AZ

"Niyə uşağın üstünə qişqırmaq olmaz və bu, onun psixikasına necə təsir edir?" - Psixoloqlardan xəbərdarlıq

"Qışqırıq tərbiyə üsulu deyil, qorxu üzərindən itaət yaratmaq cəhdidir..."
 
Valideynlərin çoxu bəzən uşağa səsini qaldırmağın adi hal olduğunu düşünür. Axı bəzən səbr tükənir, uşağın davranışı dözümsüzlük yaradır. Amma mütəxəssislər xəbərdarlıq edir: əgər bu, emosional təzyiq və qəzəblə müşayiət olunursa, bu artıq təkcə tərbiyəvi reaksiya deyil, həm də psixoloji zorakılıq formasıdır.
 
Moderator.az xəbər verir ki, bu barədə "Styler" layihəsi yazıb.
 
Vacib məqam budur: yüksək səslə danışmaq hər zaman aqressiya deyil. Məsələn, cənub ölkələrində, xüsusilə İtaliyada insanlar emosional və ucadan danışır və bu, təbii sayılır. Amma uşaq üzərinə əsəbi və qəzəbli tonda qışqırmaq zərərli nəticələr doğurur.
 
Qışqırmaq uşağa necə təsir edir?
 
Qışqırıq tərbiyə deyil, qorxu üzərindən itaət yaratmaq cəhdidir. Uşaq göstərişə ona görə tabe olur ki, qorxur, amma nə üçün bunu etməli olduğunu anlamır. Bu, onun daxili motivasiyasını zəiflədir və dünyanı yanlış modellərlə qavramağa başlayır.
 
Kiçik uşaqlar reallığı çox sadə və düz anlamla qəbul edir. Əgər onların üzərinə tez-tez qışqırırlarsa, belə düşünürlər: "Məni sevmirlər". Bu fikir zamanla dərinləşib özünü dəyərsiz, yalnız və qəbul olunmamış hiss etməyə gətirib çıxarır. Nəticədə uşaqda inamsızlıq, tez-tez ağlama, yuxu və davranış pozuntuları yaranır. Bəziləri diqqət cəlb etmək üçün daha pis davranır, bəziləri isə özünə qapanır.
 
Uşaqlar böyükləri təqlid edir. Daim üstünə qışqırılan uşaq öyrənir ki, emosiyaları qışqırmaqla ifadə etmək olar, bu isə onu gələcəkdə ya aqressiv, ya da əzilmiş bir insana çevirə bilər.
 
Daimi qışqırığın uşağın gələcəyinə təsiri
 
Mütəxəssislər deyir ki, uşağın üzərinə sistemli şəkildə qışqırmaq onun sosial mühitə uyğunlaşma bacarığını pozur. Bu cür mühitdə uşaq "Mən pisəm", "Məni sevmirlər", "Heç nəyə yaramıram" kimi komplekslər formalaşdırır. Nəticədə insan qapanır, cəmiyyətə adaptasiya çətinləşir, yeniliklərdən qorxur və insanlara güvənmir.
 
Bu uşaqlar böyüyəndə həmin modeli təkrarlayır: tərəfdaşı ilə münasibətdə, öz övladları ilə davranışda qışqırıq, emosiyanı ifadə etməmək və daxili gərginlik üstünlük təşkil edir. Beləcə, toksik davranış nəsildən-nəslə ötürülür.
 
Qışqırmaq valideynlə uşaq arasındakı etimadı pozur. Uşaq hisslərini paylaşmır, səhvlərini gizlədir, anlaşılmamaqdan və cəzalanmaqdan qorxur. Bu, xroniki stresə, yuxu və qidalanma pozuntularına, hətta psixosomatik xəstəliklərə gətirib çıxara bilər.
 
Bəs nə vaxt səsi qaldırmaq olar?
 
Səsi yüksəltmək yalnız fövqəladə hallarda məqbuldur, məsələn, uşaq maşın yoluna qaçırsa və ya elektrik rozetkasına yaxınlaşırsa. Bu zaman qışqırıq təhlükənin qarşısını almaq üçün refleksiv reaksiyadır. Amma burada da vacibdir ki, səs yüksək olsa da, ton aqressiv olmasın. Məsələn, "Dayan!" - deyib, sonra baş verən təhlükəni sakit və izahlı şəkildə izah etmək lazımdır.
 
Valideynlər emosiyalarını necə nəzarətdə saxlaya bilər?
 
Uşağın üstünə qışqırmaq çox vaxt valideynin daxili gərginliyinin əlamətidir. Yorğunluq, ailədaxili problemlər, işdəki stres toplanaraq uşağın üzərinə boşalır,  halbuki uşaq bu narahatlıqlara səbəb deyil.
 
Bunun qarşısını almaq üçün valideyn öz psixoloji vəziyyətinə diqqət yetirməlidir: dərin nəfəs məşqləri gərginliyi tez bir zamanda azaldır; meditasiya və yoqa narahatlığı azaldır, psixoloji sabitlik yaradır; fiziki aktivlik sinir sistemini boşaltmaq üçün ən effektiv üsullardandır.
 
Açıq ünsiyyət və ehtiyac olduqda psixoloqla məsləhətləşmək daxili ziddiyyətləri çözməyə və özünə qayıtmağa kömək edir.
 
Qışqırıq yerinə şüurlu ünsiyyət
 
Əgər özünüzü partlayış həddində hiss edirsinizsə, dayanmaqdan çəkinməyin. Otaqdan çıxın, 10-a qədər sayın, dərin nəfəs alın. Bu, zəiflik deyil, düşünülmüş addımdır. Bu fasilədən sonra uşağınızla danışıq əsəbi qışqırıqla deyil, daha effektiv olacaq. Ən əsası, uşaqlar düşmən deyil. Onlar dünyanı dərk edir, səhvlər edir, öyrənirlər. Valideyn olaraq biz onların bu yolda necə - qorxu və günahkarlıqla, yoxsa sevgi və anlayışla irəliləcəyinə cavabdehik.
Seçilən
20
moderator.az

1Mənbələr