AZ

Sənədsiz evlər problemi parlamentdə müzakirə olundu

“Məlumdur ki, 500 mindən artıq sənədsiz ev təkcə Bakı şəhərində var”.

Ucnoqta.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında deputat Arzuxan Əlizadə deyib.

Deputat bildirib ki, eləcə də regionlarda sənədsiz evlər çoxdur: “Ötən ilin payızında subasma nəticəsində mənim də təmsil etdiyim Sabunçu rayonunun Sabunçu qəsəbəsində çox sayda sakinin mənzilinə ziyan dəymişdi. 30-a yaxın mənzilə baş çəkdim, məlum oldu ki, evlərin çoxunun sənədi yoxdur. Neftli sahədə yerləşdiyi üçün o evlərə neftli sular dolmuşdu, o evlərdə heç yaşamaq mümkün deyildi. O evlərdə yaşayan vətəndaşlara hansısa formada dəstək olmaq istəyirdik, amma evlərin sənədləri olmadığı üçün acınacaqlı durum yaranmışdı”.

Parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib ki, sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı Azərbaycan Prezidentinin göstərişi olub: “Burada obyektiv və subyektiv səbəblər var. Obyektiv səbəblərindən biri ondan ibarətdir ki, bu evlərin bir çoxu kənd təsərrüfatlı təyinatlı torpaqlarda tikilib. Təbii ki, bundan ən çox ziyan çəkən bələdiyyələrdir. Çünki həmin sənədsiz evlərlə bağlı bələdiyyələrə əmlak, torpaq vergisi verilmir. Bu torpaqlarda tikilən evlərin sənədləşdirilməsi üçün torpağın kateqoriyası dəyişməlidir, amma bunun üçün də 5-6 nazirlikdən icazə alınmalıdır. Bu, çox uzun prosesdir. Digər tərəfdən, bu evlərin bir hissəsi neft ərazisində tikilib, bu ərazilər SOCAR-a aiddir. SOCAR gərək bunlar üçün xüsusi məktub verə ki, bunun əsasında sakinlər öz evlərini sənədləşdirsinlər. Digər qisimini yüksək qaz xətlərinin altında, dəmiryolunun kənarında tikiblər. Torpaqların kateqoriyaları dəyişməlidir, yenilənməlidir. Artıq sənədsiz evdə yaşayanları qeydiyyatdan da çıxarırlar. O baxımdan çalışırıq ki, bu məsələnin həlli üçün komitə olaraq nə bacarırıqsa, kömək edək”.///apa

Seçilən
9
ucnoqta.az

1Mənbələr