AZ

Şirkətlər ona şans vermirdi, o da öz şirkətini qurdu – Məşhur reperin uğur hekayəsi

O, bir vaxtlar Bruklinin dar və boz küçələrində, güllə səslərinin musiqi kimi eşidildiyi məhəllələrdə böyüyən səssiz bir uşaq idi. Uşaqlıqda atasız, yoxsulluq içində böyümək, küçənin sərt qanunları ilə yaşamaq məcburiyyətində qalmaq onun ilk dərsləri oldu. 

Amma onun içində səssiz-sədasız böyüyən bir istək vardı - öz adını dünyaya eşitdirmək. O istək mikrofonla başladı, musiqi ilə canlandı, və bir gün milyonların pərəstiş etdiyi o məşhur adı yaratdı. Bu ad təkcə rep aləminin yox, həm də biznes dünyasının divarlarına qızıl hərflərlə yazıldı.

Bu, sadəcə bir musiqiçinin uğur hekayəsi deyil. Bu, yoxsulluqdan çıxaraq milyard dollarlıq imperiya quran bir gəncin – küçədən gələn, amma zirvəyə qalxan bir liderin hekayəsidir.

Valyuta.az xəbər verir ki, söhbət dünyanın ilk milyarder reperi kimi tanınan, musiqi və biznes sahəsində sərhədləri aşan Jay-Z – əsl adı ilə Şon Kori Karterdən gedir.

1969-cu ildə Bruklində, Marcy Houses adlı ictimai yaşayış kompleksində anadan olan Şon Karterin uşaqlığı yoxsulluq və çətinliklər içində keçib. Atası ailəni tərk etdikdən sonra o, anası və bacı-qardaşları ilə birlikdə ağır sosial şəraitdə böyüyüb. Gənc yaşlarında həyatın sərt tərəfləri ilə üzləşən Karter küçə mədəniyyəti ilə iç-içə yaşayıb, narkotik alveri ilə məşğul olub və cinayətkarlığın dominant olduğu mühitdə özünü müdafiə etməyi öyrənib. Lakin musiqiyə olan marağı onu bu təhlükəli həyat tərzindən uzaqlaşdırmağa başladı.

Şirkətlər ona şans vermirdi

Jay-Z musiqi fəaliyyətinə 1980-ci illərin sonlarında başlayıb. Yerli səhnələrdə çıxış etsə də, musiqi şirkətləri ona şans vermədiyindən o, öz yolunu özü açmaq qərarına gəlib. 1995-ci ildə Roc-A-Fella Records adlı müstəqil musiqi şirkətini yaradaraq ilk albomunu 1996-cı ildə təqdim etdi. “Reasonable Doubt” adlı bu albom tənqidçilər tərəfindən yüksək qiymətləndirildi və onun musiqi karyerasına güclü bir başlanğıc verdi. Ardınca çıxan “Vol. 2... Hard Knock Life”, “The Blueprint” və “The Black Album” kimi albomlar Jay-Z-ni qlobal səviyyəli rep sənətçisinə çevirdi.

Musiqidən biznesə kiçik addımlar atıldı

Lakin Jay-Z-nin hekayəsi təkcə musiqi ilə məhdudlaşmadı. O, musiqi səhnəsində qazandığı uğurları ağıllı investisiyalar və biznes addımları ilə maliyyə imperiyasına çevirməyə başladı. İlk böyük addımı Rocawear adlı geyim brendini yaratmaqla atdı. Brend qısa zamanda gənclər arasında populyarlıq qazandı və sonradan 2007-ci ildə təxminən 200 milyon dollara satıldı. Bu satış ona biznes çevrələrində ciddi oyunçu statusu qazandırdı.

Jay-Z bununla kifayətlənmədi. Lüks içki sektoruna da daxil oldu və Armand de Brignac adlı fransız şampan markasında pay sahibi oldu. "Ace of Spades" kimi tanınan bu içki, onun imici ilə birləşərək dünya üzrə satışlarda yüksək göstəricilər əldə etdi. Eyni zamanda musiqi yayımı sahəsində də təşəbbüs göstərərək “Tidal” adlı platformanı qurdu. Bu platforma sənətçilərə daha ədalətli qonorar sistemi təklif edirdi və daha sonra texnologiya şirkəti “Square” tərəfindən milyonlarla dollara alındı.

Biznes sahəsində digər uğurlu təşəbbüsləri sırasında Roc Nation adlı musiqi və idman agentliyi yer alır. Şirkət bir çox məşhur idmançılarla müqavilə bağlayaraq Jay-Z-nin fəaliyyət sahəsini genişləndirdi. O, həmçinin “Uber”, “JetSmarter”, “Savage X Fenty” və digər texnologiya və istehlakçı yönümlü startaplara da erkən mərhələdə sərmayə qoyaraq qazancını artırdı.

Bu gün Jay-Z-nin sərvəti Forbes jurnalına görə təxminən 2,5 milyard ABŞ dolları həcmində qiymətləndirilir. Onun biznes fəaliyyətləri musiqi ilə yanaşı, moda, texnologiya, içki sənayesi, media və idman kimi müxtəlif sahələri əhatə edir. Jay-Z həm də xeyriyyə işlərinə diqqət yetirir, təhsil, sosial ədalət və azlıqların hüquqları ilə bağlı layihələrə dəstək verir.

Şon Karterin hekayəsi çətinliklərdən keçib uğura çatmağın mümkün olduğunu göstərən nadir nümunələrdəndir. O, kasıb küçələrdən çıxaraq, təkcə rep səhnəsinin deyil, bütöv biznes dünyasının da ən nüfuzlu simalarından birinə çevrilib.

Sərvanə Rəmixanova

Seçilən
25
valyuta.az

1Mənbələr