AZ

İranı tərk edən diplomatlar üçün "xilas qapısı": Səfirliklər Azərbaycana köçürülür

Yaxın Şərqdə artan gərginlik, xüsusilə İsrail və İran arasında eskalasiya nəticəsində İranda fəaliyyət göstərən bir çox ölkənin səfirlikləri fəaliyyətlərini müvəqqəti dayandırıb və diplomatlarını təxliyə etməyə başlayıblar.

Diplomatik mənbələrin Musavat.com-a verdiyi məlumata görə, hazırda bir çox ölkənin İrandakı səfirliklərinin nümayəndələri Azərbaycanın Astara şəhərində toplaşıblar. Onlar öz vətəndaşlarının İrandan çıxışına nəzarət edir və prosesə bilavasitə rəhbərlik edirlər.

Əldə etdiyimiz məlumatlara görə, Avropa ölkələrinin Tehrandakı səfirlikləri müvəqqəti olaraq Bakıya və sərhədə yaxın bölgələrə köçürülüb. Xüsusilə qeyd olunmalıdır ki, Çinin İranda qalan təxminən 10 min vətəndaşı da Azərbaycan ərazisindən keçməklə ölkədən çıxarılır.

Diplomatik təxliyələr: Bolqarıstan, Macarıstan və digərləri

İranla İsrail arasında qarşıdurmanın intensivləşməsi səbəbindən Bolqarıstan da Tehrandakı səfirliyini bağlayıb. Ölkənin baş naziri Rosen Jelyazkovun sözlərinə görə, qərar İsrailin Tehranın üçüncü rayonunu tərk etməyə dair vətəndaşlarına verdiyi xəbərdarlıqdan sonra verilib. Həmin rayonun yaxınlığında yerləşən Bolqarıstan səfirliyi təxliyə edilib və diplomatlar Bakıdan fəaliyyət göstərməyə davam edirlər:

 “Səfirliyimiz Tehranın üçüncü rayonuna yaxın yerləşirdi. Təhlükəsizlik risklərini nəzərə alaraq, diplomatlarımız və onların ailə üzvləri ölkəni tərk etdilər. Hazırda Bakıdan fəaliyyət göstəririk”, – deyə Jelyazkov bildirib.

Macarıstan da İranda yaşayan vətəndaşlarını Azərbaycana təxliyə edib. Xarici işlər naziri Peter Siyarto bəyan edib ki, bölgədə artan hərbi əməliyyatlar səbəbindən Tehrandakı səfirlik müvəqqəti olaraq Azərbaycan ərazisindən fəaliyyət göstərəcək. Təxliyə olunanlar arasında diplomatların ailə üzvləri və uşaqlar da var. Ümumilikdə 15 nəfərin Azərbaycana köçürüldüyü bildirilir:

“Bir neçə macar vətəndaşı bizdən onları İrandan çıxarmağımızı xahiş etdi. Onların təhlükəsizliyi prioritetdir”, – deyə Siyarto qeyd edib.

İranı tərk edən sənətçilər və Azərbaycanın rolu

Bundan öncə, İranda olan bir sıra rusiyalı sənətçilər də Azərbaycan üzərindən ölkəni tərk edərək vətənlərinə dönüblər. Bütün bu hadisələr fonunda Azərbaycan İranla İsrail arasında gərginliyin artdığı bir dönəmdə təhlükəsiz tranzit nöqtəsi və "xilas qapısı" rolunu oynamaqdadır.

Yaranmış vəziyyət göstərir ki, Azərbaycan regionda təkcə tranzit ölkəsi deyil, həm də diplomatik və humanitar təhlükəsizlik platformasına çevrilməkdədir.

Şahanə Rəhimli
Musavat.com

Seçilən
20
15
musavat.com

10Mənbələr