AZ

Şahin Şiklinski Musavat.com-a danışdı: "İçəridə mənə..."

Diaspora rəhbəri Prezident İlham Əliyevə və İlham Rəhimova təşəkkür etdi

Musavat.com xəbər verir ki, Ural bölgəsində yaşayan Azərbaycan diasporasının rəhbəri Şahin Şiklinski azadlığa çıxdıqdan sonra Yeni Müsavat Media Qrupunun rəhbəri Rauf Arifoğluna telefonla eksklüziv açıqlama verib.

Şiklinski bildirib ki, o, həm Rusiya, həm də Azərbaycan arasında münasibətlərin dostluq və qardaşlıq çərçivəsində davam etməsini istəyənlərdən biridir və bu proses üçün çalışanlardandır. 

Saxlanılması ilə bağlı danışan diaspor rəhbəri deyib:

“İlkin mərhələdə məni saxlayanda kobud rəftar oldu. Bunu da hər kəs gördü. Amma sonrakı istintaq prosesində, idarədə heç bir kobudluqla rastlaşmadım, çox mədəni şəkildə davranıldı.”

Şahin Şiklinski onu da qeyd edib ki, ondan Yekaterinburqda baş verən hadisələrlə, Azərbaycan diasporunun ayrı-ayrı üzvləri ilə bağlı, həmçinin Səfərov qardaşlarının cənazələrinin Azərbaycana verilməsindəki iştirakı ilə bağlı suallar soruşulub. 

92c47954-af1c-4a5b-834a-78bb4d9638fd.jpg

Diaspor rəhbəri bütün bu suallara cavab verib və sonda xüsusi olaraq vurğulayıb:

“Mən azadlığımın qorunması üçün, eləcə də Rusiyada yaşayan Azərbaycan diasporasının təhlükəsizliyi və hüquqları naminə göstərdiyi xidmətlərə görə iş adamı, hüquqşünas professor İlham Rəhimova minnətdaram. Mənim fikrimcə, İlham müəllim bu işə qarışmasaydı, Azərbaycan diasporası bu proseslərdən daha ağır yara ala bilərdi və şəxsən mənim azadlığa çıxmağım da məhz onun müdaxiləsi ilə mümkün oldu.”

Şahin Şiklinski xüsusi olaraq Azərbaycan prezidentinə və dövlətinə minnətdarlıq edib.

“Arxamızda güclü dövlətimiz və rəhbərimiz var. Biz özümüzü kimsəsiz hesab etmirik. Əminəm ki, bu hallar və gərginlik də tezliklə aradan qalxacaq. Biz yenə əvvəlki kimi Rusiya-Azərbaycan dostluğunun şahidi olacağıq.” 

1751402341.photo_5413419352050497588_y.jpg

Bütün bu olanlardan, araya qan düşəndən sonra belə bir dostluğu necə mümkün görürsünüz, sualına isə Şiklinski nikbin cavab verib: “Bunlar da keçəcək. Rusiyada 2 milyondan çox azərbaycanlı yaşayır. Əminəm ki, hər şey yoluna girəcək.”

Xatırladaq ki, professor İlham Rəhimov Rauf Arifoğlu ilə danışarkən, Şahin Şiklinski məsələsinə şəxsən nəzarət etdiyini, bunun üçün Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinə birbaşa xahiş etdiyini bildirmişdi.

Şahin Şiklinski də müsahibəsində təsdiqləyib ki, məhz bu xahişdən sonra onun azadlığa buraxılması asanlaşıb. Hazırda onun üzərində heç bir nəzarət və təzyiq yoxdur. O, əlavə olaraq bildirib:

“Biz Azərbaycanla Rusiya arasındakı dostluğun, qardaşlığın əvvəlki mükəmməl vəziyyətinə qayıtması üçün əlimizdən gələni etməyə hazırıq.”

 

Musavat.com

Seçilən
51
50
musavat.com

10Mənbələr