AZ

Laçında İqtisadi Əməkdaşlıq Təşkilatının Qadınlar Forumu çərçivəsində panel sessiyalar keçirilib

Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova aqrar sahədə innovasiyaların tətbiqi və qadınların rolunun artırılması mövzusunda çıxış edib 

İyulun 2-də Laçın şəhərində “İƏT Həftəsi” çərçivəsində İqtisadi Əməkdaşlıq Təşkilatının Qadınlar Forumu çərçivəsində “İqlimə Dayanıqlılıq üçün İnsan İnkişafında Qadınların Rolu”, “Şəhərsalmanın İnkişafında Qadınların Rolu” və “Dayanıqlı inkişafda qadınların rolu” mövzularında panel sessiyalar keçirilib. 

“Dayanıqlı inkişafda qadınların rolu” mövzusuna həsr edilmiş panel sessiyada çıxış edən kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova rəqəmsal və süni zəka texnologiyaların kənd təsərrüfatında tətbiqi, kənd təsərrüfatı sektorunda innovativ proseslərin inkişafı, dayanıqlı təchizat zəncirinin formalaşdırılması, eləcə də bu sahələrdə qadınların rolunun artırılması ilə bağlı fikirlərini bölüşüb. 

İlhamə Qədimova bildirib ki, Azərbaycanda dayanıqlı kənd təsərrüfatına keçid prosesinin asanlaşdırılması üçün hərtərəfli dövlət proqramları və maliyyə dəstəyi alətləri tətbiq edilir. Ölkəmizdə aqrar sahənin inkişafı ilə bağlı icra edilən tədbirlərin tərkib hissəsi kimi gənc və qadınların potensial imkanlarının düzgün qiymətləndirilməsi, onların məşğulluq səviyyəsinin artırılması, innovativ layihələrdə iştirakının stimullaşdırılmasının aqrar siyasətin əsas hədəflərindən olduğu vurğulanıb. 

Aqrar sahənin transformasiyasında Azərbaycanın kənd təsərrüfatı üçün milli rəqəmsal infrastrukturu olan Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) mühüm rol oynadığını deyən nazir müavini bu sistemi kənd təsərrüfatı məlumatlarının yaradılması, toplanması, emalı və axtarışını tam avtomatlaşdıran, resurslardan optimal istifadəni, aqrar xidmətlərinin tam rəqəmsallaşdırılmasını təmin edən və sektorun bütün səviyyələrində real vaxt rejimində analitik, monitorinq və sübuta əsaslanan qərarların qəbulunu dəstəkləyən vahid elektron platforma adlandırıb. İlhamə Qədimova qeyd edib ki, hazırda EKTİS-də qeydiyyatdan keçən 700.000-dən çox fermerin 26%-dən çoxunu qadınlar təşkil edir. Nazir müavini süni intellektin tətbiqi yolu ilə EKTİS-in təkmişlləşdiriləcəyini, tətbiq edilən yeniliklərin qadınlara və gənclərə real vaxt rejimində daha ağıllı, sürətli və  düzgün qərarlar qəbul etməyə imkan verəcəyini diqqətə çatdırıb: “Azərbaycan artıq sadəcə ənənəvi kənd təsərrüfatı məhsulları istehsal edən ölkə olmaqla kifayətlənmir, aqrar innovasiyaların hazırlanması və təqdimatı sahəsində fəal şəkildə irəliləyir. EKTİS və EKTİS 2.0 platformaları bu dəyişikliyin real nümunələridir. Süni zəka və peyk texnologiyalarına əsaslanan bu sistemlər fermer qadınların və gənclərin daha ağıllı, çevik və davamlı qərarlar qəbul etməsinə şərait yaradır”.

Forumda gender bərabərliyi sahəsində mövcud vəziyyət, qadın sahibkarlığının inkişafı, regional gender göstəricilərinin inkişaf etdirilməsi, qadınların ekoloji fəaliyyətinin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq qiymətləndirilməsi mexanizminin, eləcə də yaşıl iqtisadiyyatın təşviqi, iqlim dəyişikliyi ilə mübarizə, ekoloji təhsil və yenilikçi "yaşıl" texnologiyalar sahəsində ixtisaslaşması ilə bağlı fikirlərini bölüşüblər. 

Panel müzakirələrdən sonra iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Seçilən
22
50
xalqqazeti.az

10Mənbələr