AZ

İlk zəvvar qrupu: Heç qorxmadıq, çox rahat səfər oldu - Reportaj/FOTOLAR

İyunun 16-da Həcc ziyarətindən qayıdan zəvvarların ilk qrupları vətənə dönüb. Onlar ziyarətlərini tamamlayıb AZAL vasitəsilə Mədinədən yola düşüblər. Təyyarə axşamüstü Heydər Əliyev adına Beynəlxalq Hava Limanına eniş edib.

Teleqraf-ın əməkdaşı hava limanında hacıları qarşılayan insanlar arasında olub və hacılarla həmsöhbət olub.

Reportajı təqdim edirik:

Aeroporta çatdıqda Mədinədən gələn təyyarənin çatıb-çatmadığını soruşdum. Dedilər, elə çatmaq üzrədir. Hava limanında yuxarı mərtəbəyə qalxıb təyyarənin enişini izləyə biləcəyimi bildirdilər. Ora çatanda artıq təyyarə göydən enmək üzrə idi. Ətrafda ziyarətdən gələnlərin yaxınları səbirsizliklə gözləyirdilər. Çoxunun əlində hədiyyə var idi, əksəriyyəti də gül idi. Çox həyəcanlı görünürdülər. Bəziləri əlində telefonla təyyarənin enişini çəkirdi. Gözləyənlərin aralarında uşaqlar da var idi. Sanki onlar daha çox səbirsizlənirdilər. Atasını, nənə-babasınə gözləyən uşaqlar da çox həyəcanlı idilər.

Nəhayət təyyarə eniş etdi. Gözləyənlərin gözündə sevinc hiss olunurdu. Bəziləri sevincdən göz yaşını saxlaya bilmirdi.

Təyyarənin endiyini gördükdən sonra hər kəs aşağı mərtəbəyə düşüb yaxınlarını qarşılamağa tələsdi. Hacıların ora gəlmələri bir az vaxt aldı. Bir qədər gözlədikdən sonra onlardan bir neçəsi artıq göründü. Bu zaman alqış səsləri ucaldı. Onların üzündə qürur və sevinc hiss olunurdu.

Hacılar onları gözləyən yaxınlarının boynuna sarıldılar, uşaqlar atalarının, nənə-babalarının üstünə qaçıb onları qucaqladılar. Hətta azyaşlı bir qız atasının üstünə qaçıb ağlamağa başladı, atası onu qucağına alıb sakitləşdirdi.

Gül buketi verənlər, şəkil çəkdirənlər, video çəkənlər, səmimi görüşlər, sevinc göz yaşları...

Səfərin neçə keçdiyini onların dilindən öyrənmək üçün QMİ-də Həcc ziyarəti işləri üzrə bələdçi Yusif Bağırovla əlaqə saxladım. O da gələnlərin arasında idi.

Yusif Bağırov dedi ki, bu gün ilk qruplarda 173 nəfər qayıdıb.

O, səfəri çox gözəl və rahat başa vurduqlarını söylədi.

Onun sözlərinə görə, həm havanın münasibliyinə, həm də yüksək təşkilatçılığa görə zəvvarlar səfərdən çox məmnun qalıblar:

"QMİ-nin təşkil etdiyi Həcc ziyarəti hər il daha da yaxşı olur, zəvvarların rahatlığı məsələlərində günü-gündən inkişaf var. Bu il əvvəlki illərdən fərqli olaraq, Səudiyyə Ərəbistanın Həcc və Ümrə Nazirliyi müxtəlif ölkələrdən qaçaq gələnlərin qarşısını almaq üçün daha ciddi nəzarət edirdi. Ərafatda çadırların yenilənməsi, vaxtlı-vaxtında qida verilməsi, nəqliyyatın intensiv işlənməsi müsbət hallardan idi".

İran-İraq münaqişəsinə gəldincə, o, zəvvarların bununla bağlı heç bir narahatlıq yaşamadığını dedi: "Sadəcə olaraq, hansısa ölkəyə uçuş təhlükə yaradırsa, Beynəlxalq Hava Yolları arasında müəyyən razılıq əldə olunur və uçuşlar digər ölkələr üzərindən uçuşlar həyata keçirilir".

İlk dəfə Həcc ziyarətindən gələn Həmidə Quliyeva deyir ki, 21 günə yaxın çox mənalı və gözəl bir vaxt keçirib.

Onun sözlərinə görə, qruplar çox yaxşı təşkil olunub: "İstər otellərdə, istərsə də çöllərdə təşkilatçılıq və şərait mükəmməl idi. Həm Ərafat çölündə, həm də Minada şərait çox yaxşı idi. Çöllərdə yatacaq, qida ilə təmin olunduq, transfer də mükəmməl idi. Belə şəraitlə rastlaşacağımızı düşünmürdük. Bunları sadəcə söz olaraq demirəm, tam səmimi deyirəm. İstilərlə dəhşətli günlər keçirəciyimizi düşünürdük, amma elə olmadı. Hazırda 46 dərəcədən düşüb 24 dərəcəyə gəlmişik. Amma biz orada 46 dərəcəni hiss etmədik".

O, İran-İraq münaqişələrinə görə orada heç bir qorxu keçirmədiklərini söyləyir: "Sadəcə, Azərbaycandan ailələrimizdən zənglər gəlirdi. Onlar çox narahat idilər. Yolda belə biz qorxmadıq, rahat olduq. Bəlkə də biz sosial şəbəkələrdən uzaq idik, ona görə psixoloji təsir də olmadı".

İlk Həcc ziyarətindən qayıdan zəvvar Hacı Əlirza Bayramov deyir ki, səfərdən çox razı qalıb və səfər boyu heç bir narahatlıq yaşamayıb.

"Bircə, İran-İsrail münaqişələrinə görə səfərdə həyəcan keçirdim", - o əlavə edib.

Digər bir Hacı Xumar Rəhimova isə deyir ki, əvvəl Kərbəla ziyarətinə gedib. Onun sözlərinə görə, səfər əla keçib. "Münaqişə məsələsini eşitdikdə isə heç qorxmadıq", - o vurğulayıb.

Seçilən
33
teleqraf.com

1Mənbələr