir. Fikrimcə, baş verənləri ABŞ daxilində siyasi böhranın əlamətləri kimi dəyərləndirmək olar”.
İradə SARIYEVA