Bakıda sürücü qayda pozuntusu etmədiyi halda uzun illərdir cərimələnir. Bu barədə daimi oxucumuz Əkbər Yusufov redaksiyamızın qaynar xəttinə şikayət ünvanlayıb. Onun sözlərinə görə, 17 il əvvəl etibarnamə ilə satdığı, 10-XK-842 dövlət qeydiyyat nişanlı “VAZ-21011” markalı avtomobillə törədilən qayda pozuntularına görə cərimələr hələ də onun adına yazılır.
Əkbər Yusufov bildirir ki, etibarnamənin qüvvəsi uzun müddət əvvəl başa çatdığı halda, avtomobillə bağlı bütün qayda pozuntuları və inzibati qərarlar hələ də rəsmi mülkiyyətçi kimi onun üzərinə yönəldilir. O, bu məsələ ilə bağlı dəfələrlə Baş Dövlət Yol Polisi İdarəsinə, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə, Sabunçu və Xətai rayon Dövlət Yol Polisi Şöbələrinə rəsmi müraciətlər etsə də, problemi həll etmək mümkün olmayıb və nəqliyyat vasitəsini idarə edən şəxs hələ də tapılmayıb.
Hazırda həmin avtomobili idarə edən şəxsin nə etibarnaməsi var, nə də avtomobil üçün icbari sığorta və texniki baxışı var. Bu səbəbdən mütəmadi olaraq texniki baxışdan yayınma və sığortanın olmamasına görə yazılan elektron cərimələr Əkbər Yusufovun adına tərtib olunur.
O, artıq illərdir davam edən bu problemin kökündən həll edilməsi üçün Daxili İşlər Naziri cənab Vilayət Eyvazovdan köməklik göstərilməsini xahiş edir.
Fərid