AZ

Razi Nurullayevdən ünvanlı təklif və tənqidlər

Deputat Razi Nurullayev hökumət üzvlərinin də qatıldığı Milli Məclisin iclasında çıxış edərək bəzi məqamlara diqqət çəkib.

Musavat.com bildirir ki, deputat dövlət büdcəsinin icrası haqqında qanun layihəsinə səsvermədə mövqeyini bildirəcəyini deyərək əlavə edib:

“Yaxşı işlər də var, narahatedici məqamlar da. Büdcənin icrasında get-gedə şəffaflığın artırılmasını hiss edirəm və bu, xoşdur. Son zamanlar maliyyə sahəsində də ciddi dəyişiklik anonsları oxuyuram və bu da xoş təsir bağışlayır.

Büdcədə hər il artımlar görürük və istərdim ki, bu artımlar real iqtisadiyyatın real nəticələrinə söykənsin. Daxili məhsulların artması nəticəsində nail olunsun. Daxili istehsal olsun və bu sahəyə yatırımlar artsın.

İstərdim ki, adambaşına düşən məhsulun həcminə görə qonşu ölkələrdən geri qalmayaq. Növbəti büdcələrdə rəqabətli əmək haqları məsələsi həll edilsin və əmək haqları arasındakı ciddi fərqlər aradan qaldırılsın, bu sahədə qonşu ölkələrdən geri qalmayacaq”.

Razi Nurullayev digər narahatlığını da bölüşüb və təklifinin olduğunu deyib:

“Bu təklifi 2021-ci il 29 oktyabr tarixində də səsləndirmişəm. Təklif edirəm ki, parlamentdə "hökumət saatı" müəyyənləşdirək və ayda bir dəfə bir hökumət üzvü suallarımızı cavablandırsın.

Komitə iclaslarında, plenar iclaslarda əhatəli danışmaq və canlı, interaktiv sual-cavab etmək mümkün olmur. Suallar və narahatlıqlar da yığılıb qalır.

Ayrı-ayrı hökumət üzvlərinə, nazirlik, agentlik, səhmdar cəmiyyətlər və sair rəhbər şəxslərə ciddi suallarımız var. Bu məsələlərdə Parlamentin rolu nəinki artırılmalı, həm də mütləq olmasına zərurət yaranıb. Deputatın işi yalnız hazır gələn qanunları müzakirə etmək olmamalıdır. Qanunvericiliyin yaradılmasında yaxından iştirak etməlyik. Qanunlar gəlir və göndərən subyekt dəyişikliklərə qarşı olur. Bu, yolverilməzdir.

Komitə iclaslarında, digər toplantılarda 15-20 deputat danışır, sual verir, bəzi suallara bir neçə cümlə ilə arqumentsiz cavablar verilir, çox suallar cavabsız qalır, aidiyyəti vəzifəli şəxs də qovluğunu götürüb gedir. Elə bil notariusa təsdiqə gəlib. Kim düşünürsə ki, parlament notariusdur, ciddi yanlışlığa yol verir. Onun üçün də bu cür yanaşmalarına düzəliş etsələr, yaxşı olar”.

E.Paşasoy,
Musavat.com

Seçilən
14
1
musavat.com

2Mənbələr