AZ

Tehran siyasi məhbuslara təzyiqi artırır

Yazını böyüt
Yazını kiçilt

İsraillə 12 günlük müharibədən sonra İran ölkə daxilində təzyiqləri artırır.

Hafta.az-ın “The Guardian”a istinadən yazdığına görə, iyunun 13-də İsrailin hücumu ilə başlayan və İranın qisas almasından sonra iyunun 24-də ABŞ-ın vasitəçiliyi ilə əldə olunan atəşkəslə davam edən münaqişələr İranda "geniş miqyaslı daxili təzyiq dalğasına" səbəb olub.

İyunun 23-də İsrailin Evin həbsxanasına hücumu nəticəsində 71 nəfərin həyatını itirdiyi xatırladılır, sağ qalan bəzi məhbusların daha pis şəraitli həbsxanalara köçürüldüyü yazılır. Bildirilir ki, Mahsa Əmini etirazlarında iştirak etdiyi üçün həbs edilən fəal Rza Handan partlayışdan sonra vəziyyəti daha pis olan həbsxanaya göndərilib. 60 yaşlı fəalın qızı deyir: "Nə atamın, nə də digər məhbusların çarpayısı yoxdur, yerdə yatmalıdırlar. O, bir dəfə oyanıb, yorğanının içində 6-7 böcək tapıb”.

Qadın məhbusların da şəxsi əşyalarını belə özləri ilə aparmadan Qarçaq həbsxanasına göndərildiyi deyilir. Bildirilir ki, edama məhkum edilən kürd yardım işçisi Pakşan Əzizidən ən azı iki gündür heç bir xəbər alınmayıb. Amnesty İnternational təşkilatının məlumatına görə, Əzizi “dinc humanitar yardım və insan haqları fəaliyyətinə” görə cəzalandırılıb. Tehran administrasiyası isə onu “dövlətə qarşı silahlı üsyanda” ittiham edir.

Müharibədən sonra bütün İranda təhlükəsizlik təzyiqi dalğasının başladığı da bildirilir. Hüquq-mühafizə qüvvələrinin nəzarət-buraxılış məntəqələri qurduğu və çoxlu sayda insanın sosial şəbəkədəki paylaşımlarına görə həbs edildiyi deyilir.

Məlum olub ki, Mossad İsrail-İran münaqişələri zamanı Tehranda gizli PUA bazası yaradıb. Kəşfiyyat qurumunun komandolarının hücumdan aylar əvvəl paytaxta sızdığı və əməliyyat zamanı İranın hava hücumundan müdafiə sistemlərini məhv etdiyi də müəyyən olunub. Mossad-ın özü də hücumlarda casusların iştirak etdiyini təsdiqləyib.

İran dövlət mediasında keçən ay İsrail kəşfiyyatına işlədiyi iddia edilən 700 nəfərin ələ keçirildiyinə dair xəbərlər yayılmışdı. ABŞ-da yerləşən İranda İnsan Haqları Mərkəzinin (CHRI) məlumatına görə, 6 nəfər casusluq ittihamı ilə edam edilib. CHRI-dan Hadi Gayemi aşağıdakı iddiaları bölüşür: “İran hakimiyyəti insanları heç bir əsas olmadan və vəkilləri ilə görüşmək imkanı vermədən həbs edir, sonra isə xalqı qorxutmaq və nəzarəti bərpa etmək məqsədilə onları “milli təhlükəsizlik” ittihamı ilə edam edirlər.

“New York Times”ın təhlili də bizə xatırladır ki, Evin həbsxanası “insan hüquqlarının pozulması” ilə gündəmdədir. Xəbərdə yazır ki, Tehran administrasiyası 12 günlük münaqişədən sonra tarixi yol ayrıcındadır. Orada bildirilir ki, İran daxili təzyiqləri artırmaq və gələcəkdə ölkənin transformasiyasına yönəlmiş siyasətləri həyata keçirmək arasında tərəddüd edə bilər.

Seçilən
9
44
hafta.az

10Mənbələr