BAKI, 23 iyun. TELEQRAF
Bu il Aşura günü iyulun 5-nə təsadüf edir.
Bu barədə Teleqraf-a Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.
Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının məlumatına görə, Şamaxı Astrofizika Rəsədxanasının rəsmi hesablamalarına görə Hicri-qəməri təqvimi ilə 1446-cı il başa çatır, yeni 1447-ci ilin başlanğıcının – Məhərrəm ayının 1-inin Miladi təqvimlə 2025-ci il iyun ayının 26-na təsadüf etməsi gözlənilir.
Qazılar Şurasından bildirilib ki, Məhərrəm və Səfər aylarında 60 gün ərzində keçirilən təziyə mərasimləri, xüsusilə Tasua və Aşura əzadarlığı zamanı müxtəlif alətlərlə bədənə xəsarət yetirmək, qan çıxarmaq, qurşağadək soyunaraq sinə vurmaq və s. dinimizə görə qəbuledilməzdir.
“Son illər Məhərrəmlik dönəmində dindarları İslama yad olan əməllərdən və xurafatdan çəkindirən əsas tədbirlərdən biri - Kərbəla şəhidlərinin xatirəsinə qanvermə aksiyası müqəddəs dinimizə layiq olan ən münasib əzadarlıq nümunəsi kimi bilavasitə Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə reallaşan və xalq tərəfindən təqdir edilən hadisədir. Ümidvarıq ki, inşaAllah, dindarlarımız bu il də humanist ənənəni davam etdirərək, qan bankının paytaxtda və bölgələrdəki filiallarında, habelə digər səhiyyə ocaqlarında Allah rizası üçün İmam Hüseyn (ə) və əziz şəhidlərin xatirinə ehsan niyyəti ilə qan verəcək, minlərlə xəstə insana, irsi xəstəliklərdən əziyyət çəkən uşaqların şəfa tapmasına yardımçı olacaqlar. Həmin məkanların ünvanları Qafqaz Müsəlmanları İdarəsinin rəsmi veb səhifəsində (www.qafqazislam.com) yerləşdiriləcəkdir”.