Azərbaycanın I Liqasının 2024/25 mövsümünün oyunlarını 64 min 595 tamaşaçı izləyib.
"Report" Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 135 oyunda orta göstərici 478-ə bərabər olub.
Bu matçlardan ikisinin nəticəsi sonradan ləğv edilsə də, “Difai” – MOİK (40 tamaşaçı) və “Cəbrayıl” - “Qaradağ Lökbatan” (70 tamaşaçı) qarşılaşmaları tamaşaçı sayında nəzərə alınıb.
“Karvan” izləyici sayında hamını böyük fərqlə qabaqlayıb. Yevlax təmsilçisi ev oyunlarında orta hesabla 1950 tamaşaçı toplayıb. “İmişli” 2-ci, “Mingəçevir” 3-cü olub.
8-ci və 24-cü turlarda keçirilən “Karvan” – “Qəbələ” matçlarını daha çox – 3000 tamaşaçı izləyib. Üç görüşdə isə 2500 izləyici qeydə alınıb. Bu, 5-ci turun “Karvan” – “İmişli”, 7-ci turun “Karvan” – “Cəbrayıl” və 22-ci turun “İmişli” – “Karvan” görüşləridir.
Komanda Tamaşaçı Oyun Orta
1 "Karvan" 27300 14 1950
2 "İmişli" 11520 14 823
3 "Mingəçevir" 10230 13 787
4 "Zaqatala" 6000 13 462
5 "Qəbələ" 4180 14 299
6 "Qaradağ Lökbatan" 1530 13 118
7 "Baku Sporting" 1400 13 108
8 MOİK 1035 14 74
9 "Cəbrayıl" 680 13 52
10 "Difai" 720 14 51
Cəmi 64595 135 478