AZ

Azərbaycanlı turistlərin Malayziyaya cəlb edilməsi üçün proqram hazırlanır

Hazırda Malayziyaya turizm paketlərinin təşviqi məqsədilə Azərbaycan tur operatorlarının, aviaşirkətlərin və media nümayəndələrinin ölkəyə cəlb edilməsi üçün proqram hazırlanır.

"Report" xəbər verir ki, bunu Malayziyanın Azərbaycandakı səfiri Ahmad Kamrizamil Bin Mohd Rza Bakıda keçirilən "Malayziya və Azərbaycan arasında iqtisadi və turizm əməkdaşlığı vasitəsilə əlaqələrin gücləndirilməsi" mövzusunda ticarət, biznes və turizm seminarında bildirib.

Onun sözlərinə görə, bu layihə artıq hazırlıq mərhələsindədir və “Tourism Malaysia”nın İstanbul ofisinin dəstəyi ilə həyata keçiriləcək. "Proqram “Tourism Malaysia” ilə birgə xərclərin bölüşdürülməsi prinsipi (smart cost-sharing partnership) əsasında həyata keçiriləcək. Bu, turizm paketlərini həm rəqəmsal platformalar, həm də ənənəvi reklam kanalları vasitəsilə təşviq etməyə imkan verəcək. Bu təşəbbüs çərçivəsində biz tanınmış Azərbaycan influenserlərini və kontent yaradıcılarını Malayziyaya dəvət etməyi planlaşdırırıq ki, onlar ölkənin turizm potensialı ilə şəxsən tanış olsunlar və bu barədə öz auditoriyalarına bəhs etsinlər. Bizim məqsədimiz Azərbaycandan daha çox turist cəlb etməkdir", - səfir vurğulayıb.

O qeyd edib ki, Malayziya azərbaycanlıların ölkəyə marağının artmasını qürurla müşahidə edir: "2024-cü ildə Malayziyanı Azərbaycandan 2 382 turist ziyarət edib. Bu göstərici 2019-cu illə müqayisədə 80 % və 2023-cü illə müqayisədə 61,5 % çoxdur".

A.Kamrizamilin sözlərinə görə, bu gün Bakıda "Visit Malaysia Year 2026" kampaniyasının ilk rəsmi təqdimatı keçiriləcək.

"Hökumətimiz 2026-cı ili rəsmi olaraq Malayziyanı Ziyarət İli elan edib. Biz "Visit Malaysia Year 2026" kampaniyası çərçivəsində geniş reklam aksiyaları, ixtisaslaşmış turizm seminarları və şirkətlər arasında birbaşa B2B sessiyaları vasitəsilə Malayziyanı Azərbaycanda təşviq edəcəyik", - səfir əlavə edib.

Seçilən
13
report.az

1Mənbələr