AZ

Nüvə təhlükəsi artır: ABŞ, Rusiya, Çin və digərlərinin arsenalları (2025)

"İsrail nüvə silahına malik olduğunu rəsmi olaraq etiraf etməsə də, mövcud arsenalını modernləşdirdiyi güman olunur..."
 
G7 ölkələrinin rəhbərləri bəyan edib ki, İranın nüvə silahı əldə etməsinə imkan verilməyəcək. Bəs hazırda hansı ölkələrdə nüvə silahı var?
 
Moderator.az xəbər verir ki, bu barədə "inform.kz" agentliyi məlumat verib.
 
Nüvə silahına rəsmi olaraq beş , əslində isə daha çox ölkə malikdir
 
1970-ci ildə Nüvə Silahlarının Yayılmaması Haqqında Müqavilə (NPT) qüvvəyə minib. Bu müqavilənin məqsədi nüvə silahlarının və texnologiyalarının yayılmasının qarşısını almaq, nüvə enerjisindən dinc məqsədlərlə istifadə sahəsində beynəlxalq əməkdaşlığı təşviq etmək və tədricən nüvəsizləşməni təmin etməkdir.
 
Hazırda bu müqaviləyə 191 ölkə qoşulub. Onlardan 186-sı nüvə silahına malik deyil, 5-i isə malikdir və bu statusları müqavilə ilə rəsmiləşdirilib. Bunlar ABŞ, Rusiya (keçmiş SSRİ), Böyük Britaniya, Fransa və Çindir.
 
Digər ölkələrə nüvə silahı hazırlamaq qadağan olunsa da, Hindistan, Pakistan və İsrail bu müqaviləyə heç vaxt qoşulmayıb. Şimali Koreya isə müqavilədən çıxdığını elan edib, lakin bu addımı beynəlxalq ictimaiyyət tərəfindən tanınmayıb.
 
Niyə yalnız 5 ölkə "rəsmi nüvə dövləti" sayılır?
 
Müqaviləyə əsasən, "nüvə silahına malik dövlət" dedikdə 1 yanvar 1967-ci ilədək nüvə silahı və ya digər nüvə partlayıcı qurğu istehsal edib sınaqdan keçirmiş ölkələr nəzərdə tutulur. Bu şərtə cavab verən 5 ölkə rəsmi nüvə dövləti kimi tanınıb. Qalan ölkələr isə müqaviləyə qoşularkən könüllü olaraq nüvə silahı əldə etməkdən imtina edib.
 
Qeyd edək ki, Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) NPT müqaviləsinin iştirakçısı deyil, lakin o, üzv ölkələrin nüvə enerjisindən hərbi məqsədlərlə istifadə etməməsinə nəzarət edir.
 
Dünyada neçə nüvə başlığı var?
 
Stokholm Sülh Tədqiqatları İnstitutunun (SIPRI) 2024-cü il hesabatına əsasən, bəzi nüvə dövlətləri öz nüvə arsenalını modernləşdirməyə davam edir, mövcud silahları təkmilləşdirir və yeni sistemlər üzərində işləyir.
 
2025-ci ilin yanvarına olan məlumata görə, dünyada təxminən 12 241 nüvə başlığı var. Onlardan 9614-ü hərbi arsenallarda istifadə üçün hazır vəziyyətdədir. Təxminən 3912 başlıq raketlərə və təyyarələrə yerləşdirilib, qalanları mərkəzi anbarlarda saxlanılır. Həmçinin təxminən 2100 başlıq ballistik raketlərdə yüksək döyüş hazırlığı vəziyyətindədir.
 
ABŞ-da nüvə silahlarının modernləşdirilməsi proqramı irəliləyir, lakin 2024-cü ildə maliyyələşdirmə və planlaşdırma sahəsində çətinliklərlə üzləşib. Böyük Britaniya isə ötən il arsenalını artırmasa da, gələcəkdə bu istiqamətdə artım gözlənilir.
 
SIPRI-nin qiymətləndirməsinə görə, Hindistan və Pakistan 2024-cü ildə nüvə arsenalını bir qədər genişləndirib. Hər iki ölkə yeni raket daşıyıcı sistemlər hazırlayır. İsrail isə nüvə silahına malik olduğunu rəsmi olaraq etiraf etməsə də, mövcud arsenalını modernləşdirdiyi güman olunur.
 
İranın nüvə proqramı və müqavilədən çıxmaq təhdidi
 
2024-cü ilin iyunun 12-də MAQATE son 20 ildə ilk dəfə qətnamə qəbul edərək bəyan edib ki, İran öz öhdəliklərini, o cümlədən NPT və əlavə protokol üzrə öhdəliklərini pozub. Qətnamədə bildirilir ki, İran 2019-cu ildən bəri bəzi nüvə materialları və elan olunmamış obyektlərdəki fəaliyyətlərlə bağlı tam və vaxtında məlumat verməyib.
 
2025-ci il iyunun 16-da İran İsrailin hava zərbələri və Qərbin təzyiqləri fonunda NPT-dən çıxmaqla hədələyib. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Baqai bildirib ki, parlament ölkənin müqavilədən çıxması ilə bağlı qanun layihəsi üzərində işləyir.
 
Buna baxmayaraq, MAQATE-nin baş direktoru Rafael Qrossi CNN-ə verdiyi müsahibədə bildirib ki, agentliyin əlində İranın sistemli şəkildə nüvə silahı hazırladığına dair heç bir sübut yoxdur.
Seçilən
18
moderator.az

1Mənbələr