AZ

"Müharibə cinayətkarları mütləq məhkəmə qarşısına çıxarılacaq" - Zelenski

 
"Strasburqda tarixi imza - Putin üçün tribunalın təməli qoyulur..."
 
Ukrayna prezidenti Vladimir Zelenski ilk dəfə vəzifəyə başladığı gündən bu yana Strasburqa səfər edib. Səfərin səbəbi də rəmzi olib: iyunun 25-də  Ukrayna ilə Avropa Şurası arasında Rusiya Federasiyasının təcavüz cinayətinə dair xüsusi tribunalın yaradılması barədə razılaşma imzalanıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri yazıb.
 
Zelenski bu anı "ədalətə doğru ilk addım" kimi xarakterizə edib və bildirib: "Bütün rusiyalı hərbi cinayətkarlar, o cümlədən Putin mütləq məhkəmə qarşısına çıxarılmalıdır. Bunun üçün ciddi siyasi və hüquqi əməkdaşlıq tələb olunur".
 
Avropa daha güclüdür
 
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) iclasında çıxış edən Zelenski avropalı liderlərə çağırış edib: "Hər gün özünüzə xatırladın ki, birləşmiş Avropa Rusiyadan güclüdür". AŞPA deputatları onu ayaqüstə alqışlarla qarşılayıb. Assambleyanın rəhbəri Teodoros Rusopulos Zelenskini "evə xoş gəlmisiniz" sözləri ilə salamlayıb.
 
Prezident Avropa Şurasının Rusiya təcavüzünə ilk reaksiya verən və Moskvaya qarşı ciddi mövqe tutan beynəlxalq təşkilat olduğunu vurğulayıb. Onun sözlərinə görə, AŞPA  Ukraynanın müdafiəsi üçün 30-a yaxın qətnamə qəbul edib və Avropa Şurası Rusiyanı üzvlükdən çıxarmaqla prinsipial mövqe sərgiləyib.
 
"Haaqa ədaləti gözləyir"
 
Zelenski bəzi tənqidçilərə də münasibət bildirib: "Bəziləri düşünür ki, tribunal yaratmaq əvəzinə, silah, texnologiya və dronlara fokuslanmaq daha yaxşıdır. Amma ədalət də vacibdir - elə vacib ki, cinayətkarların gizlənəcək yeri qalmasın. Haaqa bu ədaləti gözləyir". Onun sözlərinə görə, tribunal yalnız rəmzi bir niyyət olmamalıdır. O, Avropa liderlərini konkret ittihamlar və hökm çıxarmağa yönəlmiş addımlar atmağa çağırıb.
 
"İnvestisiya indi daha vacibdir"
 
Çıxışdan sonra müxtəlif siyasi qrupların nümayəndələri Zelenskiyə suallar ünvanlayıb. Almaniyalı sosial-demokrat Frank Şvabe Ukraynanın bərpasını necə sürətləndirməyin yollarını soruşub. Zelenskinin cavabı aydın olub: "Avropa biznesi bu gün Ukraynaya sərmayə qoymalıdır. Müharibə zamanı sərmayə qoymaq bəlkə də müharibədən sonrakı dövrdən daha vacibdir. Bu, bizim qələbəmizə inamın göstəricisidir".
 
Sanksiyalarla Moskvanın "iştahı"nı kəsmək
 
Britaniyalı mühafizəkar Kristofer Çoupun sanksiyaların gələcəyi ilə bağlı sualına cavab olaraq, Zelenski bildirib: "Bəli, hərbi yardım bizə lazımdır. Amma Rusiyanın müharibə aparmaq imkanlarını sıfırlamaq üçün ən sərt sanksiyalar da vacibdir. Xüsusən bank sektoru və enerji sahəsi hədəf alınmalıdır".
 
"Müstəqilliyimizi satmırıq"
 
İspaniyalı solçu deputat Laura Kastelin "sülh razılaşması necə görünməlidir?" sualına isə Zelenski ehtiyatla cavab verib. O, bu barədə bəzi fikirlərin olduğunu, lakin "Rusiyada eşidilməsin deyə", onları açıqlamaq istəmədiyini bildirib. Amma bir mövqeyi qəti olub: "Ukrayna heç bir ultimatumla razılaşmayacaq. Çünki bizim üçün azadlığın qiyməti yoxdur. Biz müstəqilliyimizi satmırıq. Və bunu müharibənin ilk günündən nümayiş etdirmişik".
 
Strasburq səfərinin son akkordu
 
Zelenskinin Strasburqdakı marafonu gecəyarısı başa çatıb. AŞPA rəhbərinin təklif etdiyi qəhvədən nəzakətlə imtina edən prezident bir neçə selfi, bir neçə sıxışdan sonra Avropa Sarayını tərk edib. Arxasında isə - tribunaldan tutmuş sanksiyalara qədər – güclü siyasi ismarıclar buraxıb.
Seçilən
95
24
moderator.az

10Mənbələr