AZ

“Tomas Qolts: Neft Odisseyası” sənədli filminin təqdimatı keçirilib

Bakı, 13 iyun, AZƏRTAC

Bakı Konqres Mərkəzində tanınmış amerikalı jurnalist və yazıçı Tomas Qoltsun həyat və yaradıcılığına, Azərbaycanın enerji siyasətinin təbliğində oynadığı rola həsr olunmuş “Tomas Qolts: Neft Odisseyası” sənədli filminin premyerası keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunub.

Təqdimat mərasimində dövlət və hökumət rəsmiləri, SOCAR rəhbərliyi, İqtisadiyyat Nazirliyinin və SOCAR-ın əməkdaşları, mərhum Tomas Qoltsun ailə üzvləri, ictimaiyyət nümayəndələri, o cümlədən rəmzi olaraq Bakı Ali Neft Məktəbinin 102 tələbəsi iştirak edib.

Tədbirin açılış mərasimi zamanı “Neft Odisseyası” sənədli filmində Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi enerji strategiyasından, Azərbaycanın neft sənayesinin ölkəmizin müasir tarixindəki rolundan bəhs olunduğu vurğulanıb. Filmdə, həmçinin nadir arxiv materialları, müsahibələr və Tomas Qoltsun şəxsi xatirələri yer alır. Çıxışlarda Ulu Öndər Heydər Əliyevin müdrikliyi və strateji baxışı nəticəsində reallaşdırılan “Əsrin müqaviləsi”nin Azərbaycanın enerji sektorunu dünyaya tanıdaraq ölkəmizi qlobal enerji bazarlarında mühüm tərəfdaşa çevirdiyi, bugünkü uğurların təməlində Ümummilli Liderin siyasi iradəsinin və düşünülmüş enerji strategiyasının dayandığı qeyd olunub.

Filmin təqdimat mərasimində ADA Universitetinin rektoru, fəxri qonaq Hafiz Paşayev çıxış edərək mərhum Tomas Qoltsun Azərbaycanla bağlı fəaliyyətindən, enerji strategiyamızın təbliğinə verdiyi dəyərli töhfələrdən bəhs edib. Hafiz Paşayev qeyd edib ki, Tomas Qolts macəraçı idi və onun macəraları yaxşı işlərə və xeyirxahlığa yönəlmişdi.

“Hələ 1997-ci ildə T.Goltsun “Vaşinqton Post” qəzetində Azərbaycan haqqında məqaləsi çıxdı. Məqalədə T.Golts Azərbaycanı Amerikada tanıtmaqla yanaşı 907-ci düzəlişin haqsız olduğunu bildirirdi. Onun ABŞ mətbuatında 20 Yanvar, Xocalı faciəsi barəsində çoxsaylı məqalələri dərc olunub. T.Golts ömrünün sonuna kimi Azərbaycanın dostu oldu. Bu film həqiqətləri əks etdirməklə yanaşı, bu böyük insanın həyatını da göstərdi”, - deyə Hafiz Paşayev vurğulayıb.

Sonra filmin rejissoru Rüfət Həsənov, Tomas Goltsun qardaşı Vinsent Golts və başqaları çıxış edərək jurnalist və yazıçı haqqında xatirələrini danışıblar.

Mərhum jurnalistin qardaşı Vinsent Qolts Tomas Qoltsun Azərbaycana olan dərin sevgisindən danışıb və ailəsi adından bu filmə, eləcə də onun xatirəsinin yaşadılmasına göstərilən diqqətə görə minnətdarlığını ifadə edib.

Tədbirdə Tomas Qoltsun jurnalist fəaliyyətinin böyük hissəsini ölkəmizə həsr etməsi və Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında göstərdiyi xidmətlər xüsusi vurğulanıb. Tomas Qolts Azərbaycanın böyük dostu kimi xatırlanıb və onun dəyərli irsi ehtiramla yad olunub.

 

Seçilən
10
5
azertag.az

6Mənbələr