AZ

ABŞ müharibəyə qoşularsa, İran hansı addımları atacaq? - AÇIQLAMA

"ABŞ dolayı yol ilə İsrail tərəfindən müharibədə iştirak edir. Amma Donald Trampın dediyi kimi müharibədə birbaşa iştirak etsə, ABŞ-ın regionda olan hərbi infrastrukturu İran tərəfindən atəşə tutulacaq. Hazırda ABŞ-ın müharibəyə qoşulmaq ehtimalı aşağıdır". 

Bunu "Unikal"a açıqlamasında politoloq Fərhad Məmmədov deyib. Onun sözlərinə görə, ABŞ müharibəyə qoşulacaqsa, havadan hücumu elə genişmiqyaslı olmalıdır ki, İranın buna cavab verməyə imkanı olmasın:

"Nəzərə almaq lazımdır ki, ABŞ-ın regionda infrastrukturu İrana İsraildən daha yaxındır. İsrailə çatmaq üçün 2 min kilometrdən artıq məsafəni qət etmək lazımdır. ABŞ-ın İraqdakı hərbi infrastrukturu İranın yaxınlığındadır. Bir də körfəzdə yerləşdirilib. Bu da İrana çox yaxındır. Yəni, burada bir neçə min kilometr uçan raketlər deyil, yüz kilometr uçan raketlər və dronlar istifadə ediləcək. İsrailin hava hücum sisteminin fəaliyyəti onu göstərdi ki, həmin sistem raketlərin 10-15 faizini buraxır. Ona görə tam qətiyyətlə deyə bilərik ki, ABŞ-ın müharibəyə qoşulmasından sonra İran ABŞ hərbi infrastrukturuna zərbələr endirdikdə, ABŞ-ın tələfatları olacaq. Tramp bunu gözə alırsa, əlbəttə müharibəyə qoşulacaq. Digər tərəfdən, ABŞ-ın müharibələrə qoşulması çox həssas mövzu olduğundan, burada qanunverici orqanların (senat və konqresin) razılığı olmalıdır".

F.Məmmədov qeyd edib ki, ABŞ-da qanunvericilik qəliz olduğu üçün orada ABŞ prezidenti müstəsna hüquqlara malikdir və onu nadir hallarda istifadə edir: "Tramp da bunu edə bilər. Lakin bu qərarı qəbul etdikdən sonra məsuliyyəti tam olaraq öz üzərinə götürür. Bu da Trampın xasiyyətində deyil. Digər məqam isə iqtisadi məsələlərlə bağlıdır. İranın cavabı tək ABŞ istiqamətli deyil, Körfəzdə olan neft-qaz yataqları ilə bağlı da olacaq. Həmçinin, Hörmüz keçidinin bağlanması. Bu da öz növbəsində Körfəz ölkələrinin iqtisadiyyatlarına ciddi təsir göstərəcək. Trampın danışdığı iki trilyonluq Ərəb ölkələrinə səfərinin nəticəsi də sual altında olacaq. Çünki Ərəb ölkələri iqtisadi böhrana görə ABŞ qarşısında götürdükləri maliyyə öhdəliklərini yerinə yetirə bilməyəcəklər. Yəni, bu üç əsas istiqamət üzərindədeyə bilərik ki, hazırda bu ehtimal çox aşağıdır. Və yaxud ABŞ müharibəyə qoşulacaqsa, ilk gündən elə genişmiqyaslı hücum həyata keçirməlidir ki, İranın cavab verməyə imkanı olmasın. Amma İran böyük ölkədir. Hərbi infrastrukturu da ölkəyə yayılıb. İranın cavab imkanları yüksək dəyərləndirmək olar".

Anar Kəlbiyev

Seçilən
36
50
unikal.az

10Mənbələr