AZ

İsrail-İran savaşı nə vaxt BAŞA ÇATACAQ...

İsrail İrana qarşı başladığı hərbi əməliyyatı tezliklə başa çatdırmaq niyyətindədir və artıq bu barədə ABŞ tərəfini də məlumatlandırıb.

Modern.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi israilli rəsmilərə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, İsrail rəhbərliyi qarşı tərəfin cavab zərbələrinin qarşısını almaq və müharibəni nəzarət altında bitirmək üçün optimal strategiya axtarır. İsrail Müdafiə Qüvvələrinin rəhbərliyi isə əsas hədəflərə yaxınlaşdıqlarını hesab edir.

Bununla belə, münaqişənin gedişatını tam nəzarətdə saxlamaq asan deyil. Rəsmilər və analitiklər bildirirlər ki, İsrail hücumun vaxtını və şiddətini planlaşdırsa da, döyüşlərin nə zaman və hansı şərtlərlə sona çatacağını proqnozlaşdırmaq çətindir. Əgər İran müharibəni davam etdirmək qərarına gəlsə, münaqişə uzunmüddətli və tükəndirici xarakter ala bilər.

CNN-in İran rəsmilərinə istinadən yaydığı məlumata əsasən, Tehran hərbi əməliyyatların müvəqqəti dayandırılması çağırışlarını diqqətlə izləyir və bunu bir növ diversioner manevr kimi qiymətləndirir. İran hakimiyyəti müharibəni davam etdirməyə tam hazır olduğunu bəyan edib.

“Mənəvi əhval-ruhiyyə yüksəkdir və İran xalqının İsrailə qarşı cavab zərbələri endirmək tələb və əzmi misilsizdir”, – iranlı rəsmilər bildirirlər.

Bəzi ekspertlər hesab edirlər ki, əgər vəziyyət nəzarətdən çıxarsa, bu qarşıdurma illərlə davam edə bilər.

Seçilən
22
modern.az

1Mənbələr