AZ

"İlham Əliyevin müstəqil xarici siyasətini Kreml heç cür həzm edə bilmir"

28 iyunda Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidmətinin (FSB)həyata keçirdiyi əməliyyat nəticəsində 5 azərbaycanlının öldürülməsi, bir neçəsinin də işgəncələrə məruz qalması, həbs olunması ölkə ictimaiyyətini ayağa qaldırıb. Hər kəs şimal qonşumuzun buna görə cavab verməsini tələb edir.

Bu hadisə ilə bağlı Musavat.-com-a açıqlama verən Milli Məclisin deputatı Günay Ağamalı bildirib ki, son dövrlər Rusiyada müşahidə olunan hadisələr bir xalqın, bir dinin, bir kimliyin təqibindən daha böyük və daha təhlükəli bir prosesin tərkib hissəsidir və açıq şəkildə planlaşdırılmış etnik, dini təmizləmə siyasətidir: "Bu gün soydaşlarımızın, eləcə də türkdilli və müsəlman xalqların Rusiya ərazisində sistemli şəkildə təhqirə, zorakılığa, diskriminasiyaya və rəsmi səviyyədə hüquq pozuntusuna məruz qalması artıq təsadüfi hal kimi qiymətləndirilə bilməz. Bu proseslərin arxasında imperiya ambisiyası və ona xidmət edən siyasi məqsəd, mərkəz dayanır. Həmin mərkəz kimi Kremlin məqsədi köhnə imperiya təfəkkürünün daha qəddar və maskasız təzahürüdür.

Əgər bu rejim, ortaq tarixə, dilə və dini kimliyə malik olan slavyan mənşəli Ukrayna xalqına qarşı total müharibə və məhv etmə siyasəti həyata keçirirsə, türk-müsəlman xalqlara qarşı olan münasibətin hansı səviyyəyə çata biləcəyini təxmin etmək çətin deyil. Ukrayna şəhərlərinin dağıdılması, günahsız insanların, uşaqların və qadınların qətli, eyni mərkəzdən idarə olunan faşist düşüncələrin mahiyyətini ortaya qoyur".

Deputatın sözlərinə görə, soydaşlarımıza qarşı Yekaterinburqda törədilən zorakılıq, hüquq-mühafizə adı altında fəaliyyət göstərən strukturların qəddarlığı, heç bir hüquqi əsas olmadan saxlanılmaları, döyülmələr, təhqirlər barbarlığın açıq göstəricisidir: "Dünənlərdə küçələrdə skinhedlərin vəhşiliklərini bu gün dövlət geyimində olanlar icra edir. Rusiyada rəsmi şəkildə “etnocinayətkarlıq” kimi terminlərin dövriyyəyə buraxılması, əslində, azərbaycanlıları və digər xalqları əvvəlcədən günahlandırmaq, cəmiyyətin gözündə damğalandırmaq və növbəti mərhələdə daha ağır repressiyalara zəmin yaratmaqdan başqa bir şey deyildir.

Təəssüf ki, bu mənzərəyə Rus Pravoslav Kilsəsi də biganə yanaşır və vəhşiliklərə bəraət qazandırır, zorakılığı “dini qoruma” pərdəsi altında əsaslandırmağa çalışır.
Bu günlərdə beynəlxalq hüququn, bəşəri dəyərlərin və insan haqlarının təməl prinsipləri Rusiya sərhədləri daxilində açıq şəkildə tapdalanır. Hətta sovet totalitarizmi dövründə belə, insanlara işgəncə üçün müəyyən “qayda”lar mövcud idi. İndi isə sözün həqiqi mənsında Rusiyada BEZPREDEL hökm sürür.

Azərbaycan xalqı bu vəhşiliyin gerçək üzünə yaxşı bələddir. 20 Yanvar faciəsində, Xocalı soyqırımında, torpaqlarımızın işğalında Kremlin barmağı açıq-aşkar ortada idi. O vaxtdan bu günə qədər Azərbaycanın müstəqil dövlətçiliyi, sabitliyi və suverenliyi daim Kremlin hədəfində olub. Təyyarəmizin vurulmasından başlamış, kiberhücumlara, təxribatçı media kampaniyalarına, hətta Azərbaycanlı deputatının Rusiya ərazisinə buraxılmamasına qədər.

Azərbaycan dövlət başçısı İlham Əliyevin ardıcıl, sistemli və qətiyyətli xarakter daşıyan müstəqil xarici siyasətini Kreml heç cürə həzm edə bilmir. Unutmayaq ki, belə bir müstəqil xəttin vacib elementlərindən biri bu ilin May ayında ölkə prezidentinin Moskvaya getməməsində özünü ifadə etdi. Eyni zamanda təyyarəmizin vurulması ilə bağlı ölkə başçısı İlham Əliyevin qətiyyətli və prinsipial, barışmaz mövqeyi də yaddan çıxarılmalı deyil. Əlbətdə, Rusiya sülhməramlı qüvvələrinin Qarabağdan çıxarılması da rus imperiyasının düşüncələri ilə bir araya sığmır. Bütün bunlar faşist mahiyyət daşıyan və bu siyasi xətti dövlət səviyyəsində həyata keçirən Kreml bundan sonra da ölkəmizə qarşı bu və ya buna bənzər təhdidlər edəcəkdir. Biz bunun fərqində olmalıyıq. Xalqımız hər zaman olduğu kimi, Azərbaycanın müstəqilliyi, dövlətçiliyi və onun qaranti kimi çıxış edən ölkə rəhbəri Cənab İlham Əliyevin ətrafında sıx birləşməlidir.

Azərbaycan dövləti və xalqı heç zaman zorakılıq və təzyiqlər qarşısında susmayacaqdır. Biz soydaşlarımızın harada yaşamalarından asılı olmayaraq, onları qorumaq, hüquqlarını müdafiə etmək gücündəyik və bu mübarizədə sona qədər qətiyyətliyik".

 

Cavanşir ABBASLI
Musavat.com

Seçilən
20
7
musavat.com

10Mənbələr