AZ

Yaşıl dünya naminə həmrəylik

“COP29-a ev sahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək bizim üçün həqiqətən böyük şərəfdir. Biz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən yaşıl enerji sahəsindəki fəaliyyətimizə hörmətinin əlaməti hesab edirik.”

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Həqiqətən də 2024-cü ilin noyabrın 11-dən 24-ə qədər Bakıda keçirilmiş COP29 iqlimi sammiti həm Azərbaycan, həm də ümumilikdə dünya üçün uğurlu beynəlxalq tədbir kimi yaddaşlara həkk olunmuşdur. COP29-a ev sahibliyi etmək Azərbaycan xalqı və dövləti üçün böyük şərəf idi. Müddətin qısa olmasına baxmayaraq, Azərbaycan COP-un rahat və yüksək səviyyədə keçirilməsinə nail oldu, necə deyərlər, qonaqların qarşısına alnı açıq, üzüağ çıxdı.

Azərbaycan bir ildən az müddət əvvəl beynəlxalq ictimaiyyətin yekdil dəstəyi ilə COP29-a ev sahibliyi etməkdən şərəf duydu. Müddətin qısa olmasına baxmayaraq, Azərbaycan COP-un rahat və yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi hazırlıqları həyata keçirməyə nail oldu. Mübaliğəsiz deyə bilərik ki, Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək. Azərbaycan xalqı və dövləti 80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı COP29-un çox yaxşı təşkil olunması ilə bağlı bütün qonaqlardan yüksək qiymət almaqdan qürur duydu.

Azərbaycan, həmçinin karbon bazarına dair çoxdan gözlənilən 6-cı maddənin tam işlək vəziyyətə gətirilməsinə nail oldu. Ən əsası, Bakı COP 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 300 milyard ABŞ dolları təmin etmək üçün qarşıya yeni qlobal məqsəd qoyan Yeni Kollektiv Kəmiyyət Məqsədinin (NCQG) şahidi oldu.

Bakı Maliyyə Məqsədi əhəmiyyətli artım nümayiş etdirərək 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon ABŞ dolları həcmində iqlim maliyyəsinin təmin edilməsi üçün yeni qlobal hədəf qoyur. Buraya əvvəlki 100 milyard ABŞ dolları həcmində hədəfi üç dəfə üstələyən 300 milyard ABŞ dolları həcmində yeni əsas maliyyə hədəfi daxildir.

Bundan başqa, COP29 BMT çərçivəsində yüksək inteqrasiya edilmiş karbon bazarlarına dair 6-cı maddə üzrə danışıqların yekunlaşması üçün on il davam edən gözləntiyə son qoydu. Müvafiq karbon bazarlarından maliyyə axınları 2050-ci ilə qədər ildə 1 trilyon ABŞ dollarına çata bilər. Onlar, həmçinin milli iqlim planlarının həyata keçirilməsi xərclərini ildə 250 milyard ABŞ dolları həcmində azaltmaq potensialına malikdir.

COP29-un Sədrliyi maliyyə, investisiya və ticarətin iqlim gündəliyinin mərkəzində qalmasını təmin etmək üçün BMT qurumlarını, beynəlxalq təşkilatları, çoxtərəfli inkişaf banklarını, çoxtərəfli iqlim fondlarını, özəl sektoru, vətəndaş cəmiyyətini, əsas koalisiyaları və digər maraqlı tərəfləri bir araya gətirdi. Kiçik və orta sahibkarlığın yaşıl keçidi üzrə yeni Bakı İqlim Koalisiyasını elan etdi

COP29 Sədrliyi enerji saxlama, şəbəkələr, zonalar, dəhlizlər və hidrogen mövzularında öhdəliklər və bəyanatlar təqdim etdi, bunları 150 Tərəf təsdiq etdi;

BMT agentliyi, 3 çoxtərəfli inkişaf bankı və 3 iqlim fondu arasında birgə bəyanat qəbul edildi. Bu bəyanat çərçivəsində İqlim Davamlılığı üçün İnsan İnkişafı üzrə Bakı Rəhbər Prinsipləri qəbul edildi və Bakı COP Sədrliklərinin İqlim və Səhiyyə üzrə Davamlılıq Koalisiyası yaradıldı;

Azərbaycanın uğurlu moderatorluğu ilə 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə hər il 300 milyard ABŞ dolları məbləğində yardım göstərilməsi haqda yekun qərar qəbul olundu.

COP29-un uğurlarından söhbət açarkən bu mötəbər beynəlxalq tədbir çərçivəsində müxtəlif ölkələrin hüquq-mühafizə orqanlarının iştirakı ilə "İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının səfərbər olunması" adlı yüksəksəviyyəli sessiyanın əhəmiyyətini xüsusi vurğulamaq lazımdır.

Tədbirdə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev, COP29-un prezidenti Muxtar Babayev, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Baş nazirinin müavini, daxili işlər naziri Şeyx Saif bin Zayed əl-Nəhyan və digər rəsmilər iştirak etdilər.

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində Mavi Zonada keçirilən "İqlim dəyişikliyi ilə mübarizədə hüquq- mühafizə orqanlarının səfərbər olunması" adlı yüksək səviyyəli sessiyada prokurorluq binalarında karbon izlərini azaltmaq və ekoloji cəhətdən təmiz təşəbbüsləri təşviq etmək məqsədilə işlər görüldüyünü qeyd etdi. Baş prokuror Kamran Əliyev çıxışında bildirdi: “Prokurorluq Azərbaycanın ərazilərinin bərpasından sonra işğaldan azad edilən ərazilərdə 30 ilə yaxın işğal zamanı törədilmiş ekoloji cinayətləri istintaq edir. Ekoloji pozuntulara hüquqi qiymət verilməsi və meşəbərpa kampaniyalarının başlanması istiqamətində işlər davam etdirilir. İqlimlə bağlı fəaliyyətin inkişafı ilə bağlı Azərbaycan Prokurorluğunun öhdəliklərindən bəhs edən Kamran Əliyev bildirib ki: “Elektrikli avtomobil parkımızı 30-a qədər artıraraq, karbon izimizi əhəmiyyətli dərəcədə azaldırıq, bundan əlavə, inzibati binalarımızı enerji ilə təmin etmək üçün günəş və külək enerjisindən istifadə etməyə davam edəcəyik.”

Şübhəsiz ki, COP29-un ən böyük uğurlarından biri 2015-ci ildən bəri ilk dəfə olaraq “Paris sazişi”nin 6-cı maddəsi tam şəkildə işlək vəziyyətə gətirilməsi oldu. 6-cı maddə üzrə yekdilliklə qəbul edilən qərarlar ətraf mühitin bütövlüyünü, şəffaflığı və karbon bazarlarının möhkəmliyini təmin etməkdə mühüm rol oynayacaq. Azərbaycan diplomatiyası COP29-da dünya diplomatiya tarixinə öz adını yazdı. Ancaq buna nail olmaq dünyanın inkişaf etmiş ölkələrindən-ABŞ, Avropa ittifaqı,Çin kimi qlobal aktorların qərarlarından asılı idi. Burada Azərbaycanın üzərinə düşən missiya bu cür kəskin qlobal qütbləşməyə baxmayaraq, müzakirələrin axarını ortaq mövqeyə, məntiqi sonluğa yönləndirmək idi. Belə bir mürəkkəb maraqlar labirintinin Çindən ildə 300 milyard dollarlıq maliyyə qərarı ilə çıxmaq iqlim diplomatiyasının ən üstün səviyyəsi sayılmalıdır.

Bir sözlə, bütün dünya üçün böyük əhəmiyyət daşıyan bu sammit öz müsbət nəticələri ilə başa çatdı. Xoşbəxtlikdən ölkəmizin adına xələl gətirə biləcək hər hansı xoşagəlməz hadisə baş vermədi, tədbirqabağı aparılan qarayaxma kampaniyaları tamamilə iflasa uğradı.

Seymur Musayev,
Bərdə rayon prokurorunun köməkçisi,
I dərəcəli hüquqşünas

Seçilən
24
ikisahil.az

1Mənbələr