İsrail və İran arasında artan gərginlik fonunda münaqişənin region ölkələrinə yayılması ehtimalı müzakirə olunur.
Yaxın Şərqdə bir sıra dövlətlər bu iki ölkənin müxtəlif formalarda təsiri altındadır və bölgədəki silahlı qruplaşmalar vasitəsilə dolayı təsirlər mümkündür. İsrail və İran müharibəsinin region ölkələrinə yayılması ehtimalı varmı?
Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov İsrailin İrana qarşı hücumunun uzun müddətdir planlaşdırılan və ehtimal ki, gecikmiş bir proses olduğunu bildirib. Onun sözlərinə görə, İsrail əvvəldən bu niyyətini açıq şəkildə nümayiş etdirirdi:
“Lakin bu hücumun həyata keçirilməsi bir sıra çətinliklər və maneələrlə müşayiət olunurdu. Əsas səbəblərdən biri ABŞ-nin bu məsələdə tutduğu mövqe idi. Son dövrlərdə Yaxın Şərqdə baş verən hadisələr göstərdi ki, regionda münasibətlərdə soyuqluq müşahidə olunur. ABŞ administrasiyası diplomatik həllərə üstünlük verir və İranla nüvə danışıqları aparırdı. Belə bir vaxtda İsrailin hücumu, əslində, həmin danışıqlara əngəl törətmək məqsədi daşıyırdı. İsrail istəmirdi ki, nüvə danışıqları nəticə versin və İran beynəlxalq legitimlik qazansın. Bu səbəbdən, danışıqların nəticə verə biləcəyi ehtimalını görərək, hücum qərarı verdi. İsrailin Baş naziri Benyamin Netanyahu bu məsələ ilə bağlı bir neçə dəfə Vaşinqtona səfər etmişdi. Lakin ABŞ administrasiyası ona açıq dəstək vermədi. ABŞ Prezidenti Donald Tramp hücumdan xəbəri olduğunu bəyan etsə də, ehtimal olunur ki, bu məlumat yalnız ümumi səviyyədə olub. Əgər o, hücumun detalları barədə məlumatlı olsaydı, hücumdan cəmi 2-3 gün sonra yenidən nüvə danışıqları ilə bağlı təqvimin müəyyənləşdirilməsi real olmazdı. Bu da onu göstərir ki, hücum ABŞ üçün müəyyən mənada sürpriz olub".
K.Novruzov İranın qarşısında iki yol olduğunu qeyd edib: cavab verməmək və müharibənin genişlənməsinin qarşısını almaq, ya da sərt cavab verməklə daxildəki narazılığı yatırtmaq:
“Cavab verilmədiyi təqdirdə, ölkə daxilində ciddi narazılıq və hətta vətəndaş qarşıdurması riski yarana bilərdi. Çünki hücum nəticəsində 20-yə yaxın yüksək rütbəli iranlı şəxs həlak olmuşdu. İran xalqı bu hadisəni səssiz qarşılamazdı. Nəticədə Tehran cavab verməyi seçdi və bu da müharibənin daha da genişlənməsi ehtimalını artırdı”.
Müsahibimiz vurğulayıb ki, hazırkı vəziyyətdə proseslərin necə davam edəcəyi əsasən Tehran və Vaşinqton arasında gedəcək danışıqlardan asılı olacaq:
“Əgər İran diplomatik masaya oturaraq konstruktiv mövqe sərgiləsə və ABŞ-nin əsas tələblərini qəbul etsə, qarşılığında Vaşiqton da müəyyən təminatlar verə bilər. Lakin əgər İran kompromisdən imtina edib, açıq şəkildə nüvə silahına sahib olmaq istədiyini bəyan edərsə, o zaman ABŞ İsrailə həm açıq, həm də gizli şəkildə dəstəyini davam etdirəcək. Bu isə regionda müharibənin daha geniş miqyas alması riskini artıracaq”.
Fidan Hacızadə
Sfera.az