AZ

Bonnda İyun İqlim Sammitinin birinci günü yekunlaşıb

Almaniyanın Bonn şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (UNFCCC) çərçivəsində Subsidiar Orqanların 62-ci sessiyası – SB62 birinci günü işini yekunlaşdırıb.

“İki sahil” xəbər verir ki, səhər saatlarında işinə başlayan tədbirin birinci günü iqlim dəyişikliyi ilə bağlı mövcud qlobal vəziyyətin təhlili, 2025-ci ildə keçiriləcək COP30 konfransına hazırlıq, həmçinin Azərbaycanın COP29-a ev sahibliyi çərçivəsində öhdəlikləri və təşəbbüsləri ilə bağlı müzakirələr aparılıb.

SBI sədri, Avstraliyanı təmsil edən Julia Gardiner çıxışında COP tərəflərini konfransın uğurlu və iddialı nəticəsini çatdırmaq üçün birgə çalışmağa və razılığa gəlməyə çağırıb. “Alt-qərargahın sədri ilə birlikdə yardımçı qurumların gündəliyinin qəbulu ilə bağlı danışıqlar qrupları və tərəflərlə bir sıra məsləhətləşmələr və ikitərəfli görüşlər keçirdik. Dünən biz də gündəliyin qəbulu ilə bağlı nümayəndə heyətləri rəhbərlərinin iclasını çağırdıq. Biz bu gün intensiv məsləhətləşmələri davam etdirdik və mən indi sizə hesabat verməyə hazıram. Bu məsləhətləşmələr ərzində tərəflər SB62-də gözlənilən mandatlar və nəticələr üzrə irəliləyişin həyati əhəmiyyətini nəzərə alaraq, bu gün işə başlamaq üçün ümumi istəklərini ifadə etdilər. Mən tərəfləri UNFCCC/SBI/ 2025/5N sənədində olan əlavə müvəqqəti gündəliyi qəbul etməyi təklif edirəm”, - deyə Julia Gardiner bildirib.

Daha sonra tərəflər Avropa İttifaqının nümayəndəsi, İraq, Çin, Boliviya, Səudiyyə Ərəbistan, Tuvalu nümayəndələri təkliflərlə çıxış ediblər.

Sessiyanın ilk günündə BMT-nin İqlim Dəyişikliyi üzrə İcraçı Katibliyinin rəhbər şəxsləri, ölkələrin danışıqlar nümayəndə heyətləri, vətəndaş cəmiyyəti təmsilçiləri, eləcə də beynəlxalq ekspertlər çıxış ediblər. Müzakirələrdə diqqət mərkəzində olan əsas məsələlərdən biri iqlim maliyyələşməsi, itkilər və zərərlər üzrə mexanizmlər, 2025-ci ildən sonra yeni kollektiv iqlim maliyyəsi hədəfləri və Paris Sazişinin tam icrası olub.

SB62 sessiyası çərçivəsində Azərbaycan nümayəndə heyəti də çox aktiv iştirak edir.

Tədbirdə COP29 sədri Muxtar Babayevin rəhbərlik etdiyi, nümayəndə heyətində COP29-un Baş danışıqçısı Yalçın Rəfiyev, o cümlədən COP29-un Gənclər üzrə Çempionu Leyla Həsənova bir sıra ikitərəfli və çoxtərəfli görüşlər keçirib, gənclərin iqlim fəaliyyətində rolu, inklüzivlik və tərəfdaşlıq mexanizmləri barədə təqdimatlar ediblər.

Bonn sessiyasında diqqət çəkən mühüm təşəbbüslərdən biri də COP29 və COP30-un gənclər nümayəndələri arasında keçirilən yüksəksəviyyəli görüş olub. Görüş zamanı Azərbaycanın və Braziliyanın gənclər üzrə nümayəndələri ortaq təşəbbüslər və qlobal gənclər platformalarının gücləndirilməsi istiqamətində əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Sessiyanın birinci günü ərzində həmçinin texniki işçi qruplar çərçivəsində iqlim dəyişikliyi üzrə məlumatların monitorinqi və hesabatlılıq, adaptasiya planlaşdırması, milli səviyyədə müəyyən edilmiş töhfələrin (NDC) icrası, eləcə də texnologiya transferi və innovasiyalar üzrə təhlillər aparılıb.

Qeyd edək ki, SB62 sessiyası iyunun 26-dək davam edəcək. Bu sessiya COP30-a aparan yol kimi qiymətləndirilir və Braziliyada keçiriləcək 30-cu Tərəflər Konfransı öncəsi mühüm danışıqlar mərhələsini təşkil edir.

Seçilən
24
2
ikisahil.az

10Mənbələr