AZ

Vyanada bu nə görüşdür -Azərbaycan iqtidarından kimsə yox, Paşinyanın yerinə namizəd görüşə gəlib...


Avstriyanın paytaxtı Vyanada Azərbaycan və Ermənistan siyasi partiyalarının iştirakı ilə "Qarabağ müzakirəsi" keçirilib.

Azərbaycandan görüşdə Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev, həmçinin Müsavat Partiyasının Məclis sədri Arif Hacılı iştirak edib.

Ermənistanı isə müxalifətdən "İşıqlı Ermənistan" partiyasının sədri Edmon Marukyan və hakim "Vətəndaş müqaviləsi" partiyasının üzvü, Ermənistan parlamentinin deputatı Arusya Culhakyan təmsil edib.

İndiyə qədər prezidentlərin belə görüşündə ciddi nəticə alınmadığı analoji görüşləri keçirməkdə Avropa nəyi hədəfləyir? Bu görüşün hər hansı bir nəticəsi ola bilərmi?

Tural İsmayılov: "Həqiqi siyasi iradə və güc balansı olmadan bu cür görüşlər sadəcə siyasi turizmdir"

Məsələ ilə bağlı baki-xeber.com-a açıqlamasında politoloq Tural İsmayılov bildirdi ki, Avropa İttifaqının təşkil etdiyi bu cür görüşlər real siyasi nəticələrdən daha çox görüntü və diplomatik vitrin xarakteri daşıyır: "Vyana görüşü də istisna deyil. Köklü və emosional yüklü bir məsələni sadəcə partiya təmsilçiləri ilə müzakirə etməklə çözmək mümkün deyil. Çünki bu, dövlətlərarası və geosiyasi maraqların toqquşduğu çoxşaxəli bir problemdir. Görüşdə iştirak edən şəxslərin siyasi çəkisi və təsir imkanları məhduddur. Məsələn, Razi Nurullayev və Arif Hacılı hökuməti təmsil etmədikləri üçün qərarvermə mexanizmlərində iştirak etmirlər. Düzdür, Razi Nurullayev deputat mandatına malikdir, amma Azərbaycan-Ermənistan münasibətləri parlamentdə nadir hallarda müzakirə edilir. Danışıqları əsasən dövlət başçısı, xarici işlər naziri və digər səlahiyyətli şəxslər aparır. Ermənistan tərəfdən də eyni vəziyyət müşahidə olunur: Edmon Marukyan müxalifətdəndir, Culhakyan isə sıravi deputatdır.

Bu cür platformalar əsasən Avropanın "təəssürat yaratmaq" siyasətinə xidmət edir. Yəni belə təəssürat yaratmaq istəyirlər ki, guya vasitəçidirlər, guya tərəfləri bir araya gətirirlər. Halbuki, əsl nəticələr yalnız rəsmi Bakı və İrəvan arasında yüksək səviyyəli dövlət danışıqları ilə əldə oluna bilər. Həqiqi siyasi iradə və güc balansı olmadan bu cür görüşlər sadəcə siyasi turizmdir. Üstəlik, Azərbaycan ictimaiyyətində belə təşəbbüslərə qarşı ciddi inamsızlıq mövcuddur. Cəmiyyət bu tiplı tədbirləri “zaman itkisi” və ya “Avropa PR-ı” kimi qəbul edir. Ermənistan cəmiyyətində də bu görüşlərin reallıqla əlaqəsi olmadığını anlayanlar çoxdur.

Nəticə etibarilə, Vyana görüşü simvolik jestdən o yana keçmir. Bu tip dialoqlar nəticə deyil, yalnız siyasi proses görüntüsü yaratmaq üçündür".

Mübariz Göyüşlü: "Deputatlar, siyasi partiyalar və QHT-lər səviyyəsində təmasların qurulması sülh sazişi imzalandıqdan sonra daha effektiv nəticələr verə bilər"

Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü baki-xeber.com-a açılamasında bildirdi ki, hər halda, müharibələrdənsə danışıqlar daha faydalıdır: "Amma ümumən götürəndə, iki dövlət arasında sülh sazişi imzalanandan, sərhədlər dəqiqləşəndən sonra belə təmaslar daha faydalı ola bilər. Lakin hazırda hələ Ermənistanın dövlət səviyyəsində Azərbaycana qarşı ərazi iddiası rəsmən aradan qalxmayıb. Ermənistan konstitusiyasının preambulasında istinad edilən müstəqillik bəyənnaməsinə əsasən Ermənistan hələ də Qarabağı öz ərazisi hesab edir. Belə bir şəraitdə ictimai təmasların hər hansı bir fayda verəcəyi inandırıcı görünmür. Belə təmaslar bu 30 il ərzində kifayət qədər olub, amma bunlar məsələnin ədalətli və sülh yolu ilə həllinə gətirib çıxarmadı, hərbi müdaxilə qaçılmaz oldu.

Mən ümumiyyətlə təmasların əleyhinə deyiləm. Biz cəmiyyət olaraq düşmənin kimliyini unutmuruq, unutmamalıyıq da. Eyni zamanda, biz əbədi düşmən olası da deyilik. Belə təmaslar cəmiyyətlərdə qarşılıqlı etimadın gücləndirilməsində vacib amildir. Amma hər addım zamanında daha çox səmərə verir. Yəni deputatlar, siyasi partiyalar və QHT-lər səviyyəsində təmasların qurulması sülh sazişi imzalandıqdan sonra daha effektiv nəticələr verə bilər".

Akif NƏSİRLİ

Seçilən
27
baki-xeber.com

1Mənbələr