AZ

Paşinyan-kilsə qarşıdurması Azərbaycanla sülhü təhdid altına atdı...


Ermənistanın baş naziri Nikol Paşinyan yenidən kilsəyə qarşı hücuma start verib. Bu fonda o bildirib ki, bütün ermənilərin katolikosu II Qareginin subaylıq andını pozması və övlad sahibi olması ilə bağlı sübutları var: “Sübutlarım var, amma sözlərimi mübahisələndirmirlər. Məni məhkəməyə verə bilərlər, amma mən də o zaman sübutları təqdim edəcəm, əks halda, sübutlar başqa formatda təqdim oluna bilər. Mənim mövqelərim tamamilə Erməni Apostol Kilsəsinin qanunlarına əsaslanır”.

Parlamentdə çıxışı zamanı Paşinyan bir daha 356-cı il Aştishat Şurasını xatırladıb, ondan sonra subaylıq andının məcburi şərt kimi qoyulduğunu bildirib. "Bu mənada Ktriç Nersisyanın (II Qaregin) nəinki katolikos olmaq hüququ yoxdur, heç bir ritualı yerinə yetirmək hüququ da yoxdur, çünki qaydalara görə, o, təhqir, zina və digər günahlara görə yepiskop, keşiş, katolikos olmaqdan çıxır. Onlar bizim kilsənin çoxəsrlik qaydalarını ləkələyirlər”. Paşinyanın bu mövqeyini Ermənistanın səhiyyə naziri Anahit Avanesyan parlamentdə çıxışı zamanı təsdiq edib: “Ermənistanın dövlətçiliyinə qarşı fəaliyyət göstərən istənilən şəxs adekvat cavabını almalıdır. Heç kim, o cümlədən baş nazir Nikol Paşinyan Erməni Apostol Kilsəsini hədəfə almır, heç kim milli dəyərlərimizi pozmur. Əksinə, konkret sərhədlər çəkilib ki, ölkəmizdə, eləcə də kilsədə yalan və riyaya yer qalmasın. Ermənistan Respublikasının dövlətçiliyinə qarşı fəaliyyət göstərən istənilən şəxs adekvat cavabını almalıdır”. Avanesyan ölkə müxalifətini və ya keçmiş hakimiyyətləri kənardan (Rusiyadan) Ermənistana qarşı aparılan hibrid müharibəyə qoşulmaqda və qanunsuz mənimsəmələrdə ittiham edib. Xatırladaq ki, bundan əvvəl Nikol Paşinyan bütün ermənilərin katolikosu II Qaregini subaylıq andını pozmaqda ittiham edib. Paşinyanın sözlərinə görə, subaylıq andını pozaraq övlad sahibi olan Qaregin artıq Erməni Apostol Kilsəsinin rəhbəri ola bilməz. Həmçinin o, katolikosu Ermənistan dövlətinin maraqlarına qarşı fəaliyyətlərdə günahlandırıb. Ermənistan hökumətinin başçısı Erməni Apostol Kilsəsinə yeni katolikosun seçilməsi üçün seçkilərə və bu məqsədlə koordinasiya şurasının yaradılmasına çağırıb. Buna cavab olaraq arxiyepiskop Baqrat Qalstanyan bildirib ki, Nikol Paşinyanın Erməni Apostol Kilsəsinin daxili işlərinə qarışmaq və onun iyerarxlarını tənqid etmək hüququ yoxdur. Qalstanyan vurğulayıb ki, kilsəni yalnız onun qanunları ilə yaşayan və qanunlarına əməl edənlər müzakirə edə bilər. O, Paşinyana əvvəlcə sadə suallara cavab verməyi təklif edib: o, rəsmən evlidirmi, kilsənin doqmalarını bilirmi və din ayinlərə riayət edirmi? Baş nazirin katolikos II Qaregini vəzifəsindən uzaqlaşdırmaq cəhdlərində Eçmiədzin daxilində dəstəyin olub-olmaması ilə bağlı suala Qalstanyan belə cavab verib: “Mən qardaşlarıma güvənirəm”.

Qeyd edək ki, Nikol Paşinyan hökuməti və Erməni Apostol Kilsəsi heç vaxt müttəfiq olmayıb. Baş nazir kilsə rəhbərlərini "cinayətkar rejim" adlandırdığı əvvəlki hökumətlə əlaqələrinə görə tənqid edir. Kilsə isə onun qərbyönlü QHT-lərdə iş təcrübəsi olan gənc komandasına şübhə ilə baxır. İkinci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra bütün ermənilərin katolikosu II Qaregin Paşinyanın istefasını tələb etdi və beləliklə, münasibətlər tam korlandı. Lakin sonradan dünyəvi və dini hakimiyyətlər birlikdə yaşamağı öyrəndilər. Bu, ötən ayın sonlrında baş nazir kilsə rəhbərini istefaya çağırana qədər davam etdi. Son araşdırmalar göstərir ki, ermənilərin əksəriyyətinin mənsub olduğu Erməni Apostol Kilsəsinə hökumətdən daha çox etibar edilir. İndi Paşinyanla katolikos arasındakı münaqişə Ermənistan cəmiyyətini daha da parçalamaq, gələn il keçiriləcək seçkilərin nəticələrinə təsir göstərmək və Azərbaycanla sülh danışıqlarına mənfi təsir göstərmək təhlükəsi yaradır ki, bu da bütün regiona təsir edəcək. Indilikdə katolikosu birinci və üçüncü prezidentlər olan Levon Ter-Petrosyan və Serj Sarkisyan, eləcə də müxalifət partiyaları dəstəkləyib. Paşinyanın kilsəyə qarşı kampaniyasını Erməni Apostol Kilsəsinin əsas sponsorlarından biri olan milyarder Samvel Karapetyan da pisləyib. O, "siyasətçilər uğursuz olarsa, kilsəyə qarşı kampaniyaya öz yolu ilə müdaxilə edəcəyi ilə" hədələyib. Bu ifadədən bir neçə saat sonra polis iş adamının iqamətgahına basqın edib və ona qarşı cinayət işi açılıb. Karapetyan hakimiyyətin ələ keçirilməsinə açıq çağırışlarda ittiham olunur. Yuxarıda qeyd edildiyi kimi, kilsənin hökumətlə münasibətləri 2020-ci ildə Ermənistanın Azərbaycanla müharibədə məğlubiyyətindən sonra katolikos Paşinyanın istefası tələblərinə qoşulduqda pisləşdi. Həmin vaxt Paşinyan hakimiyyəti saxladı və kilsə millətçi və mühafizəkar müxalifətin səsi kimi meydana çıxmağa başladı. Ermənistanda növbəti parlament seçkiləri 2026-cı ilin iyun ayına təyin edilib və erməni politoloqlar kilsə əleyhinə ritorikanın güclənməsini səsvermənin yaxınlaşması ilə əlaqələndirərək bunu mühafizəkar müxalifətin son qalasına qarşı qabaqlayıcı zərbə kimi qiymətləndirirlər.

Xarici siyasət məsələlərinə kilsənin müdaxiləsi də hakimiyyət orqanlarını qıcıqlandırır. Hakimiyyətdə olduğu 7 il ərzində Paşinyan ardıcıl olaraq sələfləri olan “köhnə rejimin” qalıqlarına qarşı mübarizə aparıb. Tənqidçilər deyir ki, baş nazir hökumətin bütün qollarının və dövlət qurumlarının – hüquq-mühafizə orqanlarının, kəşfiyyatın, ordunun, diplomatik xidmətin və hətta ölkənin ən yüksək məhkəməsi olan Konstitusiya Məhkəməsinin rəhbərliyinə öz sadiq adamlarını yerləşdirib. İrəvan Qafqaz İnstitutunun direktoru Aleksandr İskəndəryan deyir: “Kilsə hakimiyyətin nəzarəti altında olmayan yeganə qurum olaraq qalır”. Baş nazir etiraf edir ki, kilsə rəhbərliyinə hücum onun siyasi proqramının tərkib hissəsidir: “Biz dövləti xalqa qaytardıq. İndi kilsəni xalqa qaytarmalıyıq”. İskəndəryan hesab edir ki, Paşinyanın ÜAK ilə toqquşmasının arxasında həm də ideoloji münaqişə var. Son illər baş nazir və komandası ölkənin rebrendinqi ilə fəal məşğul olub. Bura erməni kimliyinin əsaslarına yenidən baxılması, Ağrı dağının milli simvol kimi rədd edilməsi, ölkənin konstitusiyasının, gerbinin və himninin dəyişdirilməsi daxildir. Baş nazir bunları “Real Ermənistan”ideyasında birləşdirib və bu, ilk növbədə, yaddaşı Türkiyə və Azərbaycana qarşı ərazi iddiaları kimi qəbul edilən tarixi Ermənistana əks çəki kimi düşünülüb. Hər iki ölkə ilə münasibətləri normallaşdırmağa çalışan Paşinyan vətəndaşların gələcəyə baxmasını istəyir. Lakin kilsə üçün yalançı tarix onun hakimiyyətinin əsasını təşkil edir. Aleksandr İskəndəryan qeyd edir ki, yaranmış böhran parçalanma təhlükəsi yaradır: “Əgər Paşinyan katolikosu əvəz edə bilsə, o zaman Ermənistanın müxalif düşüncəli vətəndaşları və diasporadakı kilsələr siyasi müdaxilədən sonra təyin edilmiş katalokosu tanımaya bilər. Baş nazir II Qaregini vəzifədən uzaqlaşdıra bilməsə, Paşinyanın tərəfdarları parçalana bilər”.

Samirə SƏFƏROVA

Seçilən
18
baki-xeber.com

1Mənbələr