Son dövrlər Azərbaycanda rus bölmələrinin birdən-birə bağlanmasının həm pedaqoji heyət, həm də şagirdlər üçün çətinliklər yaradacağı istisna deyil. Dövlət bu həssas məsələni nəzərə alaraq, prosesi mərhələli şəkildə həll etməyə çalışır. Eyni zamanda cəmiyyətdə rus bölmələrinə marağın azalması və Azərbaycan dilində təhsilə üstünlüyün artması müşahidə olunur.
Mövzu ilə bağlı AzNews.az-a fikirlərini bölüşən Milli Məclisin Elm və Təhsil Komitəsinin deputatı Elçin Mirzəbəyli bildirib ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra milli-mənəvi dəyərlərin qorunması, dövlət dilinin mövqeyinin gücləndirilməsi və milli kimlik şüurunun formalaşdırılması dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib.
Deputat qeyd edib ki, Konstitusiyanın 21-ci maddəsinə əsasən, ölkənin yeganə dövlət dili Azərbaycan dilidir və bütün rəsmi fəaliyyət bu dildə həyata keçirilməlidir. Lakin illər ərzində rus bölmələrinin də dövlət büdcəsi hesabına fəaliyyət göstərməsi təcrübəsi qorunub. Buna baxmayaraq, hazırda rus bölmələrinə maraq azalır və Azərbaycan dilində təhsilə üstünlük artır.
“Bu proses həm mövcud reallıqlarla, həm də qlobal tendensiyalarla üst-üstə düşür – milli identikliyin möhkəmlənməsi və müstəqil təhsil siyasətinin güclənməsi ilə. Mən hesab edirəm ki, dövlət büdcəsi hesabına maliyyələşən məktəblərdə təhsil yalnız dövlət dilində aparılmalıdır. Digər dillərdə təhsil isə daha çox özəl məktəblərdə və ya fakültativ formada təşkil oluna bilər”, – deputat əlavə edib.
E.Mirzəbəyli hazırkı qanunvericilikdə təhsilin yalnız Azərbaycan dilində aparılması ilə bağlı məcburi norma olmadığını və beynəlxalq öhdəliklərin valideynlərə seçim azadlığı verdiyini də vurğulayıb. Lakin vətəndaşların bu məsələdə təəssübkeşlik göstərməsinin vacibliyini bildirib:
“Bəzən insanlar sosial şəbəkələrdə rus bölmələrinin əleyhinə çıxış edir, amma övladlarını həmin məktəblərə yazdırmaq üçün xüsusi səylər göstərirlər. Bu, müəyyən qədər ictimai riyakarlıqdır. Əgər valideynlər uşaqlarını rus bölmələrinə göndərməsələr, məsələ təbii şəkildə həll olunacaq”.
Deputat əlavə edib ki, artıq rus bölmələrində müəllim çatışmazlığı ciddi problemə çevrilib və bir çox fənlər üzrə rus dilində dərs deyəcək mütəxəssis tapılmır. Eyni zamanda, Azərbaycan dilində keyfiyyətli təhsil verən müəllimlərin sayı artmaqdadır. Onun fikrincə, bu proses tələsmədən, hüquqi, pedaqoji və sosial prinsiplərə əsaslanaraq, ictimaiyyətin əməli dəstəyi və iştirakı ilə mərhələli şəkildə həyata keçirilməlidir.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az