AZ

"İran İsraillə müharibəni dayandırmağa hazırdır, amma şərti var"

"İsrailin İrana qarşı hücumları BMT Təhlükəsizlik Şurası tərəfindən sükutla qarşılanıb, bu isə beynəlxalq hüququn məğlubiyyətidir..."
 
İran xarici işlər naziri Abbas Araqçı son günlərdə verdiyi açıqlamalarla Tehranın ritorikasında diqqətçəkən yumşalma nümayiş etdirib.
 
Moderator.az xəbər verir ki, bu barədə "tass.ru" agentliyi məlumat yayıb
 
Agentlik qeyd edir ki, əgər əvvəllər İranın yanaşması daha çox təhdid və qarşılıq mesajları ilə xarakterizə olunurdusa, indi o, şərtli də olsa, atəşkəsə və diplomatik razılaşmalara açıq olduğunu bəyan edir.
 
Araqçının sözlərinə görə, əgər İsrail hərbi əməliyyatlarını dayandırarsa, İran da öz zərbələrini saxlayacaq. "Biz sadəcə özümüzü müdafiə edirik. Hücumlara qarşı verdiyimiz cavab beynəlxalq hüquqa əsaslanan qanuni müdafiədir. Əgər bu təcavüz dayandırılsa, bizim cavablarımız da təbii olaraq bitəcək", - o, bildirib.
 
Nazir həmçinin İranın nüvə silahı istehsalından imtina etməyə hazır olduğunu, lakin sülhməramlı nüvə proqramını inkişaf etdirmək haqqından vaz keçməyəcəyini vurğulayıb. Araqçı ABŞ-ı İsrailin son hücumlarını dolayısıyla dəstəkləməkdə və bununla da nüvə danışıqlarını pozmaq cəhdində ittiham edib. Onun sözlərinə görə, Tehranın Vaşinqtonla Oman vasitəçiliyi ilə aparılan danışıqlarda irəliləyiş əldə olunmuşdu və yeni mərhələyə keçmək üzrə idilər.
 
Kipr vasitəsilə mesaj: diplomatik kanal axtarışı
 
Tehran İsraillə birbaşa əlaqə qurmaq əvəzinə, Cənubi Kipr vasitəsilə baş nazir Benyamin Netanyahuyə mesaj göndərib. Kipr prezidenti Nikos Xristodulidis bu barədə məlumat verərək bildirib ki, İran tərəfinin müraciəti əsasında İsrail rəhbərliyi ilə əlaqə yaradılacaq. Xristodulidis bu missiyanı belə izah edib: "Biz bölgədə hər kəslə danışa bilən bir ölkəyik. Gərginliyə son qoymaq üçün şərait yaratmağa çalışırıq".
 
Qeyd edək ki, son həftələrdə İrandan İsrailə yönəlmiş raket hücumları nəticəsində Aralıq dənizi regionunda, o cümlədən Kiprdə ciddi təşviş yaşanıb. Yerli hakimiyyət fövqəladə hallarda istifadə üçün mobil tətbiq hazırladığını açıqlayıb, 2200 sığınacaq bu məqsədlə artıq istifadəçilərin ixtiyarına verilib.
 
Tehran diplomatik mövqe sərgiləyir
 
Araqçı diplomatik tonunu dəyişərək beynəlxalq ictimaiyyətə də çağırış edib. Onun fikrincə, "İsrailin İrana qarşı hücumları BMT Təhlükəsizlik Şurası tərəfindən sükutla qarşılanıb, bu isə beynəlxalq hüququn məğlubiyyətidir".
 
Nazir əlavə edib ki, "İran İsrailin Cənubi Pars qaz yatağına endirdiyi zərbəni beynəlxalq hüquqa qarşı ağır cinayət hesab edir və bu hücumla regiondakı müharibənin Fars körfəzinə daşınması məqsədi güdülür".
 
Ən maraqlı məqam isə İranın İsrailə qarşı müharibəni genişləndirmək niyyətində olmaması ilə bağlı verdiyi mesajdır. Araqçı qeyd edib: "Əgər bizə müharibə zorla sırınmasa, regionda genişmiqyaslı qarşıdurma istəmirik. Beynəlxalq ictimaiyyət bu təcavüzü durdurmalıdır, bu, bölgədə sülhə gedən ən qısa yoldur".
 
Bu bəyanatlar Tehranın əvvəlki sərt ritorikasından kəskin şəkildə fərqlənir və onun diplomatik həll yollarına açıq olduğunu göstərir. ABŞ və İsrailin bu mesajlara necə reaksiya verəcəyi isə hələlik bəlli deyil.
Seçilən
21
41
moderator.az

10Mənbələr