AZ

Qasırğaya düşmüş gəmidə kapitanlıq davası aparmağın nə mənası var?!

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

"The New York Times" qəzeti (ABŞ) iyulun 2-də "Rusiya ilə Azərbaycan arasında münasibətlərdə artan gərginlik Rusiyanın təsirinin itirilməsi təhdidi yaradır" başlıqlı məqalə dərc edib.

Məqalə Yekaterinburqda Rusiya və Azərbaycan vətəndaşı olan etnik Azərbaycanlılara qarşı baş vermiş zorakılıqdan, iki nəfərin qətli və xeyli adamın yaralanması və həbs olunması, bunun Bakı-Moskva xəttində gərginliyə səbəb olmasından bəhs edir.

Müəllif - Ukrayna əsilli Amerikalı jurnalist İvan Neçepurenko baş verənləri şərh edərkən bildirir ki, bu gərginliyin artması Rusiyanın bölgədə təsirinin itirilməsi, Türkiyənin rolunun yüksəlməsi ehtimalı yaradır.

Müəllif Azərbaycanla Rusiya arasında diplomatik demarşlara da diqqət çəkir və sair.

Bura qədər hər şey adi qaydada gedir. Belə böyük həcmdə məqalənin içində Azərbaycanın və Rusiyanın rəsmi və ekspert dairələrinin nümayəndələrinə, informasiya resurslarına, o cümlədən APA agentliyinə istinad varsa, nədən məsələlərə Azərbaycan müxalifətinin də mövqeyi öyrənilməsin?! Bu baxımdan bir qəzetçi, publisist və siyasi təhlilçi kimi müəllifin, ümumiyyətlə, NYT redaksiyasının mövqeyini və üslubunu anlayıram. Qəzet bu məqsədlə Azərbaycanda kəskin antiRusiya mövqeyi ilə tanınan Əli Kərimliyə müraciət edib.

AXCP sədri Əli Kərimli uzun illərdir, Azərbaycan prezidentini, hakimiyyəti həm də buna görə sərt tənqid edirdi ki, rəsmi Bakı "Qərbdən uzaqlaşır", əksinə, Rusiya ilə çox yaxınlaşır. Prezident İlham Əliyevin tənqidçiləri, xüsusilə, sözügüdən siyasətçi hər zaman belə fikirlər irəli sürürdü ki, Azərbaycan az qala Rusiyanın direktivləri ilə hərəkət edir, Rusiyadan müstəqil siyasət yürütmür, hətta bu addımları ilə öz təbii müttəfiqi olan "Türkiyəni incik salır" və sair.

Ancaq reallıqlar, o cümlədən, son ayların, xüsusilə, son həftənin çox gərgin hadisələrindən sonra gerçəklər açılıb ortaya qoyuldu. Məlum oldu ki, Azərbaycanın apardığı müstəqil siyasət, ayrıca Türkiyə ilə, Mərkəzi Asiyanın türk dövlətləri ilə işbirliyinin daha da sıxlaşdırılması Moskvanı qıcıqlandırır. Rusiya hakimiyyəti gözləyirdi ki, Azərbaycan vasitəsilə Ermənistana təzyiq edəcək, orada hakimiyyətin dəyişdirilməsinə nail olaraq, öz adamlarını orada yenidən hakimiyyətə daşıyaraq, siyasi vəziyyəti öz xeyrinə çevirəcək və Cənubi Qafqazda varlığını qoruyub saxlayacaq. Eyni zamanda istəyirdi ki, Azərbaycan Rusiya-Ukrayna müharibəsində tərəf tutsun və Rusiyanın işğal etdiyi Ukrayna ərazilərini Rusiya ərazisi kimi tanısın. Bundan başqa Moskvanın gözləntisi vardı ki, Azərbaycan Türkiyə ilə strateji tərəfdaşlıqda, hərbi-siyasi münasibətlərdə, hərbi-texniki əməkdaşlıqda çox da dərinə və çox uzağa getməsin, Ankaradan məsafə saxlasın.

Ancaq Azərbaycan öz milli maraqlarına zidd olan bu istəkləri, tələbləri "eşitmədi"; öz müstəqil siyasi kursunu davam etdirdi.

Azərbaycanın sərnişin təyyarəsinin vurulması da, Rusiyada yaşayan Azərbaycanlılara qarşı törədilən dövlət terroru da məhz bu səbəblərdən qaynaqlanır. Rusiya Azərbaycanı öz vassalı kimi görmək istəyir, Azərbaycan isə yalnız bərabərhüquqlu münasibətlərin tərəfdarıdır. İki dövlət arasındakı gərginlik də buradan doğur.

Bütün bunları Azərbaycan hakimiyyəti kimi, müxalifət də yaxşı bilir. Ancaq NYT qəzetindəki məqalədə biz qəribə bir siyasi metamarfozun əlamətlərini görürük. Bu, məqalə müəllifinin Əli Kərimlidən gətirdiyi sitatda aydın hiss olunur. Həmin sitat belədir: "İlham Əliyev Azərbaycanda klassik avtoritar rejim yaradıb. Ölkənin həm iqtisadi, həm də siyasi həyatı üzərində monopoliya ona məxsusdur. O Azərbaycandakı mütləq hakimiyyətini hətta Putinlə də paylaşmaq istəmir."

Bu fikirdən belə çıxır ki, Azərbaycanı idarə edən siyasi qüvvə, birinci şəxs hakimiyyətini mütləq hansısa xarici ölkənin və ya ölkələrin rəhbərləri ilə bölüşməlidir. Belə başa düşək?!

Dərhal sual yaranır: görəsən, hazırkı müxalifət hakimiyyətə gələ bilsə, ertəsi gün onu kiminlə böləcək?! Kimə daha çox pay verəcək - Vaşinqtona, Brüsselə, Londona, yoxsa elə həmin bu Moskvaya?!

Uzun illər müxalifət, o cümlədən, Əli Kərimli Qarabağın işğaldan azad olunmamasına görə iqtidarı, özəlliklə də prezident İlham Əliyevi tənqid edib. Qərb siyasi dairələrinin təmsilçiləri və diplomatik korpusla intensiv təmasları olan şəxs kimi o və başqa müxalifət liderləri yaxşı bilirdilər ki, həmin xarici dövlətlər Azərbaycan prezidentinə nə təklif etmişdilər. Azərbaycan dövlətinin rəhbərinə təklif olunmuşdu ki, o, Qarabağın müstəqilliyini de-fakto tanısa, bir sözlə, işğal olunmuş ərazilərdən əl çəksə, əvəzində yüksək beynəlxalq təltiflərə layiq görüləcək, Avropa Şurasında, Avropa parlamentində yüksək tribunalardan çıxış imkanı əldə edəcək, onun hakimiyyətini demokratik sayacaqlar və sair və ilaxır.

Ancaq prezident İlham Əliyev bu təkifləri qəbul etmədi, ona görə aramsız və amansız təzyiqlərə məruz qalmaqdadır.

2020-ci ildə İlham Əliyev Ali Baş Komandan kimi döyüş əmri verdi, hərbi və siyasi yollarla işğal olunmuş əraziləri azad etdi. O zaman Əli Kərimli də bütün başqa siyasi partiya sədrləri kimi bu müharibədə Azərbaycan hakimiyyətinə siyasi dəstək bəyanatları vermişdilər. Bu, çox doğru bir davranış tərzi, müsbət addım idi. Eyni davranışı müxalifət, fikrimcə, indi də sərgiləməlidir. Çünki hazırda baş verənlər sıradan bir hadisə deyil. Bu, heç də deyildiyi kimi, İlham Əliyevin öz hakimiyyətini kiminləsə bölüşdürməməsinə görə deyil (ki, niyə də bölüşdürməlidir?!).

Bu, Rusiyanın Cənubi Qafqazdan, eləcə də, perspektivdə Mərkəzi Asiyadan sıxışdırılb çıxarılması prosesinə Moskvanın verdiyi qanlı refleksdir. Bu, nəhəng geopolitik savaşın verbal fazasıdır; amansız "əsəb müharibəsi"dir. Burada Azərbaycan hakimiyyətinin "Putinlə bölüşdürülməsi" söhbəti getmir, burada Azərbaycan dövləti və dövlətçiliyi hədəf alınıb. Hökumətlə dövlətin fərqini bilənlər yaxşı anlayır ki, Vladimir Putinin və onun rəhbərlik etdiyi rejimin "böyük rus şovinizmi" bütövlükdə Azərbaycanı və Azərbaycanın xalqını hədəfə götürüb. Hazırda Rusiya ölkə xaricində Ukrayna ilə, öz daxilində isə Azərbaycanlılarla (diaspor üzərindən Azərbaycanla) müharibə aparır. Belə anlarda daxili siyasi çəkişmələr qarşı tərəfin -Rusiyadakı irticacı qüvvələrin xeyrinə olar.

NYT kimi beynəlxalq tribunaya çıxış imkanı olan müxalifət lideri və ya təmsilçisi iki daşın arasında hakimiyyət davası döymək əvəzinə, öz ölkəsinin, öz dövlətinin və millətinin müdafiəsinə yönəlmiş fikirlər söyləməlidir. Əgər, doğrudan da, bəzi müxalifət təmsilçiləri Azərbaycanı Rusiyanın vassalına çevirmək istəyən Moskva ilə həmfikir deyillərsə, Rusiyanın bölgədəki hikkəli iddialarına səmimi olaraq, qarşı çıxırlarsa, onda müstəqil siyasi kurs aparan, Rusiyadan bərabərhüquqlu münasibətlər tələb edən, Azərbaycan xalqının təmsilçilərini - soydaşlarımızı Rusiyada dövlət terrorundan qorumağa çalışan ölkə prezidenti ilə həmrəy olsunlar. İndi İlham Əliyevdən Amerika qəzetinin oxucularına gileylənməyin nə vaxtıdır, nə yeri.

Son hadisələr Azərbaycan cəmiyyətini, bütün xalqı ölkə rəhbərinin ətrafında yenə birləşdirib. Prezident İlham Əiyevin bu hadisələrdəki davranışını xalq təqdir edir. Təkcə Azərbaycan xalqı yox, beynəlxalq ictimaiyyət də bu duruşa, Azərbaycan dövlətinin haqlı mövqeyinə dəstəyini ifadə edir.

Baxın, ölkəsi Rusiyanın təcavüzünə məruz qalmış, hər gün başına od yağdırılan Ukraynanın prezidenti dərhal İlham Əliyevə zəng edib, başsağlığı verir, mənəvi və siyasi dəstəyini ifadə edir, Azərbaycanın müxalif siyasi dairələri isə Azərbaycan prezidentini "hakimiyyəti Putinlə bölmək istəmir" deyə ironiya edir. Çox qəribə vəziyyətdir.

Mən də siyasi proseslərin içindən gəlmişəm; indi siyasətdə olmasam da, vətəndaş və siyasi təhlilçi kimi baş verənləri izləyirəm. Qəti əminəm ki, indiki məqamda - bu, həlledici anlarda hakimiyyət davası aparmağın, ifrat müxalifətçilik eləməyin yeri yoxdur. Bu dönəm dövlətin yanında olmaq dönəmidir. Hamımızın birgə olduğu gəmini aşırmaq istəyən qasırğanın içində, bu quduz dalğaların cəngində, belə dar macalda kapitanlıq davası aparmağın nə mənası var?!

Bahəddin Həzi, bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
50
bizimyol.info

10Mənbələr