AZ

Türkiyədə narkotik satıcılarına qarşı əməliyyat keçirilib

BAKI,TurkicWorld

Türkiyənin 6 şəhərində narkotik və psixotrop maddələrin satışına qarşı aparılan genişmiqyaslı əməliyyatlar nəticəsində 548 kiloqram narkotik maddənin ələ keçirilib, 172 nəfər həbs olunub.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər naziri Ali Yerlikaya X sosial media hesabında paylaşım edib.

Nazir sosial media hesabında paylaşdığı məlumatda bildirib ki, narkotik satışı ilə məşğul olan “küçə satıcıları”na qarşı İstanbulun 24 ayrı rayonunda və eyni zamanda Kırklareli, Van, Hatay, Diyarbakır və Isparta vilayətlərində eyni vaxtda həyata keçirilən əməliyyatlarda ümumilikdə 185 şübhəli saxlanılıb.

Əməliyyat nəticəsində 325 kiloqram heroin, 172 kiloqram sintetik narkotik və 51 kiloqram sintetik psixotrop maddə ələ keçirilib. Saxlanılan şəxslərdən 172-si barəsində həbs-qətimkan tədbiri seçilib, 13 nəfər isə məhkəmənin qərarı ilə məhkəmə nəzarəti altında azad edilib.

“Gerçəkləşdirdiyimiz hər bir əməliyyat və ələ keçirdiyimiz hər bir maddə, gələcəyimizə sahib çıxma mübarizəsidir. Gənclərimizi narkotik bəlasından uzaq tutmaq bizim ortaq vəzifəmizdir. Bu vəzifəni birlik, həmrəylik və səfərbərlik ruhu ilə yerinə yetiririk”- deyə o bildirib.

Seçilən
21
turkic.world

1Mənbələr