AZ

Bakıya təcili su lazımdır! - Ekoloq deyir ki, Xocəsən gölü xilas yolu ola bilər

Paytaxt bu su böhranını da atladacaq. Ötən ilin yayında da eyni hal yaşandı. Avqustun qızmarında Bakının bəzi inzibati raoynları, qəsəbələrinə içməli suyun verilməsində uzunmüddətli fasilə yarandı. Səbəb, indi olduğu kimi yenə də Oğuz-Qəbələ-Bakı su kəmərində baş vermiş qəza idi. 

Qəza aradan qaldırıldı, amma əhali su yanğısını uzun müddət unuda bilmədi. Hazırda vəziyyət necədir? Elan edildiyi kimi Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza ilə əlaqədar iyunun 17-dən etibarən Bakı şəhəri və Abşeron yarımadasının bəzi ərazilərinə su müəyyən saatlarda, fasilələrlə verilir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin son məlumatına görə, kəmərin 228-ci kilometrində baş verən qəzanın aradan qaldırılması işləri artıq yekunlaşıb. Bildirilir ki, hazırda xəttin su ilə doldurulması prosesinə başlanılıb. Qəza baş vermiş xəttə borunun zədələnmiş hissəsi xüsusi texnika vasitəsilə çıxarılaraq yeni boru ilə əvəzlənib. 

Su sızmaların qarşısını alınması məqsədilə boruların birləşmə yerlərində möhkəmləndirmə və hidroizolyasiya işləri aparılıb. Kəmər içməli su ilə doldurulduqdan sonra su Bakı şəhəri və Abşeron yarımadasının müvafiq anbarlarına ötürüləcək. Məhz bu prosesin ardından iyunun 20-i axşam saatlarından etibarən abonentlərin əvvəlki rejimlə su ilə təminatı həyata keçiriləcək. Qurum xüsusilə diqqətə çatdırır ki, irihəcmli magistral su kəmərlərində təmir-bərpa prosesində əsas vaxt aparan mərhələ - magistral kəmərin boşaldılması və yenidən doldurulması mərhələləridir. Hazırda Oğuz-Qəbələ-Bakı su kəməri ilə qidalanan ərazilərin alternativ mənbələr hesabına qrafikdən kənar su ilə təmin olunmasına çalışılır.

Ekoloq Rövşən Abbasov “Sherg.az”a açıqlamasında paytaxtın su təchizatında fasilələrin yaranmaması üçün alternativ su hövzələrindən istifadə edilməsinin vacibliyini vurğuladı və Xocasən gölünə diqqət yönəldilməsinin zəruri olduğunu bildirdi: 

 
- Su anbarları sistemləri elə layihələndirilməlidir ki, bir mənbədə problem yarandıqda digəri onu əvəz edə bilsin. Məsələn, Ceyranbatan su anbarı yalnız müəyyən rayonları su ilə təmin edir. Elə etmək lazımdır ki, bu anbar digər rayonlara da su ötürə bilsin. Yəni bir mənbədən gələn su təkcə bir rayona yönəldilməməlidir. Ciddi monitorinqlər aparılmalı, ehtiyat su anbarları tikilməli, həmçinin istifadəsiz, baxımsız qalmış su hövzələrinin imkanlarından istifadə edilməlidir. Bu mənada Bakı ətrafındakı mövcud göllərin suyunun sağlamlaşdırılması effektiv olar. Bizim təbii obyektlərimiz var. Məsələn, Xocasən gölü. Xocasən gölünün ərazisi Ceyranbatan su anbarından da böyükdür. Bu göldən alternativ su anbarı kimi istifadə edilə bilər. Ora su yığılıb müxtəlif ərazilərə ötürülə bilər. Hazırda bu gölə çirkab suları axıdılır və bu proses dayandırılmalıdır. Göl təmizləndikdən sonra onu alternativ su anbarı kimi istifadəyə vermək mümkündür. Bir neçə il bundan əvvəl Xocəsən gölünə aid elmi məqalə nəşr etmişik. Yenidən onu təqdim edə bilərəm. Bu göl tam təbii üsullarla sağlamlaşdırıldıqdan sonra, alternativ su hövzəsi, su anbarı olar. Həcmi kifayət qədər böyük olan bu gölün bu baxımdan müstəsna əhəmiyyəti var. Bu, Bakının alternativ su təminatını yaxşılaşdırmaq üçün ən yaxşı yoldur. Hazır su anbarıdır. Biz Bakını gözlənilən və gözlənilməyən hər cür qəzalardan sığortalamalıyıq. Bunun üçün də əsaslı işlər görülməli, uğurlu, faydalı layihələr icra edilməlidir.

Seçilən
19
sherg.az

1Mənbələr