Bu çağırış ABŞ-İsrail münasibətlərinə təzyiq vasitəsi kimi istifadə olunurmu və Vaşinqtonun bu kontekstdə mövqeyi regionda sülhün bərpasına real təsir göstərə bilərmi?
"İsrail İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatları "özünü müdafiə" adı altında əsaslandırır və iddia edir ki, bu müdaxilələr İranın nüvə silahı əldə etməsinin qarşısını almaq məqsədi daşıyır. Lakin bu arqumentin özü kökündən yanlışdır və vəziyyət əslində daha qlobal bir planın tərkib hissəsidir".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib. O qeyd edib ki, əsas məqsəd nüvə məsələsi deyil, ABŞ və Qərbin İranda rejim dəyişikliyi üçün genişmiqyaslı layihə ilə regionda və dünyada gərginliyi artırmasıdır:
"Əsas məqsəd sadəcə nüvə məsələsi deyil. Əsas hədəf - başda ABŞ olmaqla, Qərbin İranda rejim dəyişikliyi etməyə çalışmasıdır. İsrailin strateji obyektlərə zərbələrindən sonra ölkənin baş naziri açıq şəkildə bəyan etdi ki, məqsəd İranda rejim dəyişikliyidir və bu məqsədlə İran xalqına da müraciət edilib. Yəni nüvə zənginləşdirilməsi sadəcə bəhanədir.
Bu genişmiqyaslı layihə ABŞ-nin birbaşa iştirakı ilə həyata keçirilir. ABŞ regionlarda gərginliyi artırmaq siyasətini yürüdür: Yaxın Şərqdə İsrailin əli ilə, Avropada Ukraynanın əli ilə, Cənubi Qafqazda Ermənistanın əli ilə, Uzaq Şərqdə isə Tayvan vasitəsilə. Bütün bu gərginlik ocaqları ABŞ-nin qlobal məqsədlərinə xidmət edir".
Siyasi şərhçinin sözlərinə görə, ABŞ Çini zəiflətmək, Rusiyanın cənub çıxışını bağlamaq və Türkiyənin regional gücünü məhdudlaşdırmaq məqsədilə İsrailə hərtərəfli dəstək verərək regionda genişmiqyaslı münaqişə yaratmaqdadır.
"İran məsələsinə gəlincə, ABŞ burada rejimi dəyişib, öz maraqlarına uyğun bir hakimiyyət qurmaq istəyir. Bu dəyişiklik üç əsas strateji məqsədə xidmət etməlidir:
1. Çinin iqtisadi zəiflədilməsi: İranın neftinin 70-80%-i ucuz qiymətlərlə Çinə satılır. Bu, Çin iqtisadiyyatını gücləndirən əsas amillərdən biridir. ABŞ isə İran neftinin Çinə axınının qarşısını almaqla Pekini zəiflətmək istəyir.
2. Rusiyanın cənub çıxış yolunun bağlanması: Şimal-Cənub dəmir yolu layihəsi Rusiyanın İran üzərindən Hind okeanına çıxışını təmin edir. Bu yolun bağlanması ilə Moskvanın strateji manevr imkanları məhdudlaşdırıla bilər.
3. Türkiyənin gücünün qarşısının alınması: Artmaqda olan türk dövlətləri birliyi - Turan ideyası - yeni güc mərkəzinə çevrilməkdədir. İran bu mərkəzin coğrafi və strateji qovşağında yerləşir. ABŞ-nin marağı, idarə olunan İran vasitəsilə bu birliyin qarşısını almaqdır.
Bu plan çərçivəsində ABŞ İsrailə hərtərəfli - siyasi, hərbi və informasiya dəstəyi verir. ABŞ prezidenti Donald Tramp da dəfələrlə bəyan edib ki, əgər İran İsrailə ciddi zərbə endirərsə, ABŞ dərhal İsrailin müdafiəsinə qalxacaq. İranda rejim dəyişikliyi üçün quru əməliyyatının keçirilməsi vacib sayılır. Hava zərbələri ilə məqsədə çatmaq mümkün deyil. Hazırda ABŞ İsrail ətrafında hərbi kontingentini gücləndirir, hətta Ukraynadan hava hücumundan müdafiə sistemlərini Yaxın Şərqə gətirir, döyüş gəmilərini İsrail ətrafında yerləşdirir. Bu isə İsrailin əməliyyat imkanlarını artırmaq məqsədi daşıyır. Əgər NATO və ABŞ İsrailə açıq şəkildə dəstək verərək İrana qarşı hərbi əməliyyata başlasa, bu münaqişə genişlənə və regionu böyük bir müharibəyə sürükləyə bilər. İranın Xarici İşlər Naziri ABŞ Prezidentinə müraciət edərək münaqişənin dayandırılmasını istəsə də, bu real görünmür. Çünki bu münaqişənin əsas təşəbbüskarı elə ABŞ-nin özü və onun siyasi-iqtisadi maraqlarıdır".
Azad Məsiyev bildirib ki, İsrailin "Böyük Yəhudi Dövləti" planını reallaşdırmaq üçün ABŞ Ermənistan vasitəsilə İrana casusluq və hərbi dəstək verir, bu isə regionda genişmiqyaslı münaqişə riski yaradır.
"İsrailin uzunmüddətli məqsədi "Böyük Yəhudi Dövləti" ideyasını həyata keçirməkdir. Bu ideya gələcək yüz ilə hesablanmışdır və tədricən Fələstin, Suriya, Livan və digər ölkələrin ərazilərinə iddialarla reallaşdırılır. İddialara görə, bu planın əsas dayağı ABŞ-dəki güclü yəhudi lobbisidir. Donald Tramp da məhz bu lobbinin dəstəyi ilə hakimiyyətə gəlmiş və onun qarşısında öhdəlik götürmüş siyasətçidir. Tramp prezidentliyi dövründə Qüdsü İsrailin paytaxtı kimi tanımış, İsrailə geniş hərbi və siyasi dəstək vermişdi. Bu gün də həmin siyasət davam etdirilir. Bütün bunlar göstərir ki, ABŞ İsrailin bütün kəşfiyyat və hərbi əməliyyatlarında əsas dəstəkçidir. İranda baş verən son kəşfiyyat əməliyyatlarında ABŞ-nin Ermənistan üzərindən istifadə etdiyi bildirilir. İddialara görə, ABŞ-nin Ermənistandakı səfirliyində 3000-ə yaxın diplomatik heyət fəaliyyət göstərir və onların yarısı ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsi ilə əməkdaşlıq edir. İranın daxilində aparılan casusluq əməliyyatlarında erməni mənşəli şəxslərin iştirakı ilə bağlı faktlar da artıq yayımlanıb. Nəticə etibarilə, ABŞ İsrailə açıq və dolayısı yolla dəstək verir və bu münaqişədə birbaşa iştirak edir. İranın Xarici İşlər Nazirliyinin müraciəti məntiqli görünsə də, real nəticə doğurması ehtimalı zəifdir. Çünki bu mürəkkəb proseslərin əsas planlayıcısı elə ABŞ-nin özü və onun geosiyasi məqsədləridir. Əgər münaqişə böyüsə, bu, təkcə İran və İsraili deyil, bütün regionu böyük bir xaosa və humanitar fəlakətə sürükləyə bilər".
Səidə Ramazanova