AZ

İran vurulan kimi neft bahalaşdı - Azərbaycan neftinə mümkün təsirlər...


Ilham Şaban: “Gərginlik zirvəyə çıxdıqca, neftin qiyməti yüksək olacaq”

İsrailin İrana hücumundan sonra neftin qiyməti 7 faizdən çox artıb. “Brent” markalı neftin bir barrelinin qiyməti 4,28% bahalaşaraq 73,35 ABŞ dollarına yüksəlib. “West Texas Intermediate” (WTI) markalı xam neftin iyul fyuçerslərinin qiyməti isə 7,95% artaraq 1 barrel üçün 73,03 ABŞ dolları təşkil edib. Hazırkı proses Azərbaycana və manata necə təsir edəcək?

Enerji məsələləri üzrə ekspert İlham Şaban baki-xeber.com-a şərhində bildirdi ki, İsrailin hücumları zamanı İranın hər hansı neft infrastrukturu ciddi zərər görməyib: “Gərginlik zirvəyə çıxdıqca, neftin qiyməti yüksək olacaq. Xatırladım ki, 2022-ci ildə Ukraynada baş verənlərin fonunda, martda neftin qiyməti 139 dollara qədər artdı. Daha sonra isə eniş etdi. Rusiya-Ukrayna müharibəsi hələ də davam edir, hərçənd, neftin qiyməti son 2 ayda 65 dollar ətrafında dəyişir.

Hazırda neftin qiymətində baş verən artım raket və təyyarə zərbələri, uranı zənginləşdirən mərkəzlərin bombalanması və digər proseslərlə bağlıdır. Peruda və ya Cənubi Afrika Respublikasında bu kimi hadisələr baş versəydi, neftin qiyməti bu qədər qalxmayacaqdı. Ancaq nəzərə almaq lazımdır ki, İran ildə 200 milyon tondan çox neft hasil edir və bunun da yarısını dünya bazarına çıxarır. Belə bir ölkədə sabitliyin pozulması bazarlara ciddi təsir göstərir”.

Natiq Cəfərli: “Israil-İran münaqişəsi ölkəmizə də təsir edəcək”

İqtisadçı ekspert Natiq Cəfərli hesab edir ki, məlum münaqişə nəticəsində neftin qiyməti birdən-birə 8 faiz artaraq, 75-76 dollara çatıb: “Münaqişə davam etdiyi dövrdə ən azından bahalaşma özünü göstərəcək. Çünki Fars körfəzi, Hörmüz boğazı neft tankerlərinin 30 faizinin keçdiyi bir bölgədir. Bu hadisə ölkəmizə də təsir edəcək.Belə ki, Azərbaycana əlavə neft gəlirləri daxil olacaq. Bu bir müddətlik olsa belə, ölkəyə daha çox valyuta daxil olacaq”.

Günel CƏLİLOVA

Seçilən
36
50
baki-xeber.com

10Mənbələr