AZ

Azər Bağırov: “Mənim qədər işini sübut edən olmayıb”

Son olaraq “Kəpəz”ə rəhbərlik edən Azər Bağırovun “FutbolPress“ə müsahibəsi:

– Bir müddətdir, işsizsiniz. Təkliflər var?
– Xeyr, Premyer Liqadan nəsə bir şey yoxdur. Sakitlikdir.

– Bəs nə etməyi düşünürsünüz?
– Müəyyən variantlar var. İnkişaf etmək, irəli baxmaq və səbirli olub gözləmək istəyirəm.

– Bu günə qədər işlədiyiniz klublarda işinizlə müsbət rəylər almısınız. “Araz-Naxçıvan”ı elitaya yüksəltdiniz, “Kəpəz”i çempionatda saxladınız… Sizcə, nə üçün layiq olduğunuz dəyəri görmürsünüz?
– Minimum şərtlərlə böyük işlər görmüşük. Yəqin ki, qiymət verilər… Həmişə deyirlər ki, işini sübut etməlisən. Bəlkə də, mənim qədər işini sübut edən, son 10 ildə mənim qədər nəticə verən olmayıb…

– Sizcə, səbəb nədir?
– 13 günə komanda hazırlayıb Premyer Liqada oynatmışam, qışa qədər “üçlüy”ə daxil etmişəm. Hamı “Kəpəz”in liqadan düşəcəyini deyəndə biz saxladıq, 8-ci yerdə bitirdik mövsümü. Yüngül maneələr olmasaydı, 7-ci yerə də qalxa bilərdik. Komandanı elitada saxlaya biliriksə, deməli futbolu bilirik. Futbol qəliz deyil. Sadəcə sevmək lazımdır. Azərbaycan məşqçilərinə inam yoxdur. Məsələ budur.

– Nə vaxta qədər davam edəcək inamsızlıq?
– Bu sual mənə aid deyil. Cavabını deyə bilmərəm.

– Azərbaycanda yox, ölkə xaricində özünüzü sınamaq istərdiniz?
– Əlbəttə, bunu lap çox istəyirəm.

– Menecerlərlə bu haqda danışmısınız?
– Bəli, danışığım olub. Sadəcə uyğun təklif lazımdır.

– Son olaraq, milli komandanın son iki oyunu haqda fikirləriniz necədir?
– Neqativ. Müsbət nələrinsə olduğuna şübhəm var.

– Çıxış yolu məşqçi dəyişikliyidir?
– Nəsə desəm düzgün qarşılanmaz. Bunu futbol rəhbərlərimiz daha yaxşı bilər.

– Sizə təklif olsa, millini bu durumdan çıxara bilərsiniz?
– Bu haqda nəsə deməyim etik olmaz.

Şahin Cəfərov

Seçilən
9
1
futbolpress.az

2Mənbələr