AZ

Bakıda dəniz nəqliyyatı qurulsa, tıxac bitəcək? – Ekspert İZAH EDİR

Son illərdə Bakıda avtomobillərin sayında artım müşahidə edilir. Bu da xüsusilə pik saatlarda ciddi tıxacların yaranmasına səbəb olur. Maraqlıdır, İstanbul nümunəsində olduğu kimi, Bakıda da dəniz nəqliyyatı sistemi qurula bilərmi? Əgər belə bir sistem yaradılarsa, bu, şəhərdəki nəqliyyat yükünü azaldarmı?

Mövzu ilə bağlı nəqliyyat eksperti Rauf Ağamirzəyev KONKRET.az-a açıqlamasında bildirib ki, dəniz nəqliyyatı hava şəraitindən asılı olduğuna görə dayanıqlı həll sayılmır.

İctimai

“Bakı şəhəri küləkli günlərin sayına görə regionda ön sıralarda yer alır. Bu da dəniz nəqliyyatı reyslərinin tez-tez təxirə düşməsi və ya ləğv olunması riskini artırır. Belə şəraitdə bu nəqliyyat növünün həm iqtisadi səmərəliliyi, həm də etibarlılığı sual altına düşür”.

Eyni zamanda, mütəxəssis su nəqliyyatının marşrut baxımından da geniş istifadə üçün əlverişli olmadığını vurğulayır.

“Bayıl-Zığ xətti üzrə nəqliyyat axını yüksək deyil. Yəni, bu istiqamət üzrə kütləvi sərnişin daşımaları üçün tələbat aşağıdır.

Bunun əvəzinə, dövlət artıq daha dayanıqlı və geniş kütlə üçün əlçatan alternativlər üzərində işləyir. Ötən ildən etibarən Bakıda mobilliyin transformasiyası proqramı çərçivəsində ayrılmış avtobus zolaqları və mikromobillik yolları çəkilir. Bu şəbəkənin genişləndirilməsi nəzərdə tutulur.

2025-ci ildən etibarən isə daha ciddi islahatlara start verilib. Relsli nəqliyyat – yəni metro, şəhər ətrafı elektrik qatarları və tramvayların inkişafı gündəmdədir. Artıq Asiya İnkişaf Bankı Bakı metrosunun genişləndirilməsi üçün 1 milyard dollarlıq kredit ayırmağa hazır olduğunu bəyan edib. Bununla yanaşı, şəhər ətrafı qatarların daşıma qabiliyyətinin 4-5 dəfə artırılması hədəflənir.

Həmçinin, yüngül relsli dəmir yolu sistemləri, xüsusilə də tramvayların bərpası da planlaşdırılır. Piyada infrastrukturunun yenilənməsi də beşillik inkişaf planının əsas istiqamətlərindəndir”.

Ekspertlər qeyd edir ki, şəhərdə qısa məsafələrə hərəkət edən insanlar üçün rahat və təhlükəsiz piyada yollarının olması, fərdi avtomobilə ehtiyacı azaldır.

“Bakının baş planında nəzərdə tutulan “15 dəqiqəlik şəhər” modeli önə çəkilir. Bu modelə əsasən, sakinlər yaşadıqları rayonda işləmək, istirahət etmək və gündəlik ehtiyaclarını qarşılamaq imkanı qazanmalıdır. Bu da nəqliyyat yükünü əhəmiyyətli dərəcədə azalda bilər.

Beləliklə, Bakı üçün əsas prioritet fərdi nəqliyyatdan kollektiv və alternativ nəqliyyat növlərinə keçid, eyni zamanda şəhərin daha funksional şəkildə zonalara bölünərək inkişaf etdirilməsidir. Su nəqliyyatı isə bu mənzərədə əsas həll yolu kimi görünmür”.

Aynurə İsmayıl

KONKRET.az

Seçilən
14
1
konkret.az

2Mənbələr