Son günlərdə bəzi media resurslarında Hacıqabul Quşçuluq Şirkətinin fəaliyyəti və məhsulları ilə bağlı qərəzli, təxribat xarakterli və həqiqətdən uzaq məlumatların yayıldığı müşahidə olunur. Bu cəhdlərin məqsədi açıq şəkildə şirkətimizin nüfuzuna zərbə vurmaq və cəmiyyətdə çaşqınlıq yaratmaqdır.
Bildiririk ki, yayılan məlumatların əsas mənbəyi Hacıqabul Quşçuluq Şirkətinin səhmdarlarının əmisi – 01.07.1957-ci il təvəllüdlü (68 yaşlı) Dilavər Babaşovdur. Hal-hazırda sözügedən şirkətə aidiyyəti olmayan məhkəmə mübahisəsi fonunda Dilavər Babaşov və onu istiqamətləndirən şəxslər tərəfindən ictimai rəyə təsir göstərmək məqsədilə yalan və təhrif olunmuş məlumatlar yayılır. Bu məlumatlar açıq şəkildə şirkətin nüfuzuna xələl gətirmək və hüquqi proseslərə təsir etmək niyyəti daşıyır.
Xüsusilə vurğulayırıq ki, Dilavər Babaşov heç zaman Hacıqabul Quşçuluq Şirkətində çalışmayıb, idarəetmədə iştirak etməyib və bu səbəbdən şirkətin fəaliyyəti ilə bağlı hər hansı açıqlama vermək səlahiyyətinə malik deyil. Onun irəli sürdüyü iddiaların heç biri hüquqi və faktiki əsaslara söykənmir.
Hacıqabul Quşçuluq Şirkəti 1976-cı ildən fəaliyyət göstərir. Şirkət 50 ilə yaxındır ki, həm daxili bazarın yumurta təminatının ödənilməsində və eyni zamanda müxtəlif istiqamətlərdə ixrac əməliyyatlarında aparıcı rola malikdir.
Cari ilin əvvəlində Qafqazın ən böyük yumurta istehsalçılarından olan Hacıqabul Quşçuluq Şirkəti Niderlandın aqrar sahə üzrə Beynəlxalq Akkreditasiya şirkəti olan “KİWA” tərəfindən beynəlxalq İSO 9001:2015 Keyfiyyəti İdarəetmə və İSO 22000:2018 (HACCP) Qida Təhlükəsizliyi İdarəetmə sertifikatlarına layiq görülüb. “KİWA” şirkəti beynəlxalq sertifikatlaşdırma, test və inspeksiya xidmətləri üzrə qlobal liderdir. Avropa, Asiya və Latın Amerikasında 150-dən çox ofisi olan şirkət dünyanın 30-dan çox ölkəsində fəaliyyət göstərir. “KİWA” şirkəti kənd təsərrüfatı, yem, qida, istehsal, emal sənayesi sektoru, biznesin inkişafı sahəsi, ictimai və özəl sektorda, dövlət və beynəlxalq qurumlara xidmət göstərir və öz geniş təcrübəsi ilə müştərilərə dəstək olur.
Qeyd etmək istərdik ki, bizim üçün əhalinin qida təhlükəsizliyinə verdiyimiz tövhə çox vacibdir və sağlamlığın əsasını təşkil edir. Şirkət hər zaman istehlakçıların mənafeyini düşünüb və “bençmarkinq” strateqiyasını hədəf götürmüşdür.
Azərbaycanda yumurta sahəsində ilk beynəlxalq sertifikat alan Hacıqabul Quşçuluq Şirkəti hazırda gündəlik 2.000 000 ədəd illik isə 720.000.000 ədəd yumurta istehsalı gücünə malikdir. Burada qurulan labratoriyada beynəlxalq standartlara uyğun analizlər həyata keçirilir. Yem məhsullarının təhlükəsizliyi parametrləri üzrə o cümlədən yumurta məhsullarının keyfiyyət və təhlükəsizlik göstəricilərinin təyini aparılır. Yemin analizi xüsusi şup cihazı ilə birbaşa standartlara uyğun götürülür və ABŞ istesalı olan NIR cihazında keyfiyyət göstəriciləri təyin edilirək və klassik metodlarla müqayisə edilir. Bundan başqa laboratoriyada gündəlik istehsal olunan yumurtaların mikrobioloji, toksikoloji, radioloji, fiziki-kimyəvi müayinələri peşəkar mütəxəssislər tərəfindən icra edilir. Quşun sağlamlığına ELİSA və PZR müayinələri ilə nəzarət olunur. Laboratoriya 7 ay hazırlıq müddəti ərzində AZAK tərəfindən akkreditasiya edilmişdir və ölkədə quşçuluq sənayesində İSO 17025:2020 sertifikatını alaraq ilkə imza atmışdır.
Demokrat.az