Zatulinə görə, Qarabağ ermənilərinin bölgədən çıxarılmasından sonra Bakı artıq Moskvanın mövqeyini ciddi qəbul etmir. O əlavə edib ki, iqtisadi əlaqələrin potensialı olsa da, Rusiya Azərbaycanla münasibətləri əvvəldən yanlış dəyərləndirib. Deputat həmçinin qeyd edib ki, "Şimal-Cənub" nəqliyyat dəhlizi hələ real nəticələr verməyib.
"Təbii ki, Azərbaycan Rusiyanın nə strateji müttəfiqidir, nə də strateji tərəfdaşı. Çünki Rusiya heç bir dövlətlə bu cür münasibətlər qurmaq iqtidarında deyil. İndiyə qədər Rusiya heç bir ölkə ilə real strateji əməkdaşlıq formalaşdıra bilməyib. Bunun əsas səbəbi Rusiyanın neoimperialist düşüncə tərzi və təzyiq-təhdid yönümlü xarici siyasətidir. Moskva qarşısındakı dövlətlərlə bərabərhüquqlu deyil, daim üstün və nəzarətçi mövqedən danışmağa vərdiş edib"
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. Siyasi şərhçi bildirib ki, Azərbaycan müstəqil siyasət yürüdür və Rusiyanın nə patronajını, nə də təzyiqlərini qəbul edən dövlət deyil:
"Azərbaycan belə dillə danışılacaq dövlətlər siyahısında yer almır. Rəsmi Bakı heç vaxt Rusiyanın patronajlığı altında olan qurumlara daxil olmayıb. Azərbaycan nə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT), nə də Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvüdür. Bu, ölkənin milli maraqlarına tam uyğun və prinsipial mövqeyidir. Azərbaycan heç zaman Kremlin diktəsi ilə işləyən, Rusiyanın maraqlarına xidmət edən təşkilatların tərkibində yer ala bilməzdi və almır. Bu baxımdan Rəsmi Bakı tamamilə düzgün mövqe tutur və Azərbaycanın strateji hədəflərinə uyğun şəkildə xarici siyasətini yürüdür. Bu siyasət illərdir ardıcıl şəkildə aparılır və bu gün onun nə qədər uzaqgörən olduğu bir daha təsdiqini tapır. Artıq Rusiya Azərbaycana qarşı ciddi təzyiq və ya təhdid mexanizmlərindən məhrumdur. Bu səbəbdən Kreml acizliyini Rusiyada yaşayan azərbaycanlılara qarşı zorakılıqla göstərməyə çalışır. Hələ də düşünürlər ki, belə davranışlarla Azərbaycanı müstəqil siyasət kursundan yayındırmaq mümkündür. Ancaq bu, əsassız və puç bir ümiddir".
Siyasi şərhçi qeyd edib ki, Azərbaycan artıq Rusiyanın təsir dairəsindən çıxmış, müstəqil siyasəti ilə bölgənin liderinə çevrilmiş əlçatmaz dövlətdir.
"Azərbaycan hökumətinin bu zorakılıqlara verdiyi sərt reaksiyalar göstərir ki, rəsmi Bakı öz prinsipial mövqeyindən geri çəkilməyəcək. Artıq Kreml anlamalıdır ki, Azərbaycan onun üçün əlçatmaz dövlətdir.
Rusiya Azərbaycana öz maraqlarını təzyiq və hədələrlə diktə edə bilməyəcək. Əgər Kreml iki ölkə arasında bərabərhüquqlu, qarşılıqlı faydalı və sağlam münasibətlər qurmaq istəyirsə, bu, həm Rusiya, həm də Azərbaycan üçün daha məqbul yol ola bilər.
Lakin təəssüf ki, Zatulin və onun kimilər - Kremlin təbliğat ruporları illərdir Azərbaycan-Rusiya münasibətlərinin pozulmasına xidmət ediblər. Bu gün də eyni mövqedən çıxış edirlər. Onların açıqlamalarında açıq-aşkar məyusluq hiss olunur. Çünki artıq Azərbaycan Rusiya üçün nə təzyiq, nə də təsir predmeti deyil. Bu vəziyyət həm Kreml elitasında, həm də Rusiya ictimai rəyində ciddi məyusluq doğurur. Ümumilikdə, Azərbaycan-Rusiya münasibətləri yeni bir mərhələyə qədəm qoyur. Bu mərhələdə Kreml Azərbaycanı keçmiş SSRİ-nin bir hissəsi, yaxud postsovet məkanının tərkib hissəsi kimi deyil, müstəqil, modern və regional güc sahibi olan dövlət kimi qəbul etməlidir. Əks halda bu iki dövlət arasında normal münasibətlərin qurulması mümkün olmayacaq. Kreml anlamalıdır ki, Azərbaycan bu gün Cənubi Qafqazın lideridir, bölgənin geosiyasi iradə sahibidir və artıq qlobal miqyasda da söz sahibi olan bir dövlətdir".
Elçin Xalidbəyli əlavə edib ki, Azərbaycan beynəlxalq siyasi proseslərə öz baxış bucağından təsir göstərməyi bacaran güc mərkəzlərindən birinə çevrilib. Bundan başqa, Azərbaycan NATO üzvü olan və regionun əsas gücü sayılan Türkiyə ilə strateji və hərbi müttəfiqlik münasibətləri qurub. Bu da yaxın gələcəkdə Cənubi Qafqazın taleyini müəyyən edə biləcək vacib bir amildir. Bu yeni reallıqda Rusiya da istəsə-istəməsə bu faktorları nəzərə almağa məcburdur. Çünki artıq aydındır: Azərbaycan Rusiya üçün əlçatmaz dövlətdir. Bundan sonra Kremlin Azərbaycana təzyiq göstərmək üçün nə siyasi, nə hərbi, nə də iqtisadi alətləri qalmayıb.
Səidə Ramazanova