Yaxın Şərqdə baş verən hadisələr fonunda dünya ictimaiyyəti tək bir suala fokuslanıb: İran 400 kiloqramlıq zənginləşdirilmiş uranı hara köçürdü?
Hurriyyet.az xəbər verir ki, Böyük Britaniyanın nüfuzlu “The Telegraph” qəzeti bu suala cavabın “Qazma Dağı” adlı gizli nüvə obyektində ola biləcəyini yazır.
Bu obyekt son günlərdə ABŞ-nin İsfahan, Natanz və Fordo kimi əsas nüvə obyektlərinə B-2 bombardmançıları ilə endirdiyi zərbələrdən sonra gündəmə gəlib.
ABŞ Prezidenti Donald Tramp hücumlardan sonra 14 tonluq GBU-57A/B MOP adlı sığınaq-deşici bombaların İranın nüvə imkanlarını “tamamilə sıradan çıxardığını” iddia etsə də, Pentaqonun sızan kşfiyyat hesabatı bu iddianı təkzib edir. Hesabatda hücumların nüvə fəaliyyətini cəmi bir neçə aylığına təxirə saldığı və əsas infrastrukturun salamat qaldığı vurğulanır.
Ən mühüm detal isə budur ki, ABŞ zərbələri ərəfəsində Fordo nüvə obyektində 16 yük maşınının hərəkəti müşahidə olunub. Bu da 400 kiloqramlıq zənginləşdirilmiş uranın başqa bir yerə daşındığı ehtimalını gücləndirib.
“The Telegraph” yazır ki, bu uran ehtiyatının yeni ünvanı İranın "nüvə qalası" adlandırılan Qazma Dağı ola bilər. Bu obyekt İsfahanın mərkəzində, Fordo-dan 145 km, Natanz-dan isə bir neçə dəqiqəlik məsafədə yerləşir.Bu obyektin son dörd ildə gizli şəkildə gücləndirildiyi və genişləndirildiyi qeyd olunur.
Beynəlxalq Atom Enerjisi Agentliyi (UAEA) rəhbəri Rafael Qrossi bu obyektlə bağlı İran rəsmilərinə "Qazma Dağının altında nə baş verir?" sualını verdiyini, lakin “Sizi maraqlandırmaz” cavabı aldığını bildirib. O, bu sahədə məlumat verilməmiş materialların saxlanmasının mümkünsüz olmadığını da etiraf edib.
Peyk görüntülərinə əsasən, Qazma Dağının dörd tünel girişi olduğu, yerin 100 metrdən çox dərinliyində yerləşdiyi ehtimal olunur. Mütəxəssislər buranın ABŞ-nin sığınacaq-deşici bombalarına belə davam gətirə biləcəyini bildirirlər. Qeyd edək ki, Fordo yerin 60-90 metr dərinliyindədir və Qazma Dağı onu xeyli geridə qoyur.
“The Telegraph” həmçinin bildirir ki, bu obyekt təkcə santrifüj istehsalı ilə məhdudlaşmır, burada zənginləşdirmə prosesi də aparılır.
UAEA-nın 17 may tarixli hesabatına görə, İranın əlində 60% səviyyəsində zənginləşdirilmiş 408,6 kiloqram uran var. Bu, fevraldakı göstəricidən üç dəfə çoxdur. Qeyd edək ki, nüvə silahı istehsalı üçün 90% zənginləşmə tələb olunur.
ABŞ-nin son zərbələrindən sonra bir çox analitiklər Qazma Dağını İranın “B planı” kimi qiymətləndirirlər. ABŞ-nin ən ağır bombalarına belə davam gətirə bilən bu obyektin komando hücumlarına qarşı da əlavə tədbirlərlə qorunduğu bildirilir.
Bəzi hesabatlarda İranın 6 minə yaxın santrifüjü ölkə daxilində müxtəlif obyektlərə yaydığı və onların bir qisminin UAEA müfəttişlərinə açıq olmadığı qeyd olunur.
Elmi və Beynəlxalq Təhlükəsizlik İnstitutu da İranın Qazma Dağındakı tünellərə gizli santrifüjlər yerləşdirmiş ola biləcəyini açıqlayıb.
AzPolitika.info