AZ

TANAP ilə xarici bazarlara ixrac olunan qazın həcmi açıqlanıb » AzadMedia.az


Bu ilin iyunun 1-nə Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə ümumilikdə 79,92 milyard kubmetrə yaxın Azərbaycan qazı Türkiyəyə və Avropa bazarlarına daşınıb.

Bu barədə AzadMedia.az Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir.

Bildirilib ki, 2024-cü ildə bu boru kəməri ilə 17,35 milyard kubmetr təbii qaz nəql edilib. Bu da 2023-cü ilin göstəricisi ilə müqayisədə 1,4 % çoxdur.

Qeyd edək ki, 30 iyun 2018-ci il tarixində TANAP vasitəsilə kommersiya məqsədli təbii qazın nəqlinə start verilib.

Xatırladaq ki, 1 805 km uzunluğunda olan TANAP, "Şahdəniz-2" yatağından Azərbaycan qazının Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinə nəql edilməsi üçün nəzərdə tutulub. Hazırda qaz kəmərinin ötürmə qabiliyyəti 16,2 milyard kubmetrdir.

TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb. TANAP Türkiyə-Gürcüstan sərhədində Ərdəhan bölgəsindən başlayaraq, 20 şəhər, 69 rayon və 604 kənddən keçir, Türkiyənin Yunanıstan ilə sərhədində - Ədirnənin İpsala qəsəbəsində sona çatır. Bu nöqtədə Avropa ölkələrinə təbii qaz nəql edən Trans-Adriatik Qaz Boru Kəmərinə birləşir.

TANAP boru kəməri konsorsiumu səhmdarlarının payları aşağıdakı kimidir: SGC (51 %), BP (12 %) v "BOTAS" (30 %) və “SOCAR Turkey Enerji A.Ş.” (%7).
Seçilən
18
13
azadmedia.az

10Mənbələr