AZ

İnam Kərimov: Bu konfrans yalnız keçmişə baxış deyil, gələcəyə çağırışdır

BAKI, 18 iyun. TELEQRAF

Bu yubiley konfransı yalnız ötən illərə bir baxış deyil, həm də gələcəyə bir çağırışdır.

Teleqraf xəbər verir ki, Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Türk Dövlətləri Təşkilatına üzv ölkələrin məhkəmə şuralarının 3-cü iclası və Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin 20 illiyinə həsr olunmuş “Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar” adlı beynəlxalq konfransda deyib.

Məhkəmə islahatlarının davamlılığı, hakimlərin peşəkarlığının artırılması, rəqəmsal transformasiyanın genişləndirilməsi və ictimai etimadın qorunması gələcək fəaliyyətimizin əsas prioritetlərini təşkil edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də qeyd etdiyi kimi, məhkəmə islahatlarının əvvəli var, amma sonu yoxdur. Yəni bu, davamlı, mərhələli şəkildə aparılmalı olan bir prosesdir. Qloballaşan dünya inkişaf etdikcə, qarşımıza yeni çağırışlar və yeni tələblər çıxır. Bu baxımdan gələcəyin məhkəmə sistemi yalnız hüquqi islahatlarla deyil, həm də texnoloji inkişaflarla güclənəcək.

Süni intellekt, rəqəmsal texnologiyalar və avtomatlaşdırma sahələrindəki yeniliklər məhkəmə proseslərini daha sürətli, şəffaf və ədalətli etmək üçün böyük imkanlar yaradacaq. Virtual məhkəmələr, video-konfranslar və elektron imzalar vasitəsilə hüquqi xidmətlərə daha geniş çıxış təmin ediləcək və nəticədə daha əlçatan bir məhkəmə sistemi qurulacaq.

Bu imkanlar məhkəmələrin daha effektiv olmasına, hakimlərin iş yükünün azalmasına, qərarların daha çevik qəbuluna şərait yaradacaq və məhkəmə sisteminin fəaliyyətini daha da təkmilləşdirəcək.
Əlbəttə ki, davamlı islahatlar, atılan addımlar nəticədə vətəndaş məmnunluğunun artmasına hesablanıb.

Çünki Azərbaycan Respublikasının dövlət siyasətinin mərkəzində məhz vətəndaş dayanır, yəni dövlətin bütün fəaliyyəti vətəndaşların rifahını, hüquqlarını və həyat şəraitini yaxşılaşdırmağa yönəlmişdir. Buna görə də məhkəmələr vətəndaşların ədalət gözləntisinə cavab verməli, onların hüquqlarını tam şəkildə təmin etməli və hər bir fərdin müraciətinə həssas yanaşmalıdır. Təbii ki, bu da məhkəmə sisteminin inkişafı və təkmilləşdirilməsi ilə mümkündür.

Seçilən
12
4
teleqraf.com

8Mənbələr