AZ

Azərbaycan qlobal iqlim dəyişmələrinə qarşı fəaliyyətə istiqamət verir

Ötən il COP29-da böyük təcrübə əldə edən Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Bonn şəhərində keçirilən 62-ci Sessiyası çərçivəsində də öz fəaliyyəti ilə önəmli rol oynamaqda davam edir.

"Report" xəbər verir ki, tədbirdə Azərbaycanın qlobal iqlim problemlərinin həllinə töhfəsi yüksək qiymətləndirilib.

Elmi və texnoloji yardımçı orqanın sədri Adonia Ayobare jurnalistlərə açıqlamasında deyib ki, təcrübə və yaxşı diplomatiyasına görə Azərbaycana hörmətlə yanaşırlar:

"Azərbaycan COP29-a ev sahibliyini layiqincə yerinə yetirdi, sədr kimi tərəfləri bir araya gətirə bildi. Burada tərəflərə də bir araya gəlmək istəyinə görə təşəkkür etməliyik. Azərbaycan COP29 sədri kimi liderdir. Hər kəs sədr ölkənin fəaliyyətinə diqqətlə yanaşır. Çünki Azərbaycan tərəfi artıq Bakıda öz sözünü deyib".

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının katibliyinin üzvü Karin Simonson COP29 sədrliyinə uğurlu fəaliyyətinə görə minnətdarlığını ifadə edib: "Yardımçı orqanın rəhbərliyi tərəflərlə müzakirələri dəstəkləmək, təkliflər üzrə öhdəlik götürüməsini təmin etmək üçün COP29 sədrliyini prosesə qoşulmağa dəvət etdi. COP sədrliyinə tərəflər arasında körpü rolunu oynayaraq, gündəliyin təsdiqinə nail olduğuna görə təşəkkür edirik".

Çərçivə Konvensiyası katibliyinin üzvü Natley Uilyams isə media nümayəndələrinə bildirib ki, Azərbaycan iqlim dəyişmələri ilə danışıqlarda artıq öz imzasını qoyub.

"Ötən il Bakıda keçirilən konfransda xüsusilə yeni kollektiv kəmiyyət hədəfi kimi uzunmüddətli maliyyələşmə mövzusunda çox möhtəşəm nəticələr əldə olundu. Bu, həqiqətən də möhtəşəm bir təşəbbüs idi. Azərbaycan sədrliyi tərəfindən digər çoxsaylı təşəbbüslər də irəli sürüldü, razılıqlar əldə olundu".

COP30-un braziliyalı iqlim çempionu Den Yoşpe Azərbaycanın COP təcrübəsinin Braziliyadakı konfransın səmərəliliyi baxımından önəmli olduğuna diqqət çəkib:

"Bakıda əvvəlki dövr ərzində kiçik və orta biznes üzrə görülən işlər çox yüksək qiymətləndirilir. Bu, çox önəmli bir mövzudur. Braziliya cəmiyyəti də əsasən KOB-lar üzərində qurulub. İnanırıq ki, bu, güclü bir istiqamət olacaq. Maliyyələşmə baxımından Bakıda müəyyən edilmiş 300 milyardlıq razılaşma çox əhəmiyyətli idi. Həmçinin Bakıdan Belenə doğru uzanan "yol xəritəsi" çərçivəsində 1,3 trilyon dollara çatmaq ideyası önəmlidir. Bunlar hamısı orada əldə olunmuş mühüm irəliləyişlərdir. Hətta iqlim çempionları təşəbbüsünün davam etdirilməsi qərarı Bakı dövründə qəbul edilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov Bonndakı müzakirələrdən sonra COP29-da Bakıda yaradılan İqlim və Sülh Fəaliyyəti Mərkəzinin (Bakı Hub) artıq ilkin nəticələrə imza atdığını qeyd edib:

"Bakı Hub"ın əsas məqsədi həm iqlim dəyişmələri, həm də münaqişələrdən əziyyət çəkən ölkələrə beynəlxalq yardımın artırılmasıdır. Bir neçə ay ərzində aparılan fəaliyyət nəticəsində artıq 3 ölkə - İraq, Çad və Qvineya-Bisau öz ilkin layihələrini təqdim ediblər".

Seçilən
6
7
report.az

8Mənbələr