AZ

Əsgərlərlə ağsaqqalların Milli Qurtuluş Gününə həsr olunmuş görüşü keçirildi

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovun iştirakı ilə Gəncədə Müdafiə Nazirliyinin Quru Qoşunlarının N saylı hərbi hissəsində əsgərlərlə ağsaqqalların 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş görüşü keçirilib.

Modern.az xəbər verir ki, ümumilikdə 500 nəfərdən çox əsgər və zabitin iştirak etdiyi tədbirdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov hər kəsi Milli Qurtuluş Günü münasibətilə təbrik edərək bu əlamətdar günün tarixi əhəmiyyətindən, Ulu Öndər Heydər Əliyevin misilsiz xilaskarlıq missiyasından, xalqımız və dövlətimiz üçün müstəsna xidmətlərindən ətraflı bəhs edib. Bildirib ki, 1993-cü ilin iyununda dahi şəxsiyyətin xalqımızın təkidli xahişi ilə Naxçıvandan Bakıya, eləcə də ikinci dəfə hakimiyyətə  böyük qayıdışı tariximizin həlledici dönüş nöqtəsi, Azərbaycanın Milli Qurtuluş Günü oldu. Sonra natiq müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli əsgər və zabitlərimiz tərəfindən torpaqlarımızın işğaldan azad olunmasından, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa edilməsindən, dövlət başçısının uğurlu daxili və xarici siyasətindən, qazanılan böyük nailiyyətlərdən söz açıb, bu inkişaf prosesində möhtərəm Prezidentimizin Ordumuza göstərdiyi diqqət və qayğını xüsusi vurğulayıb. Bildirib ki, bu gün Ümummilli Liderimizin işıqlı yolunu layiqincə davam etdirən ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionda yüksək inkişaf tempinə malik olan, dünyada sayılıb-seçilən,  “imzalar içində qızıldan imzası olan”, uğur salnaməsi yazan dövlət statusunu qazanıb. Biz əminik ki, bütün bu inkişaf strategiyasının əsasını qoyan Ulu Öndər Heydər Əliyev əbədi bir mayak kimi Azərbaycana daim doğru yolu - tərəqqi yolunu  göstərəcəkdir!

Tədbirdə çıxış edən digər natiqlər də 15 İyun – Milli Qurtuluş Günü ilə bağlı öz fikirlərini bölüşüblər. Ümummilli Liderimiz Heydər Əliyevin həyata keçirdiyi şərəfli xilaskarlıq xidmətindən, eləcə də Ulu Öndərin gərgin zəhməti, yüksək əzmi və siyasi iradəsi sayəsində görülən möhtəşəm işlərdən söz açıblar.

Görüşün sonunda hərbi hissə komandanlığının rəhbərliyi tərəfindən tədbirdə iştirak edən hər kəsə minnətdarlıq edilib və bildirilib ki, bundan sonra da Ulu Öndər Heydər Əliyevin və müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin əsgəri kimi bütün çətinliklərə sinə gərərək Vətənimizi göz-bəbəyimiz kimi qoruyacağıq.

Seçilən
80
50
modern.az

10Mənbələr